Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4913/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair məhkəməyə müraciət edərək, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış xx.xx.2003-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlunun saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay 287 manat sabit pul məbləğinin və onun xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərcin Cavabdeh tutularaq İsmayılov Anar Azər oğlunun üzərində patron təyin olunmuş İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən Cavabdeh ilə faktiki nikahda olmuş, daha sonra ayrılmışdır. Həmin faktiki nikahdan xx.xx.2003-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlu və xx.xx.2005-ci il təvəllüdlü İsmayılova Fatimə Azər qızı adlı iki övladı var. Hər iki övladı anadangəlmə ömürlük əlildilər və əmək qabiliyyətləri yoxdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1150/2023 nömrəli Qətnaməsi ilə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış oğlu xx.xx.2003-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlunun saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. DSMF-nin Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 090882 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi İsmayılov Anar Azər oğlu 18 yaşadək əlilliyi müəyyən olunmuş xəstə uşaqdır. Sabunçu Rayon Məhkəməsinin Qətnaməsi ilə də bu faktlar təsdiq olunmuşdur. AR Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə iddiaçı İsmayılov Anar Azər oğlunun üzərində patron təyin edilmişdir. Həmin Sərəncamda da İsmayılov Anar Azər oğlunun sağlamlıq imkanlarının məhdud olması və kənar şəxsin köməyinə ehtiyacı olması bir daha təsdiq olunmuşdur. Özü də işsiz və əlildir. Şəkər, təyziq və ürək-damar xəstəlikləri var. Oğlunun artan tələbatlarını, həkim və müalicə xərclərini ödəməyə imkanı yoxdur. Uşaqların ağır xəstəlikləri ilə əlaqədar davamlı işə də düzələ bilmir. Məhkəmə tərəfindən təyin olunan aliment məbləği yaşayış minimumundan da azdır. Odur ki, uşaqlarını saxlamağa maddi gücü çatmır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İsmayılov Anar Azər oğlunun və İsmayılova Fatimə Azər qızının sağlamlıq imkanlarının məhdud olması, kənar şəxsin köməyinə ehtiyaclarının olması ilə əlaqədar, o cümlədən özünün də şəkər, asma, təzyiq xəstəliyi ilə əlaqədar məhkəmənin iclasında iştirakı mümkün deyil. Odur ki, məhkəmədən işə onun iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etmədiyini, iki azyaşlı uşağının olduğunu, 12 ildir şəkər xəstəsi olduğunu, sonuncu dəfə 15000 manat aliment borcu olduğu üçün həbs olunduğunu, qohum əqrəba borc alaraq ödədiklərini, oğlunun idmana getdiyini, qohumları iddiaçını ruhi əsəb dispanserinə saldıqlarını, həmin müddətdə uşaqlar onun himayəsində olmuş, uşaqlarına çox yaxşı baxdığını, uşaqları öz himayəsinə verilməsini və hazırda 50 manat alimenti güclə ödədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1150/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlunun saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 12 may 2022-ci il tarixli 136 nömrəli sərəncamından görünür ki, İddiaçı xx.xx.2003-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlunun üzərində patron təyin edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 2023-cü il tarixli 312 nömrəli sərəncamından görünür ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlü İsmayılova Fatimə Azər qızının üzərində patron təyin edilmişdir. İş materiallarına əlavə olunan 090882 nömrəli və 000901 nömrəli vəsiqələrin surətindən görünür ki, İsmayılova Fatimə Azər qızı və İsmayılov Anar Azər oğlu əlildilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissənə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarından qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin qərarda qeyd olunur ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda xx.xx.2003-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlu yetkinlik yaşına çatmışdır. İddiaçı tərəfindən Cavabdeh xəstə və əmək qabiliyyətinin məhdud olduğuna istinad edən sənədlərin əsilləri məhkəməyə təqdim olunmamış və onların doğruluğunun yoxlanması mümkün olmamışdır. Belə ki, iş üzrə cavabdeh qeyd olunanların əksini iddia etmiş və uşaqların hətta idmanla belə məşğul olduqlarını vurğulamışdır. Bundan başqa, qanunvericiliyin müddəalarından belə qənaətə gəlinir ki, yetkinlik yaşına çatan şəxslərə aliment təyin edilərkən valideynin maddi vəziyyəti də nəzərə alınmalı və onun aliment ödəmək iqtidarında olub olmaması araşdırılmalıdır. Hazırki halda isə iddiaçı cavabdehin daimi iş yerinin və gəlirinin olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, Cavabdeh hər ay 65 (altmış beş) manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərcləri cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1150/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2003-cü il təvəllüdlü İsmayılov Anar Azər oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 65 (altmış beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Məhkəmə xərci olaraq 30 manat dovlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4913/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4913/2024
30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver