Məhkəmə qərarları › İş №2(008)-4934/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4934/2023

18.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4934/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ramin Qədimov küçəsi 10 nömrəli evdən istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1984-cü ildən 2000-ci ilə kimi ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamışdır. 2000-ci ildə ailə həyatı qurduqdan sonra müxtəlif ünvanlarda kirayə yaşamış, nikahı pozulduqdan sonra ata yurdu olan ünvan 1 ünvanına qayıtdıqda cavabdehlər onu ağır sözlərlə təhqir edərək, heç bir formada orda yaşamasına imkan verməmişlər. Pozulmuş hüququnun bərpası üçün məcbur olub Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(008)-4885/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, o Bakı şəhəri, Sabunçu rayonu, Balaxasnı qəsəbəsi, Rahib Qədimov küçəsi 10 nömrəli evə köçürülmüşdür. Köçürüldükdən sonra cavabdehlərlə evi öz aralarında bölmək istədiyini dedirkdə onlar buna birmənalı etiraz etmişlər, daha dəqiq deyilsə aralarında hasar çəkilməsinə etirazlarını açıq formada bildirmişlər. Qeyd edir ki, həmin ünvana köçürülsə də, gündəlik olaraq şəxsiyyəti təhqir olunaraq, evdən çıxması tələb olunur. Hazırda məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 nömrəli evdən istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında izahat verən İddiaçı Mayıl qızı iddianı müdafiə etdiyini, həyətin özünə məxsus hissəsinə hasar çəkəcəyini, həmin ünvana məhkəmə qətnaməsi əsasında köçürüldüyünü dedi. Məhkəmə iclasında iştirak edən cavabdehlər izahatında iddiaçının həmin ünvana məhkəmə qətnaməsi icra olunaraq, fərdi yaşayış evinin 1 (bir) otağına köçürülmüşdür. Lakin həyətin iki hissəyə bölünərək hasar çəkilməsi mümkün deyil, həmin ünvanda bacısı Məlahətdən başqa böyük bacıları və qardaşının uşaqları qeydiyyatda olduğunu dedi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evin mülkiyyət hüququ barədə heç bir sənədi yoxdur. İddiaçı Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında qeyd olunan fərdi yaşayış evinə köçürülsə də, ora köçüb yaşamır, yerində baxış zamanı müəyyən olundu ki, İddiaçı Mayıl qızı həyətə mişar daşları yığdıraraq, həyəti iki hissəyə bölərək hasar çəkilməsini, həyətin giriş qapısının yerini dəyişdirmək istədiyi müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4885/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı Mayıl qızı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahim Qədimov küçəsində olan 10 nömrəli evə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evin mülkiyyət hüququ barədə sənəd yoxdur. İddiaçı Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında qeyd olunan fərdi yaşayış evinə köçürülsə də, o ora köçüb yaşamır, yerində baxış zamanı müəyyən olundu ki, İddiaçı Mayıl qızı həyətə mişar daşları yığdıraraq, həyəti iki hissəyə bölərək hasar çəkilməsini, həyətin giriş qapısının yerini dəyişdirmək istədiyi müəyyən olunmuşdur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı iş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məhkəmə qətnaməsi əsaında fərdi yaşayış evinə köçürülsə də, o həmin ünvana köçüb yaşamamış, onun evdən istifadəsinə hansı maneələrin edilməsini sübut edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evin mülkiyyət hüququ barədə sənəd yoxdur. İddiaçı özbaşına tikiliyə məhkəmə qətnaməsi əsasında köçürülməsi ona hüquq vermir ki, istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması barədə mülkiyyətçiyə məxsus hüquqlardan istifadə etməsi qanunvericiliyin tələblərnə əsasən yolverilməzdir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı belə bir iddia tələbi ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanından istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ünvan 2 ünvanından istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi, həmin qaydalara uyğun olaraq hasarın çəkilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar