Məhkəmə qərarları › İş №2(008)-4968/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4968/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4968/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 04.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3773,72 manat əsas borc, 1.08 manat faiz borcu, 2,87 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 426,20 manat əldən çıxmış fayda olmaqla, cəmi 4203,87 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncu bankdan illik 22 faiz dərəcəsi ilə 18 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit götürmüşdür. 04.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 04.11.2019-cu il tarixli kredit müaviləsinə əsasən kredit şərtləri dəyişdirilərək illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 3840,27 manat olmaqla kreditin müddəti 04.11.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 04.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2015-ci il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsinə əsasən, kreditor İddiaçı ASC borcalan Cavabdeh1 istehlak məqsədilə illik 22 faiz dərəcəsi ilə 18 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 11.02.2015-ci il tarixli, 4-M-1-0-109-15 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2015-ci il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq X1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 11.02.2015-ci il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 11.02.2015-ci il tarixdən 11.08.2016-cı il tarixədək, hər ay 421 ABŞ dolları olmaqla, banka cəmi 7567 ABŞ dolları məbləğində ödəniş etməlidir. İş materiallarında olan 11.02.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 6400 ABŞ dolları məbləğində nağd pul verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 22.04.2016-cı il tarixli əlavədən görünür ki, 11.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin müddəti 25 ay 29 gün, illik faiz dərəcəsi 21 faiz müəyyən edilmişdir. İş materiallarında olan 04.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 04.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit şərtləri dəyişdirilərək illik faiz dərəcəsi 1 faiz, müddəti 60 ay, məbləği 3840,27 manat, müddəti 04.11.2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 04.11.2019-cu il tarixli, 4-M-1-0-109-15 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019cu il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 04.11.2019-cu il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 01.12.2019-cu il tarixdən 04.11.2024-cü il tarixədək, hər ay 81,65 manat olmaqla, banka cəmi 3957,59 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan borcu 2966,72 manat əsas borc, 11,58 manat faiz borcu, 32,58 manat cərimə borcu olmaqla, cəmi 3010,88 manat təşkil edir. Banka sonuncu dəfə 06.08.2021-ci il tarixdə 60 manat ödəniş edilmişdir. İş materiallarında olan 16.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 və zamin Cavabdeh2 müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Beləliklə, məhkəmə sonuncu maliyyə arayışını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 04.11.2019-cu il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2966,72 manat əsas borc, 11,58 manat faiz borcu, 32,58 manat cərimə borcu olmaqla, cəmi 3010,88 manat borc tutulmalı, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehlərə aid edilərək, onlardan tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04.11.2019-cu il tarixli, 4-M-1-0-109-15 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 2966,72 manat əsas borc, 11,58 manat faiz borcu, 32,58 manat cərimə borcu olmaqla, cəmi 3010,88 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 25 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar