Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4999/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1538,36 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan keçmiş yoldaşı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı quraraq ünvan 1 ünvanında məskunlaşaraq yaşammışlar. Ailə həyatı qurduqları dövrdən etibarən aralarında tez-tez əsassız yerə münaqişələr yaranırdı və onlar mütəmadi olaraq mübahisələr edirdilər. xx.xx.2024-cü il tarixdə axşam saatlarında artıq Cavabdeh ilə birlikdə yaşamaq istəmədiyindən əşyalarını toplayıb ailəsinin yanına getmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı valideynləri ilə yaşadığı Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində olan zaman ona məxsus "Kapital Bank"a aid 5239 15** 7959 nömrəli kart hesabından 1538,36 ABŞ dollarının çəkilərək xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində naməlum kart hesabına köçürülməsini aşkar etdi. Bu zaman o, keçmiş yoldaşı olan cavabdehin kart hesabının şifrəsini bildiyindən köçürmənin onun tərəfindən edildiyindən şübhələnərək dərhal cavabdehlə əlaqə saxladı və nə səbəbə görə belə bir hərəkət edərək gizli şəkildə kart hesabından başqa kart hesabına pul köçürdüyünü və ona maddi ziyan vurduğunu soruşduqda cavabdeh pulu götürdüyünü etiraf etdi və rəsmi şəkildə boşanma qərarı verildikdən sonra pulu qaytaracağını bildirdi. xx.xx.2024-cü il tarixdə onlar məhkəmə qərarı əsasında boşanmış, lakin cavabdeh hələ də pulu geri verməmişdir. Baş vermiş hadisədən sonra o, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Sabunçu rayon Pİ-nin 15-ci PB-nin təhqiqatçısı polis leytenantı X2 bildirdi ki, səndən icazəsiz pulu köçürübsə cinayətdir və ondan pulu alıb qaytaracaqlar. lakin təhqiqatçı polis leytenantı X2 cavabdehi çağıraraq izahatını almış, cavabdeh də iddiaçının "Kapital Bank"a aid 5239 15** 7959 nömrəli kart hesabından 1538,36 ABŞ dollarını həqiqətən də xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində özünə məxsus "Kapital Bank"a aid 5239 15** 20** 1049 nömrəli kart hesabına köçürdüyü etiraf etmişdir. Lakin cavabdeh əsassız olaraq həmin pulun guya nikah dövründən əvvəl ona məxsus “VAZ 2105” markalı avtomobilin satışından əldə edilmiş pul olduğunu və iddiaçının kartına köçürüldüyünü bildirmişdir. Təbii ki, cavabdehin bildirdiyi məlumat tamamilə əsassızdır və yayınma xarakteri daşıyır. Cavabdeh artıq xeyli müddət keçməsinə baxmayaraq hələ də 1538,36 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasından qəsdən yayınır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı eyni zamanda qeyd etdi ki, o, ailənin gələcəyi üçün pul yığmaq məqsədilə öz adına ABŞ dolları hesabıyla kart açdırmış, cavabdehlə birgə nikahda olduqları dövrdə ikisi də əmək haqqının bir hissəsini həmin karta köçürtmüş, yığılmış 1538,36 ABŞ dolları onların ikisinin köçürtdüyü pul olmuşdur. Cavabdeh nikahdan əvvəl aldığı avtomobili 1100 manat müqabilində 2023-cü ilin dekabr ayında satmış, həmin puldan 300 ABŞ dollarını da onun həmin kartına köçürmüş, lakin həmin avtomobilə birgə nikah dövründən hər ikisi tərəfindən təmir üçün pul vəsaiti xərclənmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci tarixdə nikahlarını bağlamışdılar. Onların uşaqları olmamışdır. Tərəflərin münasibətləri 2024-cü ilin may ayında artıq pisləşmiş və onlra faktiki ayrılmışlar (işin mübahisəsiz halı). Tərəflərin razılığına əsasən aralırındakı nikah pozulmuşdur (AZ-İ seriyalı 492728 №-li nikahın pozulması haqqında şəhadətnamə). Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh işin halları ilə əlaqədar izah verərək qeyd etmişdir ki, iddiaçı ailənin gələcəyi üçün pul yığmaq məqsədilə öz adına ABŞ dolları hesabıyla kart açdırmış, iddiaçı ilə birgə nikahda olduqları dövrdə ikisi də əmək haqqının bir hissəsini həmin karta köçürtmüş, təqribi 1 il bundan qabaq nikah dövründən əvvəl aldığı “VAZ 2105” markalı avtomobili 1700 ABŞ dolları qarşılığında satmış və həmin kart hesabına köçürmüş, xx.xx.2024-cü il tarixdə artıq bir-biriləri ilə birlikdə yaşamaq istəmədiklərini anladıqdan aralarında mübahisə yaranmış və o, mübahisə vaxtı Xuramana avtomobilin pulunu öz hesab kartına köçürəcəyini bildirmişdir. Arvadı da bu sözü deməyinə baxmayaraq köçürəcəyinə inanmadığından “götür köçür” ifadəsini işlətmişdir. Bundan sonra o, da Xuraman yanında olmadığı zaman mobil telefonunun şifrəsini bildiyindən telefonu açıb “Birbank” mobil tətbiqi vasitəsi ilə 1538,36 ABŞ dollarını özünə məxsus olan kart hesabına köçürmüş, avtomobili nikah dövründən əvvəl aldığına görə Xuramana pul köçürməyəcəyini bildirmişdir. Hazırda 4-5 ay ərzində hissə-hissə 750 manat iddiaçıya qaytarmağa etiraz etmir. Cavabdeh əvvəl ona məxsus olmuş avtomobili birgə nikah dövründə satmışdır (işin mübahisəsiz halı), cavabdehin verdiyi izahata əsasən. Ailənin gələcəyi üçün pul yığmaq məqsədilə iddiaçı öz adına ABŞ dolları hesabıyla kart açdırmış, cavabdehlə birgə nikahda olduqları dövrdə ikisi də əmək haqqının bir hissəsini həmin karta köçürtmüşlər (işin mübahisəsiz halı). Cavabdehin veridiyi izahata əsasən 1700 ABŞ dolları müqabilində, iddiaçının verdiyi izahata əsasən 1100 manat müqabilində. Cavabdehin verdiyi izahata əsasə həmin 1700 ABŞ dollarını 2023-cü ilin dekabr ayında həmin karta köçürtmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş kart hesabı çıxarışından dekabr ayında həmin karta 300 ABŞ dolları məbləğində vəsaitin köçürüldüyü görünür. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus adıçəkilən kartdan 1538,36 ABŞ dollarının öz kart hesabına köçürürüldüyü işin mübahisəsiz halıdır. Hazırda iddiaçı 1538,36 ABŞ dollarının ona geri qaytarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanıni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər birgə nikah dövründə ailənin saxlanması üçün iddiaçının kartına pul köçürtmüş, xx.xx.2024-cü il tarixdə həmin məbləğ 1538,36 ABŞ dolları olmuş, həmin məbləğin 300 ABş dolları cavabdehin şəxsi vəsaiti olmuş, cavabdeh isə bütün 1538,36 ABŞ dollarını özünə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, 1238,36 ABŞ dollarının yarısı iddiaçıya, yarısı isə cavabdehə məxsusdur (1538,36 ABŞ dolları – 300 ABŞ dolları), yəni cavabdeh 619,18 ABŞ dolları məbləğində pulu kart hesabından öz hesabına köçürtməklə qanunsuzluğu yol verməmiş, lakin qalan 619,18 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının hesabına 619,18 ABŞ dolları məbləğində əsassız vaprlanmışdır. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 №-li Qərarında aşağıdakılar qeyd olunmuşdur. 3.3. …. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 6.11. Ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Birincisi, ümumi əmlaka daxil olan predmetlərin bəziləri ərarvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. 6.25. Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 619,18 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul alınıb iddiaçıya geri ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı eyni zamanda ödənilmiş 47 manat dövlət rüsumunun alınıb geri ödənilməsini istəyir. İddia 619,18 ABŞ dolları (1052 manat) hissəsində təmin edildiyindən 30,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 16,48 dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 619,18 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul alınıb İddiaçı geri ödənilsin. İddia qalan hissədə rədd edilsin. 30,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. 16,48 dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4999/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4999/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver