Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5049/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət yolu ilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cinayət yolu ilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cinayət yolu ilə ona vurmuş olduğu zərərdən ödənilməmiş 18000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, təxminən 2019-cu ilin əvvələrində Yasamal rayon ərazisində yerləşən təbii məhsullar satan “Oqansiya” şirkətinin icarəyə götürdüyü ofisində Cavabdeh ilə tanış olmuşdur. Növbəti dəfə “Oqansiya” şirkətin ofisinə məhsul almaq üçün gedən zaman Cavabdeh əlində toplu sənədlərlə bir neçə tanımadığı şəxslərlə bankdan yüksək məbləğlərdə kredit götürməkdən və Bakı şəhərində tikilən sosial evlərin alınmasından söhbət etdiyini görmüş, həmin vaxt onun da pula ehtiyacı olduğu üçün söhbət ona maraqlı gəlmiş və Cavabdeh yaxınlaşaraq ona və X1 adına ümumilikdə 150000 manat məbləğində bankdan kredit götürməyi üçün köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh də bunun qarşılığında ondan əlavə pul vəsaiti istəmiş, kreditin 7-8 ay ərzində götürə biləcəyini demişdir. Cavabdeh ona bankdan X1 adına kredit düzəldəcəyi adı ilə 10 oktyabr 2019-cu il tarixdə Neftçilər metrosunun yanında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda oğlunun adına 50.000 manat kredit düzəldəcəyi adı ilə 2000, 29 oktyabr 2019-cu il tarixdə Neftçilər metrosunun yanında Bakı şəhəri, Nizami rayonu, Qara qarayev pr-ti 54 ünvanında “Nirvana” adlı restoranda onun üçün isə bankdan 100.000 manatlıq kredit düzəldəcəyi adı ilə 3000 manat pul almışdır. Bundan başqa cavabdeh sosial evlərin alınmasına köməklik edə biləcəyini bildirmişdir. İddiaçı sosial evlərin hansı qaydada və kimlərə verilməsini soruşan zaman ona söyləmişdir ki, o, bildiyinə görə həmin sosial evlər şəhid ailələri üçün nəzərdə tutulub, cavabdeh də öz növbəsində onun bu fikrini təsdiqləyərək, artıq qalan boş mənzilləri ucuz qiymətə satıldığını bildirmişdir. Həmin evləri təşkil edə biləcəyini bildirmiş və evlərin ünvanı ilə maraqlandıqda Yasamal rayonunda yerləşən ASAN xidmətin arxasında olduğunu demişdir. Görüşlərindən birində İlhamə oğluna Yasamal rayonunda yerləşən sosial evlərdən mənzil aldığını bildirərək, ona da təklif etmişdir ki, oğlu üçün həmin evlərdən üç otaqlı mənzil alsın. Mənzilin qiymətini soruşduqda cavabdeh ona ilkin ödəniş olaraq 6000 manat, ev hazır olduqdan sonra isə on il müddətinə ayda 320 manat ödəməli olduğunu söyləmişdir. Oğlunun uzun müddətdir xaricdə yaşadığını və həmin mənzil hansı qaydada alacağını soruşduqda, bu işlərin onun əlində olduğunu söyləyərək sənədləşməsini özü edəcəyini bildirmiş və o da, cavabdehlə razılaşmışdır. Sosial evlərin alınması üçün iş yeri lazım olduğundan cavabdeh X1 guya Azərbaycan Respublikasında yaşadığını və Bakı şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birində işləməsi, aylıq əmək haqqının 700 manat təşkil etməsi barədə arayış düzəltməsini bildirmiş və telefon vasitəsi ilə həmin arayışın şəklini ona göndərmişdir. İddiaçı bu işdən ehtiyyat etdiyini söylədiyində, cavabdeh isə ona qeyd edilən arayışın tam qanuni olduğunu bildirmişdir. 05 fevral 2020-cu il tarixində cavabdeh Neftçilər metrosunun yanında Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr-ti 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda sosial evlərin düzəldilməsi adı ilə 2500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4250 manat pul almışdır. 10 fevral 2020-ci il tarixdə isə yenə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr-tində Neftçilər metrosunun yanında sosial evin düzəldilməsinə görə 1000 manat pul almışdır. Aldığı mənzilə baxması ilə bağlı hər dəfə bildirdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək yayındmışdır. Daha sonra isə, bir gün onlarda olarkən ərinin qohumunun inşaat materialları mağazası olduğunu, həmin biznesin genişləndirməsi üçün pul vəsaaitinə ehtiyacı olduğunu və onun biznesə pul yatıracağını təqdirdə gəlir əldə edəcəyini söyləmişdir. Cavabdeh özü də həmin biznesə pul vəsaiti qoyduğunu və gəlir əldə etdiyini demişdir. Bir müddət sonra ona ümumilikdə 12450 manat pul vermiş, o isə hər ay həmin pulun müqabilində ***-**** manat gəliri olacağını demişdir. İddiaçıya 3-5 ay ərzində cəmi 3000 manat pul vermiş, sonradan isə müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən imtina etmişdir. Ticarət sahəsinə yatırılması üçün ondan 01 fevral 2020-ci il tarixdə Neftçilər metrosunun yanında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda 2500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4250 manat, 08 fevral 2020-ci il tarixdə yenə həmin adresdə cavabdehə 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3400 manat pul almışdır. 10 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti yerləşən Neftçilər metrosunun yanında cavabdehə gəlir əldə etmək üçün qohumunun ticarətinə yatırmaq məqsədi ilə 4800 manat pul almışdır. Şikayəti ilə cavabdehin barəsində qaldırılmış cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin əvvələrində Yasamal rayonu ərazisində yerləşən təbii məhsullar satılan “Oqansiya” şirkətində onunla tanış olmuşdur. Həmin vaxtdan onunla rəfiqəlik etməyə başlamışlar. Söhbətlərinin birində o, cavabdehə 50000 manat pul lazım olduğunu və banklardan kredit götürmək istədiyini bildirmişdir. Cavabdehin də pula ehtiyacı olduğundan ona yalandan banklarda tanışı olduğunu bildirmiş və ona köməklik edəcəyini demişdir. Həmin görüşdən bir müddət sonra cavabdeh onunla “Oqansiya” şirkətinin Yasamaldakı ofisində görüşmüş, ona demişdir ki, qeyd edilən məbləği bankdan götürmək üçün 2000 manat əvvəlcədən pul vermək lazımdır, 100000 manat oğlunun adına pul götürmək üçün isə 3000 manat pul verilməlidir. O, cavadehə inanıb ilkin olaraq 05 oktyabr 2019-cu il tarixdə Neftçilər metrosunun yaxınlığında Bakı şəhəri, Nizami rayonu, Q.qarayev pr-ti 54 ünvanında yerləşən “Nirvana” restoranında 2000 manat, daha sonra isə 29 oktyabr 2019-cu il tarixdə yenə eyni yerdə 3000 manat pul vermişdir. Əslində isə, ona heç bir kredit düzəltməmiş, sadəcə olaraq pula ehtiyacı olduğundan bu əmələ yol vermişdir. Həmin pul vəsaitini cavabdeh heç kəsə verməyərək öz ehtiyacları üçün xərcləmişdir. Sonra onu aldatdığına görə, vaxt qazanmaq məqsədi ilə krediti 7-8 ay müddətinə bankdan çıxara biləcəyini demiş, o, da cavabdehlə razılaşmışdır. Bundan sonra o cavabdehə tanışları Xaliq, Abdulla və Rauf adlı şəxslərin də kredit götürmək istədiklərini bildirmiş, cavabdeh həmin şəxslərlə telefonda danışaraq razılaşmı Raufdan isə 3500 manat pul almışdır. Abdulla Abdullayev pulun 2500 manatını krediti aldıqdan sonra verəcəyini bildirmişdir. Xaliq, Abdulla və Rauf adlı şəxslərin hər birindən 3500 manat pul istəmiş, pulu aldıqdan sonra vaxt qazanmaq üçün həmin şəxslərə də kreditin 7-8 ay ərzində düzəldəcəyini bildirmişdir. Həmin pul vəsaitlərini də, heç kəsə verməyərək öz ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra kredit düzəltmədiyindən Xaliq, Abdulla və Rauf adlı şəxslər pullarını geri istəmişlər. Xaliq ona pulu 2019-cu ilin sonlarında adına bank vasitəsi ilə göndərmiş, sonradan Xaliqin pulunu hissə-hissə, yəni hər dəfə 1000 manat olmaqla ödəmiş, Xaliqə heç bir borcu qalmamışdır. Lakin Rauf və Abdullanı müəyyən müddət gözlətmişdir. Rauf və Abdullanın pulu Rauf Ağayevin adından onun adına bank vasitəsi ilə göndərilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti, 115/9 ünvanında yerləşən "xxxx" ASC-nin Q.Qarayev filialından götürmüşlər. O, həmin 4500 manat pulu vermiş, puldan əvvəlcə 2500 manatı qaytarmışdır. Sonradan cavabdehə yenə pul lazım oldğundan ona demişdir ki, sosial evlər var, əgər istəsə onun üçün həmin sosial evlərdən düzəldə bilər. X1 adına sosial ev almaq istədiyini bildirmiş, evlərin ilkin ödənişi üçün 6000 manat pul lazım olmasını, ev hazır olduqdan sonra isə ayda 320 manat pul ödəyəcəyini demişdir. Həmin sosial evlərin də düzəldilməsi üçün onunla razılaşmış və o, Bakı şəhəri, Nizami rayonu ərazisində Neftçilər Metrosunun yanında 2500 ABŞ dolları, yəni 4250 manat, təxminən 3-5 gün sonra yenə həmin yerdə 1000 manat pul vermişdir. Cavabdeh verdiyi vədin inandırıcı olması üçün onun X1 adına tanışı Elşən vasitəsi ilə yanacaq doldurma məntəqəsində işləməsi ilə bağlı saxta arayışı düzəltdirmiş və onun mobil telefonuna göndərmişdir. Həmin pul vəsaitini heç kəsə verməyərək öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa həmin ərəfələrdə o 4000 manat məbləğində pulu olduğunu və biznesə qoymaq istədiyini bildirmişdir. Cavabdehin onu yenə aldadaraq ərinin qohumunun kiçik bizneslə məşğul olduğunu söyləyərək biznesini artırmaq üçün pul axtardığını bildirmişdir. 4000 manat pul verməsi qarşılığında, hər ay həmin şəxsin ona ***-**** manat məbləğində pul verəcəyini bildirmiş, razılaşaraq bir müddət sonra Neftçilər metrosunun yanında görüşərək 2500 ABŞ dollar, yəni 4250 manat, daha sonra isə biznes fəaliyyəti üçün yenidən 2000 ABŞ dollar, yəni 3400 manat və 4800 manat pulu vermişdir. Zərərçəkmiş şəxslərin pullarını qaytara bilmədiyi üçün Cavabdeh şikayət etmişlər. Cavabdeh ifadəsində göstərmişdir ki, qızı onkoloji xəstədir, bununla əlaqədar pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxslərin pullarını aldadaraq ələ keçrimişdir. Hazırda aldığı həmin pulları tamamilə qaytarmış və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini, özünün qadın olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh dələduzluq etməsi faktını sübut olunsa da, məhkəmə gedişatı zamanı cavabdehin özünün və müdafiəçisinin ona etdikləri xahişlər- yalvarışlar edərək, guya onun vurduğu zərəri ödədiyi barədə sadə əlyazmada məhkəmənin adına ərizə verilməsinə nail oldular və ona görə də Cavabdeh barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının verilməsinə nail oldular. Məhkəmə gedişatı zamanı cavabdeh və onun müdafiəçisi onu qəti əmin etdilər ki, məhkəmə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini elan edən gündən qısa müddət ərzində ona vurduğu zərərdən qalmış olan 18000 manat ödəniləcəkdir. Sonradan bu vədinə əməl etmədiyindən tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına həmin hökmdən apelyasiya şikayəti verilmiş və Apelyasiya Məhkəməsində işə baxılma ərəfəsində yenə də cavabdeh və onun müdafiəçisi cavabdehin ona borclu qaldığı 18000 manat pulun qısa müddətdə veriləcəyinə söz vermişlər. İşə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmünü dəyişklik edilmədən saxlamışdır O, bundan sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək cavabdehin onu aldatmaqda davam etdiyini, etibarından sui-istifadə edərək onu aldadıb mənimsəmiş olduğu pul məbləğinin qalığı kimi 18000 manatı ona vermədiyini və bununla da dələduzluğunu davam etdirdiyini göstərmişdir. Cavabdeh isə məhkəmədə işə baxılan zaman onun birinci instansiya məhkəməsində sadə yazılı formada cavabdehin müdafiəçisinin diktəsi ilə yazmış olduğu guya barışıq ərizəsinə istinad edərək artıq ona borcu olmadığını bildirdi ki, bununla da bu iş üzrə Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Onun birinci məhkəmə ərəfəsində vermiş olduğu sadı yazılı formada ərizə heç bir orqan tərəfindən təsdiq edilməmiş və o, məhkəmədən dərhal sonra həmin ərizəni verməkdə peşman olduğunu bunu Bakı Apellyasiya Məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə buna əhəmiyyət verməmiş, yəni ərizənin aldadılma nəticəsində yazılmış ərizə olduğunu, onun heç bir hüquqi qüvvəsi olmadığını bildirmişdir. Beləliklə, cavabdeh onu aldadıb pulunu mənimsəməsindən sonra yenə də onu aldatma yolunu və üsulunu davam etdirərək ondan guya vurulmuş zərərin ödənilməsi barədə ərizə alandan sonra ona müxtəlif zənglər edərək, pul tələbi barədə şikayəti davam etdirsə, barəsində tədbirlər görəcəyi haqda zənglər edib ona hədə-qorxu gəlirlər. Düşünür ki, cavabdehin ona heç bir pul vəsaitini qaytarması barədə sübutu onun bu barədə yazdığı ərizədən başqa yoxdur, onun həmin ərizədən imtina etdiyi halda onu aldadaraq həmin ərizəni yazdırdığını əsas götürüb dələduzluq yolu ilə ona vurduğu zərərdən 18000 manatın tələb olunması mümkündür, yəni cavabdeh həmin hərəkəti ilə onun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 08 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında, iddiaçı Bakı Apelyasiya Məhkəməsində də borcu olmadığını etiraf etmiş, borcunun əvəzinə ona torpaq sahəsini verməyi təklif etmiş, 4000 manat məbləğində borcu məhkəmə ərəfəsində ödədiyini, 3400 manata qədəri də əvvəlcədən ödədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 31 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı ərizəsindən görünür ki, ona məxsus Abşeron rayonu, Türkan üzümçülük sovxozu ünvanında yerləşən, reyestr nömrəsi **********21 olan 0.04 ha torpaq sahəsinə Elektron baza məlumatlarnda mövcud olan koordinatlara əsasən çıxarış və plan-ölçü (texniki pasport) verilməsinə heç bir etirazım yoxdur. İş materiallarında olan qəbzdə qeyd olunur: “Türkan Üzümçülük sahəsində Şahid2 Ələskər oğlu ilə İddiaçı Səli qızı ilə 4 sot torpağa alqı-satqı müqaviləsi bağlanmışdır. Trpağın ümumi məbləği 12000 manat. Hasar isə 1000 manat. Həmin məbləğin 3000 manatı ödədim. Yerdə qalan 10000 manat 3 ay müddətinə ödəməyi mən Cavabdeh öz öhdəmə götürürəm. Şahid: X5”. İş materiallarından görünür ki, 01 aprel 2023-cü il tarixdə Şahid1 ilə İddiaçı arasında torpağın icarə hüquqlarının altı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Vəliyev X3 rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5.0 ha torpaq sahəsi üzrəində olan 17 oktyabr 2017-ci il ildən başlayaraq 99 il müddətinə olan icarə hüququnu İddiaçı satmışdır. İş materiallarından görünür ki, 31 iyul 2023-cü il tarixdə Şahid1 ilə İddiaçı arasında müqavilənin ləğvinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər Bakı şəhəri 31 saylı notariat ofisində 01 aprel 2023-cü il tarixdə 3M-192 reyestrlə təsdiq edilmiş Abşeron rayonu, Türkan üzümçülük socxozu ərazisində yerləşən 5.0 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsi üzərində olan 17 oktyabr 2007-ci ildən başlayaraq 99 il müddətinə olan icarə hüququn dair alqı-satqı müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etmişlər. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(007)- 10/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, dövlət ittihamçısı Cavabdeh qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(103)-1176/2023 nömrəli qərarından görünür ki, məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(007)- 10/2023 nömrəli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2023-cü il tarixli 1(102)-886/2024 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı Səli qızı və nümayəndəsi X4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 22 iyun 2023-cü il tarixli 1(103)-1176/2023 nömrəli qərarı zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 7(008)-772/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(007)-10/2023 nömrəli hökmünə əsasən ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, iddiaçının tələbi cavabdehin cinayət yolu ilə ona vurmuş olduğu zərərdən ödənilməmiş 18000 manatın alınaraq ona verilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki iddiaçı məhkəməyə 07 aprel 2023-cü il tarixdə ərizə təqdim edərək, cavabdehlə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, ondan heç bir şikayəti və tələbi olmadığını qeyd etmişdir. Zərərin cavabdeh tərəfindən ödənilməməsini israrla iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaç aldadılaraq ondan ərizə alınmasını desə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmündən şikayət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, «Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir». Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “cinayət yolu ilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cinayət yolu ilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5049/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5049/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver