Məhkəmə qərarları › İş №2(008)-5060/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5060/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5060/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılaraq, xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailimentın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2013-cü il tarixdə X3, xx.xx.2016-cı tarixdə X4. Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-174/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsilə təyin olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün alimentin məbləği 130 manat müəyyən edilmişdir. Həmin məbləğ uşaqların saxlanılması üçün çox aşağıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə teleqram ünvalayaraq uzaqda yaşadığını və maddi vəziyyətinin aşağı olduğu səbəbindən məhkəməyə gələ bilmədiyini bildirmiş, iki uşağının olduğunu nəzərə almağı xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda cavabdehin iki digər azyaşlı uşağının olduğunu təsdiqlədi və qeyd etdi ki, cavabdehin kifayət qədər gəliri var və o, dörd uşağı həmin gəlirlə təmin etmək imkanına malikdir, o, özü Bakı şəhərində kirayədə qalır, Şərurda yaşamaq istəmir, Bakıda yaşamaq istəyir, aldığı aliment onun uşaqlarını istədiyi kimi saxlamasına imkan vermir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı xx.xx.1986-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuşdur, həmin rayonda da qeydiyyatdadır. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqlraı var: xx.xx.2013-cü il tarixdə X3 , xx.xx.2016-cı tarixdə X4 (Naxçıvan MR Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 965575 və 965576 №-li doğum haqqında şəhadətnamələr). Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-174/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün alimentin məbləği 130 manat müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin məbləğinin hər uşaq üçün 130 manatdan 235 manata artırılmasını istəyir. Elektron məhkəmə sistemindən cavabdehin «Su Meliorasiya Xidməti» X6 nəzarətçi vəzifəsində işlədiyi və 600 manat məbləğində əmək haqqı aldığı görünür. İşin mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdehin digər nikahdan da iki uşağı var. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların hər ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. İddiaçı 2021-ci ildən sonra alimentin artırılması barədə iddia qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. Maddi vəziyyətinin aşağı olması cavabdehi övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Lakin, qeyd edildiyi kimi, cavabdehin başqa nikahdan da iki uşağı var və onun əmək haqqı 600 manatdır. İddiaçı cavabdehin maddi vəziyyətinin yüksək olduğunu bildirsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-174/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 193 manat aliment artırılaraq cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1710 manat təşkil edir (200 manat x 2 uşaq x 12 ay = 4830, 130 manat x 2 uşaq x 12 ay = 3120 manat, 4830 manat - 3120 manat = 1710 manat). Odur ki, məhkəmə hesab elir ki, 1710 manat iddiaya görə nəzərdə tutulmuş 37.1 manat iddiaçının ödədiyi 50 manat mediasiya xərcindən az olduğundan cavabdehdən dövlət nəfinə rüsum tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-174/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 130 manat aliment artırılaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində ailiment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Naxçıvan MR Şərur rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar