Məhkəmə qərarları › İş №2(008)-5063/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-5063/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5063/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun - İddiaçı xeyrinə 8335 manat əsas borcun, əldən çıxmış faydaya görə 5000 manat; cəmi 13335 (on üç min üç yüz otuz beş) manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı Talıbzadə Rəqsanə ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayon Maştağa qəsəbəsi, M.Əkbərov 48 ünvanda yaşayır. 2017-ci ilin iyul ayında anası qızının qonşusu olan Cavabdeh (tel: *** *** ** **) ilə tanış olmuşdur. Söhbət zamanı bildirmişdir ki, ehtiyacı olduğu üçün qızıl- zinət əşyalarını satmaq istəyir. Elnarə dedi ki, o bu məsələdə ona kömək edə bilər. Onun üçün bu məsələni həll etmək problem deyil. O ona inanmış, bundan sonra çəkisi 72,0 qr təşkil edən 583 əyarlı qızıl boyunbağını, çəkisi 8,5 qr təşkil edən 583 yarlı nişan üzüyünü, çəkisi 22 qram təşkil edən qızıl boyunbağını, çəkisi 12 qr təşkil edən 750 əyarlı komplekti (1 cür sırğa və 1 ədəd üzük) satmaq üçün ona vermişdir. Elnarə ona bildirdi ki, bir neçə gün sonra onun ona verdiyi qızıl-zinət əşyalarının pulunu ona nəğd olaraq ödəyəcək. Həmin qızıl əşyalarını o, Elnarəyə qızının yaşadığı Maştağa qəsəbəsindəki ünvanda vermişdir. Elnarənin dediyinə görə o, onun verdiyi həmin qızıl əşyalarından birini çəkisi 22 qr təşkil edən 585 əyarlı qızıl boyunbağını anası Gülnarəyə (*** *** ** **) verib. Digər qızıl-zinət əşyaları ilə əlaqədar o bildirir ki, 72 qram boyunbağını, 12 qr komplekti baldızı Səadətə (*** *** ** **) verib. O, verdiyi qızıl-zinət əşyalarının ya ona qaytarılmasını, ya da onların dəyərinin ona qaytarılmasını Elnarədən dəfələrlə xahiş etmişdir. Bu zaman o ona gah bildirir ki, pulunu ödəyəcək, əksər hallarda isə bildirir ki, nə anası, nə də baldızı ondan alıb onlara verdiyi qızıl-zinət əşyalarının pulunu və ya həmin əşyaları ona qaytarmırlar ki, o da onunla üzülüşsün. O qeyd etdiyi qızıl-zinət əşyalarını Elnarəyə satmaq üçün verərkən, ona dəfələrlə demişdir ki, “mən səni tanıyıram, pulumu səndən alacağam”. Cavabdeh isə ona narahat olmamasını, həmin mallar üçün cavabdeh olduğunu bildirmişdir. Ancaq qızıl ziynət əşyalarının ona verməsindən 5 il vaxt keçməsinə baxmayaraq o bugünə kimi iddiaçıya yalnız 300 manat qaytarmışdır. Hazırda 583 ayarlı qızılın qiyməti 70 manat, 750 əyarlı qızılın qiyməti isə 85 mantdır. O, Elnara satış məqsədi ilə 104.5 qram olan olan 583 əyarlı, 12 qram olan olan 750 əyarlı komlekt vermişdir. Eyni zamanda cavabdeh onun verdiyini malların pulunu uzun müddət ödəmədiyindən 8335 manat borcdan əlavə 5000 manat əldən çıxmış faydaya görə zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmədən qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna dair qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh əlyazmada Səadətin Sonaya 2500 boyunbağı pulu, 1600 mal pulu, özünün isə 7000 qədər borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[688] Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddia ərizəsində onun cavabdehə vermiş olduğu qızıl-ziynət əşyalarının dəyərinin 8635 manat olduğunu irəli sürərək, bunu təsdiq etmək üçün buna dair əlyazmanı məhkəməyə təqdim etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, əlyazmaya öz münasibətini bildirməmişdir. Eyni zamanda iddiaçı cavabdehin ona qaytarmalı olduğu puldan 300 manat hissənin qaytarılmış olduğunu bildirmişdir. Beləliklə, yuxarda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 8335 manat əsas borc pulunun, 5000 manat əldən çıxmış faydanın, cəmi 13335 manat pul məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı bir tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8335 (səkkiz min üç yüz otuz beş) manat əsas borcun, əldən çıxmış faydaya görə 5000 (beş min) manat, cəmi 13335 (on üç min üç yüz otuz beş) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar