Məhkəmə qərarları › İş №2(008)-507/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-507/2023

06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-507/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o Cavabdeh ilə 02 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 21 oktyabr 2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailənin dağılmasına səbəb olmuşdur. Cavabdeh həyat yoldaşı kimi ona hörmət etmir, aralarında tez-tez mübahisələr yaranır, bu da uşağın psixologiyasına təsir edir. Bu barədə cavabdehlə söhbət etsə də, nəticəsi olmamışdır. Cavabdeh ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Göstərilənlərə əsasən onunla Cavabdeh arasında 02 dekabr 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 21 oktyabr 2019-cu il təvəllüdlü X2 onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən verilmiş barışıq müddətində aralarında barışıq olmamışdır. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 094254 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 02 dekabr 2015-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2036 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. - AZ-İV seriyalı 363215 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 21 oktyabr 2019-cu ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 14 iyul 2022-ci il tarixli MŞB/6-4057 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - 15 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən həmin tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 02 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 21 oktyabr 2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və ümumi təsərrüfat aparmırlar, uşaq ananın yanındadır, barışıq üçün müddət verilsə də tərəflər barışmamışlar və iddiaçı nikahın pozulmasını təkidlə xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığın olmamasını nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərə barışıq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, lakin barışıq əldə olunmamış və məhkəmə baxışı iclasında iddiaçı nikahın pozulmasında israrlı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmədə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında təkidli olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 21 oktyabr 2019cu il təvəllüdlü X1 yanında qalması məsələsini həll edərkən, uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğunu nəzərə alaraq hesab edir ki, uşağın ananın yanında qalması məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 21 oktyabr 2019-cu il təvəllüdlü X3 ananın yanında qaldığı üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddia ərizəsindən görünür ki, İddiaçı 18 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən uşaq üçün yaşayış minimumuna uyğun olaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 18 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment 18 iyul 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı аrаsındа 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 02 dekabr 2015-ci il tarixdə bağlanmış və 2036 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, 21 oktyabr 2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalmalı, Cavabdeh 21 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyul 2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 02 dekabr 2015-ci il tarixdə bağlanmış və 2036 nömrə ilə qeyd edilmiş nikah pozulsun. 21 oktyabr 2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalsın. Cavabdeh 21 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyul 2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar