Məhkəmə qərarları › İş №2(015)-157/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-157/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-157/2023 01.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X2 və İddiaçıının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın himayəsində saxlanması, aliment ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın himayəsində saxlanması, aliment” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X6, xx.xx.2010-cu il tarixdə X5, və xx.xx.2016-cı il tarixdə X7 adlı evlatları dünyaya gəlmişdir. Hazırda həmin uşaqlar onun himayəsindədir. Cavabdehlə xasiyyətləriuyğun gəlmədiyindən və zərərli vərdişlərinə görə onunla ailə münasibətləri 2017-ci ilin sonlarından korlanmış və faktiki olaraq ayrı yaşayılar. Cavabdehlə olan münasibətləri formal xarakter daşıyır və tək kağız üzərindədir. Onun bərpası mümkün deyildir. Məhkəmə qaydasında olmadan nikah münasibətlərinə xitam vermək mümkün deyildir. Ayrı yaşadıqlarından cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməlidir. Uşaqların saxlanılması ilə bağlı məsələlər maddi imkan tələb edir ki, bu da tək onun tərəfindən mümkün deyildir. Ona görə də Cavabdeh ilə aralarında 28 oktyabr 2008-ci il tarixdə bağlanmış 392 saylı nikahın pozulması, cavabdehlə birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010cu il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqlarının onun himayəsində saxlanılması və həmin uşaqlar üçün 570 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, tərəflər arasında xx.xx.2008-ci il tarixində nikah bağlamış və bu nikah Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 392 nömrəli akt qeydi ilə qeydə alınmışdır. “Doğum haqqında” şəhadətnamələrdən görünür ki, tərəflərin nikahından üç uşaqları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2016-ci il təvəllüdlü X7 və xx.xx.2010-cü il təvəllüdlü X5 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinin əsasında, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM-in) 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasında israrlı olduqlarını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Azərbaycan Respublikası AM-in 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Göründüyü kimi, nikah könüllü ittifaqdır, odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-22.2.3-cü maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu və əmlak bölgüsünü müəyyən etməsidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən uşaqların yaşını, valideynlərinin faktiki olaraq ayrılmasından sonra anasının yanında yaşamalarını, analarına daha çox bağlı olmalarını nəzərə alıb Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən hesab edir ki, boşanmadan sonra uşaqlar anasının (iddiaçının) yanında qalmalıdır. Aliment tələbi ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağının yaşayış üçün zəruri olan xərclərinin heç olmasa minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli, 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətinə malikdir, özünə münasib iş tapmaq, işləmək və hər ay uşağının yaşayış üçün zəruri olan xərclərinin heç olmasa minimum səviyyədə ödənilməsinə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı aliment tutulması üçün xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, X3, X4 və X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixində başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya verilməlidir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay üç uşağa 570 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı həmin hissədə qismən təmin etməklə alimentin miqdarını üç uşaq üçün 390 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay 390 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 66,80 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə MPM-in 216-220-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixində bağlanmış, Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 392 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin nikahından doğulmuş uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2016-ci il təvəllüdlü X7 və xx.xx.2010-cü il təvəllüdlü X5 nikahın pozulmasından sonra anaları İddiaçı yanında qalsın. xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2010-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün Cavabdeh 130 manat olmaqla, cəmi 390 (üç yüz döğsan) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Cavabdeh 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Agstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar