Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5082/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, “Samsung LED” markalı TV, “HOFFMANN” markalı aspirator və “HOFFMANN” markalı soba üçün 2402,4 manat ödənilməmiş hissə, 423 manat cərimə olmaqla, cəmi 2825,4 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh 20.06.2020-ci il tarixli nisyə alğısatqı müqaviləsinin şərtlərini pozaraq, borcundan cəmi 150 manat ödəniş etmişdir. Bundan əlavə, güzəşt olunmaqla, cavabdehin 423 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.06.2020-ci il tarixli, 20364803 saylı nisyə alğısatqı müqaviləsinə əsasən, ilkin ödəniş edilmədən, “Samsung LED” markalı TV, “HOFFMANN” markalı aspirator və “HOFFMANN” markalı soba "xxxx" MMC tərəfindən 18 ay müddətinə aylıq 141.8 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “Samsung LED” markalı TV, “HOFFMANN” markalı aspirator və “HOFFMANN” markalı soba tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarında olan 01.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış 20.06.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə cavabdehə satılmış “Samsung LED” markalı TV, “HOFFMANN” markalı aspirator və “HOFFMANN” markalı soba üçün Cavabdehnın borcu 2402,4 manat ödənilməmiş hissə, 423 manat cərimə olmaqla ümumilikdə 2825,4 manat təşkil edir. İş materiallarında olan 18.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 20.06.2020-ci il tarixli müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 40 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, götürdüyü məhsulların ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.06.2020-ci il tarixli, 20364803 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, 2402,4 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 2442,4 manat borc pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.06.2020-ci il tarixli, 20364803 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, 2402,4 (iki min dörd yüz iki manat qırx qəpik) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 2442,4 (iki min dörd yüz qırx iki manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5082/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5082/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver