Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5100/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "12000 manat məbləğində pulun və dəymiş zərərin əvəzi olaraq borc məbləğinin 5 faizi (150 manat) məbləğində pulun, 650 manat hüquqi yardıma görə ödənilmiş xərcin və ödənilmiş 128,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 12928,40 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı "12000 manat məbləğində pulun, dəymiş zərərin əvəzi olaraq borc məbləğinin 5 faizi (150 manat) həcmində pulun, 650 manat hüquqi yardıma görə ödənilmiş xərcin və ödənilmiş 128,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 12928,40 manat pulun tutularaq ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə Cavabdeh1 12000 manat məbləğində borc pul vermişdir. Cavabdeh qeyd edilən pul məbləğini xx.xx.2023-cü ildə qaytaracağını bildirmiş, lakin vədinə əməl etməmiş və borc məbləğini qaytarmamışdır. Cavabdehlə dəfələrlə apardığı telefon və Whatsapp danışıqları da nəticə verməmişdir. Cavabdehin öz öhdəliyini vaxtında icra etməməsi səbəbindən o, pul vəsaiti üzərində sərbəst sərəncam verə bilməmiş və həmin vəsaitlə bağlı əlavə gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bundan sonra İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Cavabdeh1 və Cavabdeh2 göstərmiş, iddia tələbini isə "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 manat məbləğində pulun, dəymiş zərərin əvəzi olaraq borc məbləğinin 5 faizi (150 manat) həcmində pulun, 650 manat hüquqi yardıma görə ödənilmiş xərcin və ödənilmiş 128,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 12928,40 manat pulun tutularaq ona ödənilməsi" kimi ifadə etmişdir. İddiaçı həmin ərizədə bildirmişdir ki, o, pul vəsaitini Cavabdeh1 tanışı Cavabdeh2 vasitəsilə vermişdir. Belə ki, Cavabdeh2 onun yanında mobil telefonla Cavabdeh1 zəng edərək pul vəsaitini ondan təhvil aldığını və pulu Cavabdeh1 təhvil verəcəyini sonuncuya bildirmiş, sonuncu isə telefon danışığı zamanı pulu Cavabdeh2 verməyini ondan xahiş etmiş və Cavabdeh2 pulu Cavabdeh1 çatdıracağını bildirmişdir. O, telefon danışığı nəticəsində Cavabdeh1 çatdırması üçün Cavabdeh2 dediyi kimi pulu sonuncuya vermişdir. Cavabdeh1 pul vəsaitini şəxsən qəbul etdiyini etiraf etsə də, Cavabdeh2 da birgə cavabdeh kimi işə cəlb edilməlidir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. O, izahatında bildirdi ki, Cavabdeh2 onun qonşuluğunda daş ustası kimi işlədiyi zaman söhbət vaxtı tanışı Zaur müəllimin bank müdiri işlədiyini bildirmiş və yüksək faiz qazanmaq üçün pulunu banka yatırmağı təklif etmişdir. O, xx.xx.2022-ci ildə 3000 manat və yenə 3000 manat, xx.xx.2022-ci ildə isə 6000 manat pulu Cavabdeh2 vermişdir. Ona hər hansı faiz ödənilməmiş və borc verdiyi pul özünə qaytarılmamışdır. O, pulu Cavabdeh2 verməzdən əvvəl və bilavasitə verdiyi vaxt Cavabdeh1 tanımamış və telefonla danışmamışdır. Cavabdeh1 iddianı etiraf etməmiş və məhkəməyə göndərdiyi yazılı vəsatətdə bildirmişdir ki, o, pula ehtiyacı olduğu üçün Cavabdeh2 ona borc verməsi üçün müraciət etmiş, Mehman ona pulu verə biləcəyini, lakin faizə verəcəyini bildirmişdir. O, Cavabdeh2 faizə 6000 manat pul almış, daha sonra həmin 6000 manat pulu və faizləri Cavabdeh2 hissə-hissə qaytarmışdır. Borc götürdüyü 6000 manat pulu və faizləri tam olaraq 2023-cü ilin mart ayında qaytarmışdır. O, borcunu tam olaraq ödədikdən sonra Cavabdeh2 ilə arasında heç bir mübahisə və ya Mehmanın ondan heç bir tələbi olmamışdır. İddiaçı ona bir neçə dəfə zəng vurub pul tələb etmiş və bildirmişdir ki, Cavabdeh2 ona verdiyi borc pulu iddiaçıdan almışdır. O isə telefonda iddiaçıya bildirmişdir ki, həmin pulu faizləri ilə birlikdə Mehmana qaytarmışdır. Lakin iddiaçı ona bildirmişdir ki, Mehman iddiaçıdan aldığı pulu iddiaçıya qaytarmayıb. O isə öz növbəsində İddiaçı pulu ondan almadığını, Mehmandan aldığını və borcunu tam olaraq qaytardığını bildirmişdir. Ola bilsin ki, Mehman iddiaçıdan götürdüyü pulu qaytarmayıb. Beləliklə, iddiaçı ilə onun arasında heç bir borc münasibəti və borc müqaviləsi olmamışdır. Cavabdeh2 da öz vəsatətində qeyd etdiyi kimi, iddiaçıdan pulu Cavabdeh2 şəxsən özü almışdır. Cavabdeh2 ona verdiyi borcu o, Cavabdeh2 tam olaraq qaytarmışdır və iddiaçı ilə Cavabdeh2 arasındakı borc məsələsinə onun heç bir aidiyyəti yoxdur. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı heç vaxt borc almamışdır. O, Cavabdeh2 təxminən 1 il əvvəl ayda 10 faiz ödəmək şərtilə 6000 manat borc almış, həmin vaxt Mehmanın pulu başqa şəxsdən, o cümlədən iddiaçıdan aldığını bilməmişdir. Cavabdeh2 3-4 ay sonra ona yenə 6000 manat pul gətirmiş, həmin pulu Dübarədən aldığını bildirmiş, 1100 manatını elə oradaca götürüb demişdir ki, Qələmə sələm ödəyir. Həmin vaxt o, Qələmi və Dübarəni ümumiyyətlə tanımamışdır. Mehman Qazaxıstana gedəndən sonra o, İddiaçı tanımışdır. İddiaçı telefon nömrəsini ona Cavabdeh2 vermiş və zəng etməsini istəmişdir. Bundan sonra o, telefonla İddiaçı ilə danışmışdır. Telefon danışıqları zamanı İddiaçı Cavabdeh2 təkcə özünün deyil, həm də Dübarənin verdiyi pulların qaytarılmasını tələb edirdi. Cavabdeh2 da iddianı etiraf etməmiş və məhkəməyə göndərdiyi yazılı vəsatətdə bildirmişdir ki, əvvəldən tanıdığı Cavabdeh1 borca pul axtardığını bildirmiş və ona bu işdə komək etməyi ondan xahiş etmişdir. Cavabdeh1 xahişi əsasında o, əvvəldən tanıdığı və faizlə borca pul verdiyini bildiyi İddiaçı müraciət etmiş və sonuncu Cavabdeh1 ayda 10 faiz olmaqla 6000 manat pulu borc verməyə razılaşmışdır. İddia ərizəsində yazılanlardan da aydın şəkildə görünür ki, İddiaçı Cavabdeh1 borc pul vermişdir. Yəni adı qeyd olunan şəxslər öz aralarında razılaşıb biri digərinə borc pul vermiş, o, sadəcə vasitəçi olmuşdur. Həmin borc verildikdən sonrakı dövrdə də aralarında borcla bağlı hər hansısa danışıqlar olmuşdur. Eyni zamanda, Cavabdeh1 borc aldığını etiraf edir, yəni iddiaçının verdiyi pulu ondan aldığını Cavabdeh1 etiraf edir. Bu iş üzrə onun yalnız bir öhdəliyi olub. Həmin öhdəlik tərəflərin xahişi ilə 6000 manat pulu iddiaçıdan alıb Cavabdeh1 çatdırmaqdan ibarət olmuş və bu öhdəliyi o, tam şəkildə yerinə yetirmişdir. Sonradan Cavabdeh1 ona həmin borcdan hissə-hissə (05.2022-dən 10.2022-dək olan müddətdə hər ay 600 manat), cəmi 3600 manat vermiş və o, həmin pulu iddiaçıya çatdırmışdır. Onun tərəfindən iddiaçıya heç bir zərər vurulmamış və iddiaçı ilə onun arasında onun borc pul alması ilə bağlı heç bir müqavilə olmamışdır. Odur ki, onun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, 2022-ci ilin yanvar-fevral aylarında, hətta ola bilər 2-3 ay daha əvvəl, İddiaçı ayda 300 manat faiz ödəmək şərti ilə ona 3000 manat borc pul vermiş, o isə göstərilən 3000 manat pulu Cavabdeh1 vermişdir. Həmin dövrdə Cavabdeh1 Topaz oyunlarında iştirak edirdi. Cavabdeh1 6 ay ərzində hər ay 300 manat olmaqla, cəmi 1800 manat məbləğində faizləri ona vermiş, o isə hər ay həmin faizləri nəqd şəkildə, bəzən isə üzlük daş ustası olduğuna görə əvəzində daş verməklə İddiaçı çatdırmışdır. 6 ayın tamamında Cavabdeh1 3000 manat əsas borc məbləğini ona, o isə iddiaçıya qaytarmışdır. Həmin dövrdə o, iddiaçının rəfiqəsi X1 da 3000 manat borc alaraq Cavabdeh1 vermişdir. Təxminən 20-30 gün sonra Cavabdeh1 yenə pul istəmiş, o, İddiaçı 6000 manat, Dübarə Binnətovadan isə 5000 manat borc alaraq, cəmi 11000 manat pulu Cavabdeh1 vermişdir. Cavabdeh1 göstərilən 14000 manat borca görə 2022-ci ilin oktyabr ayı da daxil olmaqla hər ay cəmi 1400 manat faiz ödəmişdir. Bundan sonra Cavabdeh1 iddiaçıdan alınmış 6000 manat əsas borc məbləğini qaytara bilməmişdir. Cavabdeh1 həmin 6000 manatı ona qaytaracağı halda, o, da iddiaçıya çatdıracaq. Cavabdeh2 izahatında həmçinin bildirdi ki, onlar rəqəmləri səhv saldıqlarına görə Zaurda qalmış məbləği 14000 manat deyil, 12000 manat zənn etmişlər, ona görə də tərəflər arasındakı söhbətlər zamanı borc məbləği kimi 12000 manat qeyd olunmuşdur. İddiaçı ona demişdir ki, 12000 manatı Zaur, qalan 2000 manatı isə o ödəsin. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh2 İddiaçı yaşadığı evin qonşuluğunda usta kimi işlədiyi zaman onunla tanış olmuş, 2022-ci ilin yanvar-fevral aylarında (dəqiq tarix məlum deyil) 3000 manat pul almış, həmin pulu Cavabdeh1 vermiş, 6 ay sonra sonuncu həmin pulu Cavabdeh2, o isə İddiaçı qaytarmışdır. Bundan 3-4 ay sonra Cavabdeh2 İddiaçı 6000 manat pul almış və həmin məbləği Cavabdeh1 vermişdir. Pulun verildiyi dəqiq tarix məlum olmasa da, Cavabdeh2 ilə X4 arasında bağlanmış borc müqaviləsinin tarixi xx.xx.2022-ci il olduğuna və Cavabdeh2 hər iki şəxsdən pulu eyni vaxtda aldığını bildirdiyinə görə məhkəmə sözügedən məbləğin də məhz həmin tarixdə verildiyi qənaətinə gəlir. Hazırda iddiaçı tərəfindən Cavabdeh2, sonuncu tərəfindən isə Cavabdeh1 verilmiş 6000 manat məbləğində pulun iddiaçıya qaytarılmadığı müəyyən olunur. Cavabdehlər məhkəməyə həmin 6000 manat pulun və faizlərin iddiaçıya ödənilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarında Cavabdeh1 pulu qaytarması üçün iddiaçıdan vaxt istəməsinə dair danışıqları qeyd olunmuşdur. Həmin səs yazılarında Cavabdeh1 borcun miqdarı kimi 11000 və 12000 manat göstərmişdir. Həm də Cavabdeh1 danışıqlarda borcu ödəyəcəyini bildirsə də, borcu kimdən aldığını ümumiyyətlə söyləməmişdir. Səs yazılarında iddiaçının öz səsi, deyilənlərə reaksiyası mövcud olmadığına görə söhbətin kimə olan borcdan getdiyini dəqiq müəyyən etmək mümkün deyil, hazırda isə hər iki cavabdeh səs yazılarında səsləndirilən rəqəmin təkcə İddiaçı deyil, onunla birlikdə X3 da aid olduğunu bildirirlər. Bundan başqa, iddiaçı öz iddia ərizəsində 12000 manat borcu bilavasitə Cavabdeh1 verdiyini iddia etsə də, məhkəmə iclası zamanı özü bunu təkzib etmiş və pulu Cavabdeh2 verdiyini, həmin vaxt Cavabdeh1 tanımadığını bildirmişdir. Pulun verildiyi tarixlə bağlı da iddiaçının iddia ərizəsində verdiyi məlumat yanlışdır. Belə ki, o, pulu xx.xx.2022-ci ildə verdiyini qeyd etsə də, məhkəmə iclası zamanı bundan fərqli izahat verərək, pulu hissə-hissə müxtəlif günlərdə verdiyini bildirmişdir. Sadalanan hallara görə məhkəmə pulun məbləği ilə bağlı cavabdehlərin məhkəməyə verdikləri məlumatları daha inandırıcı hesab edərək yuxarıda göstərilən qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2-ci maddə) Həmin Məcəllənin 337.1-ci maddəsində isə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bundan başqa, həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə hazırkı işin faktiki hallarını sadalanan maddi hüquq normalarına uyğun qiymətləndirərək, bu qənaətə gəlir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında yazılı müqavilə bağlanmadığına, yəni forma tələbinə riayət edilmədiyinə görə borc əqdi etibarlı sayılmır. Belə olan halda, qeyd olunan 6000 manat pula münasibətdə borc müqaviləsinə deyil, əsassız varlanmaya aid normalar tətbiq edilməlidir. Hər iki cavabdeh sözügedən 6000 manat pulun hazırda Cavabdeh1 olmasını təsdiq etsələr də, məhkəmə həmin pulun Cavabdeh2 tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, varlanmış şəxs Cavabdeh2 hazırda daha varlı olmasa da, o, varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını, yəni yazılı borc müqaviləsinin bağlanmadığını bildiyinə görə Mülki Məcəllənin 1092.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, əldə olunanları qaytarmaq öhdəliyini məhz o daşıyır. İddianın ikinci hissəsi, yəni dəymiş zərərin əvəzi olaraq borc məbləğinin 5 faizi (150 manat) məbləğində pulun cavabdehlərdən tutulması barədə tələblə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan 150 manat pulu Cavabdeh2 tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı öz iddia tələbində 650 manat hüquqi yardıma görə ödənilmiş xərcin və ödənilmiş 128,40 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi qismən təmin olunduğuna görə 325 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 63,22 manat dövlət rüsumu Cavabdeh2, məhkəmə xərclərinin qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6000 manat pul və həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 150 manat faiz, 325 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 63,22 manat dövlət rüsumu, cəmi 6538,22 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş məbləğin qalan 325 manat hissəsi və ödənilmiş dövlət rüsumunun qalan 65,18 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-5100/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5100/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver