Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-511/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 30.05.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3037,88 manat əsas, 1,54 manat faiz borcu olmaqla, cəmi 3039,42 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 30.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə illik 1% dərəcəsi olmaqla, 3099 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi Cavabdeh2 ilə 30.05.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilib iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, borcalan Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin təminatı kimi zamin durmuşdur. Borcalan uşağının müalicəsi məqsədilə, bankdan qeyd olunan məbləğdə kredit götürmüşdür. Lakin hazırda maddi sıxıntılara görə həmin borcu ödəməkdə çətinlik çəkir. O, göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmalarına baxmayaraq, digər Cavabdeh1 məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.05.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən, sonuncuya illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 3099 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30.05.2019cu il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu, kredit alan Cavabdeh1 bank qarşısında kredit öhdəliyinin icra edilməsi üçün məsuliyyəti üzərinə götürməklə zamin durmuşdur. İş materiallarında olan 01.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 3037,88 manat əsas, 1,54 manat faiz borcu olmaqla, cəmi 3039,42 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 30.05.2019-cu il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsinin izahatına əsasən və iş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı pretenziyadan görünür ki, cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdehlər onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 30.05.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 3037,88 manat əsas, 1,54 manat faiz borcu olmaqla, cəmi 3039,42 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3037,88 manat əsas, 1,54 manat faiz borcu olmaqla, cəmi 3039,42 (üç min otuz doqquz manat, qırx iki qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.05.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-511/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-511/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver