Məhkəmə qərarları › İş №2(008)-5119/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5119/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5119/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun və 50 manat dövlət rüsumu olmaqla, cəmi 3050 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. İddia tələbinin əsaslandığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-126/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada cəmi 4080,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. (qətnamənin surəti iddia ərizəsinə əlavə edilmişdir.). Həmin qətnamə icraya yönəldilmişdir və indiyənədək zamin kimi ondan "xxxx" ASC-nin xeyrinə 3000 (üç min) manat pul tutulmuşdur. İcra vərəqəsinin, hesabdan çıxarışın və ödəniş qəbzlərinin surətləri iddia ərizəsinə əlavə edilmişdir. III. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsini xahiş etdi. IV.Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-126/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada cəmi 3913,92 ABŞ dolları əsas kredit borcu, 146,83 ABŞ dolları faiz borcu və 19,60 ABŞ dolları penya qətnamə icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 4080,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-126/2019 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-126/2019 saylı qətnaməsi qüvvəyə minmiş və icraya yönəldilmişdir. - İş materiallarında olan qəbzlərdən və inkasso sərəncamlarından görünür ki, iddiaçı tərəfindən kredit üzrə ödənişlər edilmişdir. V. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. VI. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə mübahisəyə aşağıdakı qeyd olunan mövqe ilə yanaşaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi, İddiaçı arasında isə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiklərinə görə müqavilə ləğv edilmiş və müqavilə üzrə qalıq borclar iddiaçı və cavabdehdən müştərək qaydada tutulmuşdur. Məhkəmə zaminlik müqaviləsi üzrə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Hazırki iş üzrə göründüyü kimi tərəflər arasında zaminlik müqaviləsindən irəli gələn münasibətləri mövcud olmuşdur və kredit müqavilə üzrə borclu olan cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi nəticəsində müqavilə üzrə zamin olan iddiaçı öhdəliyinin müəyyən bir hissəsini icra etmişdir və nəticə olaraq, iddiaçıya ziyan dəymişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh verilən iddia tələbi ilə razılaşaraq, məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə edilən etirazı nəzərdə keçirərək hesab edir ki, etiraf qanunuyğundur və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Yekun olaraq, məhkəmə cavabdehin etirafını və zaminlik müqaviləsi ilə təmin edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin bir qisminin zamin olan iddiaçı tərəfindən icra edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 3000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilsin. VII. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazır ki iş üzrə iddia tələbi təmin olduğundan iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. VIII. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 manat məbləğində borc pul və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar