Məhkəmə qərarları › İş №2(008)-514/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-514/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-514/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4786.12 AZN əsas, 361.11 AZN faiz, 167.07 AZN cərimə borcu olmaqla, cəmi 5314.30 AZN borcun və ödənilmiş 73.14 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 8500 AZN məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü ilədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə banka 4786.12 AZN əsas borc, 361.11 AZN faiz borcu və 334.13 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5481.36 AZN borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan ümumi cərimə borcu 334.13 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 167.07 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etdi və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ondan 4786.12 AZN əsas, 361.11 AZN faiz, 167.07 AZN cərimə borcu olmaqla, cəmi 5314.30 AZN borcun və 73.14 AZN dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 5267.73 manat təşkil edir, kredit müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. - xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh 8500 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə banka 4786.12 manat əsas borc, 361.11 manat faiz borcu, 334.13 manat cərimə olmaqla, cəmi 5481.36 manat borcu vardır. - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 73.14 manat dövlət rüsumu ödəmişdir. - Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 441.14 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4786.12 manat əsas borc, 361.11 manat faiz borcu, 167.07 manat cərimə olmaqla, cəmi 5314.30 manat borc və 73.14 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4786.12 manat əsas borc, 361.11 manat faiz borcu, 167.07 manat cərimə olmaqla, cəmi 5314.30 manat borc və 73.14 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar