Məhkəmə qərarları › İş №2(008)-518/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-518/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-518/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İlk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «X4» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcun, fazilərin və cərimənin ödənilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh4, Cavabdeh2 cavabdeh “X4” ASC-ə qarşı “zaminlik müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4» ASC Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc” tələbi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 10552.34 manat əsas, 1537.18 manat faiz, 73.16 manat cərimə, cəmi 12162.68 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 cavabdeh "xxxx" KB ASC-ə qarşı “zaminlik müqaviləsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək "xxxx" KB ASC tərəfindən Cavabdeh1 arasında bağlanmış 24.09.2020-ci il tarixli kredit müqaviləsinin təminatı kimi onunla bağlanılmış zaminlik müqaviləsi etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh1arasında bağlanmış 24.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 120 ay müddətinə 100000 azn məbləğində kredit limiti ayrılmışdır. 24.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə 22 % ödəmək şərtilə 12000 azn məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə aramızda bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24.08.2021-ci il tarixinə 10552.34 manat əsas, 1537.18 manat faiz, 73.16 manat cərimə, cəmi 12162.68 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “unibank" kb asc öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehin Cavabdeh1 ilə bağlanılmış 24.09.2020-ci il tarixli kredit müqaviləsi təminatı kimi onunla bağlanılmış zaminlik müqaviləsi etibarsızdır. Onlar cavabdeh tərəfindən aldadılmışlar. Belə ki, həqiqətən də keçən ilin payız aylarında bank tərəfindən onlara təqdim olunan ərizə blankını imzalamışlar. Lakin həmin sənədin zaminlik müqaviləsi olduğunu ondan gizlətmişdir. Bankın nümayəndəsi özü onun (Cavabdeh2) iş yerinə gəlib bildirmişdir ki, Cavabdeh1 500 manata qədər məbləğində yardım edirlər və bunun üçün o, banka razılığını bildirməlidir. Bankın nümayəndəsi küçədə ona bir blank imzalatmışdır. Eyni ilə bank Cavabdeh4 da aldatma yolu ilə həmin sənədi imzalatmışdır. İmzaladığı blankın zaminlik müqaviləsi olduğunu və onun məbləğinin 10000 manat olması onlar yalnız bir neçə vaxt bundan qabaq bilmişlər və bununla əlaqədar dərhal banka və bankın baş ofisinə müraciət etmişlər. Bankın baş ofisində onları dinləyib məsələni araşdırıb onlara cavab verəcəklərini bildirmişdirlər. Onlar Bankın baş ofisin əməkdaşlarının obyektiv araşdırmanın aparılmasına dair vədlərinə inanmışlar, lakin burada ən əhəmiyyətli faktlardan biri də odur ki, Cavabdeh1 heç bir yerdə işləmir, qazancı yoxdur, borc içində batır, uzun illərdi ki, ailəsi ilə birgə yaşamır (evdən gedibdir) və belə olduğu halda onlar onun üçün heç vaxt zamin durmazdılar. (özü də belə bir fantastik məbləğ üçün). Yəni, cavabdeh istinad etdiyi zəmanət müqaviləsi onları aldatma yolu ilə bağlanılıbdır və Mülki Məcəllənin 339.2 və 339.3-ci maddələrinə əsasən etibarsız sayılmalıdır. Bank əvvəldən bilirdi ki, kredit alan Cavabdeh1 aldığı məbləği geri qaytara bilməyəcək (bu faktı bankın sabunçu filialın müdiri üzülərinə demişdir) və buna baxmayaraq bilərəkdən ona krediti vermiş, çünki nəticəsində maraqlı olmuşlardır. Konkret mənbədən aldıqları məlumata görə Cavabdeh1 Bankın Sabunçu filialın müdiri yaxın qohumun vasitəsilə (polis işçisi) Cavabdeh1 ağır maddi vəziyyətdə olduğundan sui istifadə edərək bu kredit müqaviləsinin rəsmiləşdirməsinə nail olmuş və nəticəsində faydalanmışdır. Hətta məhkəmədən iddia ərizəsinin surətini aldıqdan sonra onlar Bankın Sabunçu filialın müdirinə müraciət edib onlara qol çəkdirilən blankın (dedikləri zəmanət müqaviləsinin) surətini almaq istəmişlər. Lakin filialın müdiri onların xahişini rədd etmişdir. Qeyd edilən faktlar açıq sübut edir ki, Cavabdeh1 kreditin ayrılması üçün onlara zəmanət müqaviləsinin imzalandırılması onları aldatma və cavabdehin kredit alan şəxslə pis niyyətlə razılığa gəlməsi nəticəsində baş vermişdir. Belə olduğu halda Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən həmin zəmanət müqaviləsi birmənalı etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən «X4» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdehlər və qarşlıqlı iddia üzrə iddiaçılar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə ilkin iddia üzrə cavabdehlər və qarşlıqlı iddia üzrə iddiaçıların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. -Belə ki, iş materiallarında olan «X4» ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2020-ci il tarixli 629micBKX/20-EM saylı əsas krediti müqaviləsinə əsasən cavabdehə illik 32 faiz hesablanması şərti ilə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. «X4» ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2020-ci il tarixli 629micBKX/20 saylı əlavə krediti müqaviləsinə əsasən cavabdehə illik 22 faiz hesablanması şərti ilə 24 ay müddətinə 12 000 manat məbləğində kredit verilmişdir. - “X4” ASC ilə Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış 24.09.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən 24.09.2020-ci il tarixli 629micBKX/20 saylı əlavə kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 24.09.2020-ci il tarixli, 629micBKX/20 saylı müqaviləyə əsasən 10552.34 (on min beş yüz əlli iki manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 1537.18 (min beş yüz otuz yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz borc, 73.16 (yetmiş üç manat, on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 12162.68 (on iki min bir yüz altmış iki manat, altmış səkkiz qəpik) manat təşkil edir. - 18.06.2021-ci il tarixli bildirişin surətindən görünür ki, сavabdeh 24.09.2020-ci il tarixli, 629micBKX/20-EM saylı krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 10552.34 (on min beş yüz əlli iki manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 1537.18 (bir min beş yüz otuz yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 73.16 (yetmiş üç manat, on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 12162.68 (on iki min bir yüz altmış iki manat, altmış səkkiz qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Bundan başqa məhkəmə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X4” ASC-ə qarşı “zaminlik müqaviləsinin etibarsız sayılması”tələbinə dair qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, qarşılqılı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar zaminlik müqaviləsinin aldadılmaq yolu ilə bağladığlarını qeyd etsələrdə bunlara dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 75.94 (yetmiş beş manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 10552.34 (on min beş yüz əlli iki manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 1537.18 (bir min beş yüz otuz yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 73.16 (yetmiş üç manat, on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 12162.68 (on iki min bir yüz altmış iki manat, altmış səkkiz qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X4” ASC-ə qarşı “zaminlik müqaviləsinin etibarsız sayılması”tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar