Məhkəmə qərarları › İş №2(008)-5187/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5187/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5187/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit borcuna ödədiyim 33839 (otuz üç min səkkiz yüz otuz doqquz) manat və İcra orqanına ödədiyi 7% olan 2368.73 (iki min üç yüz altmış səkkiz manat yetmiş üç qəpik) icra pulunun, ümumilikdə 36.207.73 (otuz altı min iki yüz yeddi manat yetmiş üç qəpik) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-nin "Kredit İnvest" filialı ilə xx.xx.2013-cü il tarixli, NA-1652013 saylı kredit müqaviləsinə əsasən 06 ay müddətində 44000(qırx dörd min) manat məbləğində kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı kimi onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125A saylı evin 32 saylı mənzilini xx.xx.2013-cü il tarixli, NA-165/2013 saylı ipoteka müqaviləsi ilə ipotekaya qoyularaq yüklü edilmişdir. Cavabdeh götürdüyü kredit məbləğini vaxtında və yetərincə icra etməmişdir və ona dəfələrlə xəbədarlıq etsə də buna məhəl qoymamışdır. Onun etibarından istifadə edərək,cavabdeh ona məxsus olan əmlakın ipoteka ilə yüklü olmasından yararlanaraq bankdan götürdüyü pulları mənimsəmişdir. Lakin o himayəsində olan uşağının ağır xəstə olmasına baxmayaraq, insanlıq naminə cavabdehin bankdan pul götürə bilməsi üçün mülkiyyətində olan əmlakının ipoteka qoyulmasına razılıq vermişdir. İddiaçı "xxxx" ASC-nin "borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması" tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh isə iddiaya etiraz belə etməmişdir. Odur ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-3658/2014, 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tutmanı ona məxsus olan Nizami rayonu, Q.Qarayev prospekti 125A saylı evin, 32 saylı mənzilinə yönəltməklə, mənzilin açıq hərracda satılması və mənzilin boşaldılmasını qət etmişdir. Keçən müddətdən hal-hazıra kimi cavabdeh-borclu kredit borcunu ödəməmiş və onun təkidlərinə baxmayaraq ödəniş etməkdən imtina etmişdir. Onu da qeyd edir ki, Cavabdeh atası Məmmədov Ramiz Əlisa oğlu da onu aldadaraq başqa bir kredit müqaviləsində onu zamin qoymuş, onu aldadaraq kredit pulunu ödəməmişdir. Cavabdehin atası Məmmədov Ramiz Əlisa oğlunun kredit borcu isə onun əmək haqqından tam həcmdə tutulmuşdur. Hər iki şəxs-ata və oğlu etdiyi hörmət qarşılığında nə qanun qarşısında, nə də bir insan kimi borclarını ödəməmişlər. Hansı ki, həmin vaxtlar onun uşağı ağır xəstə idi və ölkədə müalicəsi olmadığı üçün xarici ölkəyə müalicəyə apardı.Buna görə də külli miqdarda ayrı-ayrı vətəndaşlardan borclar almaq məcburiyyətində qaldı. Lakin buna baxmayaraq uşağı vəfat etdi. Belə acınacaqlı bir vəziyyətdə həm də onun etibarından istifadə edən, onu və bankları aldadan və onun əmək haqqının, əmlakının olmasından istifadə edən bu iki şəxsin borclarını ödəmək məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh "xxxx" ASCnin "Kredit İnvest" filialı ilə xx.xx.2013-cü il tarixli, NA-1652013 saylı kredit müqaviləsi üzrə olan 33839 (otuz üç min səkkiz yüz otuz doqquz) manat borcu tam şəkildə ödəmişdir. Cavabdehin hesabına ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, mənzili hərraca çıxdıqdan sonra kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Güclü həyacan və stress keçirmişdir. Hesab edir ki, cavabdehin əvəzində ödədiyi pulun və ona dəymiş zərərin Cavabdeh tutularaq ona qaytarılması barədə məhkəmə qərar verə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2013-cü il tarixli, NA-165/2013 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin "Kredit İnvest" filial ilə borcalan Cavabdeh arasında bağlanmış 04 oktyabr 2013-cü i tarixli, NA-165/013 saylı təminatlı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. RX Seriyalı, DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, X2 tam mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzil "xxxx" ASC-nin "Kredit İnvest" filialının xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3658/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, X4 və X5 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbi ilə müraciət etmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 26846 (iyirmi altı min səkkiz yüz qırx altı) manat 09 (doqquz) qəpik əsas borc. 328 (üç yüz iyirmi səkkiz) manat 12 (on iki) qəpik faiz borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 27204 (iyirmi yeddi min iki yüz dörd) manat 21 (iyirmi bir) qəpik "xxxx" ASC-nin xeyrinə tutulmaası, Tutma ipoteka ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125A saylı evin, 32 saylı mənzilinə yönəldilsin, mənzilin ilkin satış qiyməti 65000 (altmış beş min) manat olmaqla, açıq hərracdan satılsın. Mənzil açıq hərracda satıldıqdan sonra bir ay müddətində X4 və X6 tərəfindən boşaldılması, İpoteka predmetinin satışından əldə olunan vəsait tələbin ödənilməsindən artıq olduqda, qalıq məbləğ cavabdeh X3 qaytarılması qət edilmişdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələrinə dair yekun A108/24№-li Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə açıq hərrac keçirilmiş, ləğv prosesində olan "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən 47.40 kv.m ümumi sahədən ibarət 32 nömrəli mənzil 46000 manata X1. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X4 tərəfindən LPO"xxxx" ASC-yə xx.xx.2024cü il tarixli, A108/24№-li Hərrac Protokoluna əsasən 33839 manat ödəniş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 269.1-ci maddəsinə əsasən. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 271.2-ci maddəsinə əsasən. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 318.1-ci maddəsinə əsasən. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir. 318.2-ci maddəsinə əsasən Əgər əşya ipoteka ilə yüklü edilmişsə və əgər ipoteka verildikdən sonra mülkiyyətçi ipotekada dəyişikliklər və ya əlavələr etmişsə və bu zaman onları da tələbin təminatı kimi verməyə borclu deyilsə, həmin dəyişiklikləri və əlavələri geri götürərək əşyanın əvvəlki vəziyyətini bərpa edə bilər. 319.1-ci maddəsinə əsasən. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 323-1-ci maddəsinə əsasən Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. 453.2-ci maddəsinə əsasən Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. 509.1-ci maddəsinə əsasən Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Beləliklə, mülki işin materiallarından da görünür ki, Cavabdeh ilə Bank arasında kredit müqaviləsi bağlanaraq bank tərəfindən borcalana 44000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə öhdəliyini təminatı kimi isə İddiaçı əmlakı ipoteka ilə yüklü edilmişdir. Lakin sözügedən kredit müqaviləsi üzrə borcalanın öhdəliyini icra etməməsi səbəbindən bank tərəfindən ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan əmlaka tutma yönəldilərək hərracdan satılması zamanı İddiaçı əmlakın yenidən alınması üçün ödəniş etməklə cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda iddia tələbi iddiaçıya məxsus olmuş, lakin cavabdehin kredit öhdəliyini icra etməməsi səbəbindən iddiaçıya məxsus ipoteka predmeti olmuş və tələb üzrə (icra sənədi) üzrə tutma yönəldilərək hərraca çıxarılmış əmlakın yenidən alınması üçün iddiaçı tərəfindən ödənilən 33839 manatın cavabdehdən reqress qaydasında tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Bununla bağlı ödəniş qəbzi məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə iddia tələbinin icra oqanına ödənilən 7 %-lik icra ödənişinin tutulması hissəsində rədd edilməli olmasını hesab edir. Çünki, bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində rüsumun cavabdehdən tutulmasının tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 33839 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar