Məhkəmə qərarları › İş №2(008)-5217/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5217/2022

03.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5217/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın 3 yaşına çatana qədər saxlanması üçün əlavə 150 manat alimentin və mediasyia sessiyası üçün ödənilmiş 50 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsi 2(060)- 6050/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Uşağın tələbatı get-gedə artır, onun qidalanmasına, geyimlərinə, müalicə xərclərinə və digər xərclərinə alimentin miqdarı çatmır. Belə yaş dövründə onun maddi cəhətdən dəstəyə ehtiyacı çoxdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiasını müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, onun iddiaçı ilə olan nikahı pozulmamış, iddiaçı küsərək evi uşaqla bir yerdə tərk etmişdir, cavabdeh iddiaçı ilə barışmaq istəyir. Lakin, onun maddi vəziyyəti alimentin iddiaçının istədiyi miqdarda artırılmasına yol vermir. O, 416 manat məbləğində əmək haqqı alır, yaşlı və xəstə anasına da baxır, texnika mağazasında krediti var. Ondan aliment tutulan vaxt da, indi də maddi vəziyyəti eynidir. O, hər ay 150 manat məbləğində aliment ödəməyə hazırdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışdılar (4 saylı «Asan xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 390390 nikah haqqında şəhadətnamə). Tərəflərin nikahları pozulmasa da, onlar bir yerdə yaşamırlar. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2020-ci il tarixdə doğulmuş X4 (məhkəmə qətnaməsi). Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6050/2021 №-li iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək (iddiaçı 175 manat alimentin tutulmasını xahiş etmişdir) cavabdehdən xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən məhkəmə tərəfindən: İddiaçı "xxxx" MMC-də rentgen-texnik vəzifəsində işləməsi və 380 manat məbləğində əmək haqqı alması və «X5 Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı filialında tibb bacısı vəzifəsində işləməsi və 300 manat məbləğində əmək haqqı alması; Cavabdeh «X3» MMC-də muhafizəçi vəzifəsində işləməsi və 323,0 manat məbləğində əmək haqqı alması müəyyən edilmişdir. Cavbadeh Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan onun həmin şirkətdə işləməsi və 416 manat məbləğində əmək haqqı alması görünür. Özünün də izahatına əsasən cavabdeh 416 manat məbləğində əmək haqqı alır. Hazırda iddiaçı alimentin miqdarını 120 manatdan 200 manata artırılmasını, eyni zamanda uşağın 3 yaşına çatana qədər saxlanması üçün əlavə 150 manat alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı cavabdehin maddi vəziyətində dəyişikliyin olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Eyni zamanda, bir il ərzində özünün maddi vəziyyətinin pisləşməsinə dair sübutlar təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının aldığı əmək haqqı (680 manat), cavabdehin aldığı əmək haqqından (416 manat) çoxdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı bir il bundan əvvəl alimentlə bağlı iddia verərək, uşağın 3 yaşına çatana qədər saxlanması üçün əlavə alimentin tutulmasını istəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd edildiyi kimi, cavabdeh zəruri vəsaitə malik olan tərəf hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində bir əl ərzində hər-hansı bir yaxşılaşma olmadığından alimentin 120 manatdan 350 manat qədər artırılması arzu edilməz haldır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia qismən təmin edilməklə, xx.xx.2020ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı eyni zamanda mediasyia sessiyası üçün ödənilmiş 50 manat rüsumun tutularaq ona ödənilməsini istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq hər ay 150 manat sabit pul məbləğində aliment və mediasyia sessiyası üçün ödənilmiş 50 manat rüsum tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar