Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5246/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2-(022)-386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqları xx.xx.2010-cu ildə doğulmuş X13, xx.xx.2013cü ildə doğulmuş X9 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa təyin edilmiş 120 manat, cəmi 360 manat məbləğində alimentin məbləği artırılaraq Cavabdeh oğlundan xx.xx.2010-cu ildə doğulmuş X13, xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatandək saxlanması üçün onun xeyrinə hər ay, hər uşağa 235 manat, cəmi 705 manat məbləğində alimentin sabit pul məbləğində pulun, habelə mediatora ödədiyi 60 manat pulun cavabdehdən tutularaq ona verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə qanuni nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 3 uşağı olmuşdur. xx.xx.2010cu ildə doğulmuş X13, xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2017-ci ildə doğulmuş X10. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanan nikah pozulmuş, 3 uşaqlar onun himayəsində saxlanılmış və cavabdehdən 3 uşaqlann saxlanması üçün onun xeyrinə hər ay, hər uşağa 120 manat, cəmi 360 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi qəbul etmədiyini, əmək haqqı məbləğinin 1169 manat olduğunu, iddiaçı ilə aralarında bağlanmış nikah pozulduğdan sonra, yeni ailə qurmuş olduğunu və əlavə 1 uşağınında doğulduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, keçmiş arvadı İddiaçı ona qarşı Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə uşaqları Səma Məmmədliyə, Nigar Məmmədli və Yusif Məmmədliyə yetkinlik yaşına çatana kimi müəyyən olunmuş, hər uşağa göröə 120 manat olmaqla, 360 manat alimentin həmin uşaqla yetkinlik yaşlarına çatanadək hər ay qazancının yarısı miqdarında dəyişdirilməsinə dair iddia qaldırmışdır. Özü N saylı hərbi hissədə raket artilleriyası silahlarına xidmət rəisi vəzifəsində işləməklə mayor rütbəsindədir. Qazancı hər ay sabitdir. Əlavə olaraq bildirmişdir ki, özü yenidən X11 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin evlilikdən xx.xx.2023-cü il tarixdə Zülfüqar adlı uşağı doğulmuşdur. Özü hərbçi olmaqla başqa işi qazancı yoxdur. İş şəraitinə görə başqa qazanc qazanmağa beləş şərait və vaxt belə yoxdur. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimenti belə güclə ödəyir. Hesab edir həmin alimentin dəyişdirilməsinə əsas belə yoxdur. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 4 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. 4 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. 4 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır Biləsuvar Rayon Məhkəməsinin 2(022)-386/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2013-cü il tarixdə doğulmuş X4, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qərara alınmışdır. Bərdə regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 543884 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X12 xx.xx.2022-ci ildə nikaha daxil olmuşlar. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 897971 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cı il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası isə X6r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 120 manat yaşayış minimumundan da azdır və uşağların tələbatını ödəyə bilməz. Bununla da uşağların maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı, lakin alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki,“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, alimentin məbləği elə müəyən edilməlidir, cavabdehin həddindən artıq çətin vəziyyətə salmasını və alimentin cavabdeh tərəfindən ödənilməsi real olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-386/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2010-cu ildə doğulmuş X13, xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatandək saxlanması üçün onun xeyrinə hər ay, hər uşağa 210 manat, cəmi 630 manat aliment ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-386/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu ildə doğulmuş X5, xx.xx.2013-cü ildə doğulmuş X4 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay, hər uşağ üçün 210 manat olmaqla, cəmi 630 (altı yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 60 manat mediyasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5246/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5246/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver