Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5249/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3851/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2008-ci il tarixdə doğulmuş X1 üçün tutulan alimentin artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin xx.xx.2008-ci il tarixdə X5 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3851/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsilə cavabdehdən X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat məbləğində aliment tutulmuşdur. Həmin aliment çox azdır, uşağın maddi tələbatını ödəmir, iddiaçının təkbaşına uşağın bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır, sadəcə iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, o, ikinci dəfə ailə həyatı qurmuş, ikinci nikahdan 4 övladı doğulmuşdur. Bundan başqa heç bir yerdə işləmir və sabit gəliri yoxdur. 4 uşağını fəhləliklə dolandırır. Digər tərəfdən də orta ağır formada şəkərli diabet xəstəsidir. Davamlı olaraq müalicələr alır. Hazırki iqtisadi vəziyyətdə bu qədər yükü çəkmək iqtidarında deyiləm. Yaşamaq, maddi ehtiyaclarımı ödəmək və həmçinin himayəmdə olan ikinci nikahdan 4 övladının da tələbtlarını ödəmək çətinlik törədir. Hesab edir ki, onun maddi vəziyəti nəzərə alınaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulması daha da qanuni olardı. Digər tərəfdən də uşağı saxlamaq hər iki valideynin borcudur. İddiaçı özü də hal-hazırda fərdi qaydada satıcı işləyir, aylıq təxminən 600 manat məbləğində gəlirə malikdir və yaşayışını təmin etmək iqtidarındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, özü işləyir, ayda 300 manat məbləğində əmək haqqı alır, cavabdehin fəhləliklə məşğul olduğunu bilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, etirazında iddianı səhfən qismən qəbul etdiyini göstərmiş, əslində isə iddianı ümumiyyətlə qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin qeyri-rəsmi nikah münasibətlərindən yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2008-ci il tarixdə doğulmuş X5 (Çətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 815118 №-li doğum haqqında şəhadətnamə). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3851/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Xətai rayon Məhkəməsi tərəfindən təyin olunmuş 136 manat məbləğində aliment azaldılaraq, cavabdehdən hər ay 100 manat məbləğində aliment tutulmuşdur. Alimentin azaldılması səbəbi ondan ibarət olmuşdur ki, cavabdeh orta-ağır forma şəkərli diabet xəstəsidir, daimi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh satıcı vəzifəsində işləyir və 250 manat məbləğində əmək haqqı alır. Cavabdeh xx.xx.2005-ci il tarixdə X3 ilə nikahlarını bağlamışdır. Onların dörd uşaqları var, ikisi yetkinlik yaşına çatmamışdır. Stasionar tibbi kartadan çıxarışdan görünür ki, cavabdeh orta-ağır forma şəkərli diabet xəstəsidir. Hazırda iddiaçı alimentin məbləğinin 100 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə cavabdehin xəstə olduğunu, əmək haqqının çox aşağı olmasını, ailəli olduğunu, aliment təyin olunandan sonra onun maddi vəziyyətində hər-hansı bir yaxşılaşmanın baş verməməsini nəzərə alaraq hesab edir ki, 220 manat məbləğində aliment ondan tutula bilməz. Eyni zamanda, iddiaçı tərəfindən beş il ərzində alimentin artırılması barədə iddia verilmədiyini,100 manat aliment təyin edilən zaman uşağın on yaşı olarkən hazırda onun on beş yaşı olduğunu, onun universitet imtahanlarına hazırlaşan yaşda olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 130 manat məbləğində aliment tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3851/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş 100 manat alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5249/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5249/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver