Məhkəmə qərarları › İş №2(008)-5256/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5256/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5256/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçının nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 420.17 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixə 81.99 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixdən sonra 919.44 manat banka vurulmuş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1421.6 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 07.08.2013-cü il tarixli, 101-HFS-2976 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 28 faiz dərəcəsi ilə 786 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 12 ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə görə, kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə banka ödənilməlidir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən, ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə dəbbə pulu (cərimə) hesablanır və cərimənin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07.08.2013-cü il tarixli, 101-HFS-2976 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 786 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07.08.2013-cü il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh 07.09.2013-cü il tarixdən 07.08.2014-cü il tarixədək hər ay 75.85 manat olmaqla, İddiaçı ASC-yə cəmi 910.24 manat ödəniş etməlidir. İş materiallarında olan 07.08.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 786 manat məbləğində pul nağd qaydada verilmişdir. İş materiallarında olan Cavabdeh göndərilmiş 07.05.2021-ci il tarixli bildirişdən (xəbərdarlıq məktubu) görünür ki, öhdəlikləri icra etməyəcəyi təqdirdə, müqavilənin şərtlərinə uyğun olaraq, borcun tam şəkildə qaytarılması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu - 420.17 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixə 81.99 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixdən sonra 919.44 manat banka vurulmuş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 1421.6 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixdən sonra banka 919.44 manat zərər vurulması ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 17.08.2013-cü il tarixli, 101-HFS-2976 saylı kredit müqaviləsi üzrə 420.17 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixə hesablanmış 81.99 manat faiz borcu olmaqla, cəmi 502.16 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17.08.2013-cü il tarixli, 101-HFS-2976 saylı kredit müqaviləsi üzrə 420.17 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi - 07.08.2014-cü il tarixə hesablanmış 81.99 manat faiz borcu olmaqla, cəmi 502.16 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı və ya təqdim edildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar