Məhkəmə qərarları › İş №2(008)-5263/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5263/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5263/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank of Baku ASC-nin xeyrinə 1871.49 (bir min səkkiz yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat əsas borc, 1544.07 ( bir min beş yüz qırx dörd manat yeddi qəpik) manat faiz borcunun, cəmi 3415.56 (üç min dörd yüz on beş manat, əlli altı qəpik) manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış 17.02.2012-ci il tarixli Kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank Borcluya 2000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş(lər)in aparılması üçün istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X5 bildirmişdir ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış 17.02.2012-ci il tarixli Kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank Borcluya 2000 manat məbləğində kredit verilmişdir. “Bank of Baku" ASC-yə məxsus kredit kartından 11.04.2015-ci il tarixdə Cavabdeh məlumatı olmadan internet dələduzları (xakerlər) tərəfindən bankın təhlükəsizliyi aşılaraq bir neçə dəfəyə, ümumilikdə 1609,36 (min altı yüz doqquz manat otuz altı qəpik) manat məbləğində vəsait silinmişdir. Bununla bağlı dəfələrlə cavabdeh tərəfindən yazılı şəkildə banka müraciət edilərək həmin məbləğin onun borcu kimi hesablanmaması və kredit kartının təhlükəsizliyi bank tərəfindən təmin edildiyi üçün həmin kartdan silinmiş məbləğin bərpa edilməsi xahiş edilmişdir. Buna baxmayaraq bank tərəfindən hər hansı bir tədbir görülməmiş, bankın əməkdaşları tərəfindən Cavabdeh dəfələrə zəng edilərək ona mənəvi təzyiq göstərilmişdir. Bununla bağlı cavabdeh müvafiq orqanlara müraciət etməsinə baxmayaraq aparılmış araşdırılmalar heç bir nəticə verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən, Bank Borcalana 31.12.2014-cü il tarixədək 2000 (iki min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan balansdan kənar məxaric orderindən görünür ki, Cavabdeh 01 (bir) ədəd Balcard kartı verilmişdir. İş materiallarında olan 17.02.2012-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilməsi nəzərdə tutulan kart verilmişdir. - 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 31.12.2014-cü il tarixdə "xxxx" ASC-yə 1993.16 (min doqquz yüz doxsan üç manat on altı qəpik) manat məbləğində əsas borc, 43.57 (qırx üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu təşkil edir. İş matriallarına əlavə edilmiş sms bildirişin fotoşəkillərinin surətindən görünür ki, 11.04.2015-ci il tarixində saat 21.45 radələrindən saat 22.24-radələrinə qədər ****1770 saylı Bolkartdan müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Cavabdeh 13.04.2015-ci tarixdə Bank of Baku ASC-yə ərizə ilə müraciət edərək ona məxsus olan Bolkart vaisətəsi ilə heç bir əməliyyat aparmadığı halda 11.04.2015-ci il tarixindən saat 21.45-dən etibarən bir neçə dəfə ümumilikdə 1603.36 manat məbləğində vəsaitin silinməsinə dair məlumat verərək, onun tərəfindən hər hansı bir əməliyyat aparılmadığı halda onun hesabından silinən 1609.36 manat məbləğində pul vəsaitinin geri qaytraılmasını xahiş etmişdir. İş matriallarına əlavə edilmiş 22.09.2021-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh 30.09.2015-ci il tarixdən 29.02.2016-ci tarixədək müxtəlif vaxtlarda bir neçə dəfə borcun ödənilməsi üçün müxtəlif pul məbləğlərdə kredit borcunu ödəmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 17.02.2012-ci il tarixindən 31.12.2014-cü il tarixədək kredit kartı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsədə, cavabdeh etməmiş bunun səbəbini isə ona məxsus olan kartdan xakerlər vaistəsi ilə pul məbləğlərinin silinməsi ilə əsaslandırmış, həmin silinmələr üzrə məsuliyyətin yükünü bankın üzərinə düşməsi arqumentini irəli sürmüşdür. Lakin cavabdeh onun kartından silinmələrin məhz onun tərəfindən deyildə buna icazəsi olmayaq başqa şəxslər tərəfindən silinməsini subut edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi və vəkili müxtəlif vaxtlarda müxtəlif təşkilatlara sözügedən məsələnin araşdırılmasına dair ərizələr ünvanlandığı göstərsədə, həmin ərizələrə verilən cavab və ya araşdırılmaya verilən nəticə barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdeh ona məxsus olan kartdan 11.04.2015-ci il tarixində onun xəbəri olmadan silinmələr olduğunu israr etsədə, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdanda məlum olur ki, Cavabdeh 11.04.2015-ci il tarixindən sonrakı tarixlərdə də kredit borcunun ödənilməsinə dair aktiv hərəktlər edərək, kredit borcu üzrə ödənişlər etmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfin təqdim edilmiş sübutlar mötəbər sübut olmadığından iddia tələbi əsas məbləğə münasibətdə tam, faiz məbləğə münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, iddiaçı 1544.07 mamat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahş etsə də, mülki işin matriallarına əlavə edilmiş 22.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 17.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 31.12.2014-cü il tarixdə İddiaçı ASC-yə 1993.16 (min doqquz yüz doxsan üç manat on altı qəpik) manat məbləğində əsas borc, 43.57 (qırx üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu mövcuddur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq Cavabdeh 1871.49 (bir min səkkiz yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat məbləğində əsas borc, 43,57 (qırx üç manat, əlli yeddi qəpik) manat məbləğində faiz borc, cəmi 1915.06 (bir min doqquz yüz on beş manat, altı qəpik) manat borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın 30 (otuz) manat dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1871.49 (bir min səkkiz yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat məbləğində əsas borc, 43,57 (qırx üç manat, əlli yeddi qəpik) manat məbləğində faiz borc, cəmi 1915.06 (bir min doqquz yüz on beş manat, altı qəpik) manat borc pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar