Məhkəmə qərarları › İş №2(008)-5264/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5264/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5264/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı QSC-nın Cavabdehlər Cavabdeh və X2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13958,32 manat məbləğində kredit borcu, 2416,59 manat məbləğində faiz borcu və 4312,61 manat məbləğində cərimə borcu, cəmi 20687,52 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 28.01.2020-ciil tarixli 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. O, kredit müqavisinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 13.05.2019-cu il tarixdən ödənilməsi planlaşdırılan aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1041,68 manat ödəniş etmiş və onun iddiaçıya 13958,32 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 25.02.2021-ci il tarixə 275 gün üçün hesablanmış faiz borcu 2416,59 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 05.04.2021-ci il tarixə 275 gün üçün hesablanmış cərimə 4312,61 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndin əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeho ğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehldər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddələrin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 28.01.2020-ciil tarixli 005A********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləy əsasən cavabdehə 36 ay müddətinə illik 1,9167 % dərəcəsi ilə 15000 manat kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarından görunur ki, İddiaçı QSC ilə X7 arasında 28.01.2020-ciil tarixli 005G**********01 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması barədə razılığa gəlmişlər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, 15000 manat Bank tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan 21.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə 16.04.2021-ci il tarixə 13958,32 manat əsas, 2416,59 manat faiz və 4312,61 manat cərimə borcu, cəmi 20687,52 manat məbləğində borcu yaranmışdır. İş materiallarından cavabdehlər tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. İddiaçı Bank tərəfindən hər iki cavabdehə borcun ödənilməsi və müqaviləyə xitam verilməsi barədə xəbərdarlıq göndərilmiş, lakin cavab alınmamışdır. Hazırda iddiaçı kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh, həm də zamin X1 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin X4 bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə bank tərəfindən gecikdirilmiş məbləğə görə hesablanmış 4312,61 manat cərimənin yüksək olmasını nəzərə alaraq cavabdehlərdən 200 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 13958,32 manat məbləğində kredit borcu, 2416,59 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu, cəmi 16574,91 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh vəX1 müştərək qaydada 13958,32 manat məbləğində kredit borcu, 2416,59 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu, cəmi 16574,91 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar