Məhkəmə qərarları › İş №2(008)-5276/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5276/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5276/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 02.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2164,31 manat əsas borc, 349,32 manat faiz borcu, 132,16 manat cərimə borcu və kredit müqaviləsi üzrə 25.04.2021-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8,70 manat əldən çıxmış fayda olmaqla, cəmi 2654,49 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncu İddiaçı ASC-dən illik 28 faizlə 18 ay müddətinə 3500 manat məbləğində kredit götürmüşdür. 25.09.2020-ci il tarixli əlavə sazişə əsasən, kreditin müddəti 25.04.2021-ci il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 02.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli, 4-MZ-2-0-650-19 saylı kredit müqaviləsinə əsasən, kreditor İddiaçı ASC borcalan Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 3500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 02.07.2019-cu il tarixli, 4-MZ-2-0-650-19 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli, 4-MZ-2-0-650-19 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 02.07.2019-cu il tarixli, 4-MZ-2-0-650-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 02.08.2019-cu il tarixdən 02.01.2021-ci il tarixədək hər ay 240,35 manat olmaqla, cəmi 4326,42 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 02.07.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 3500 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə və zaminlik müqaviləsinə 25.09.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, 02.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla, 2207,95 manat müəyyən edilmiş, eyni zamanda kreditin müddəti 25.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1nın 02.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 25.05.2021-ci il tarixə banka olan borcu 2164,31 manat əsas borc, 349,32 manat faiz borcu, 132,16 manat cərimə borcu, 25.04.2021-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8,70 manat əldən çıxmış fayda olmaqla, cəmi 2654,49 manat təşkil edir. Banka sonuncu ödəniş 18.11.2020-ci il tarixdə edilmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 və zamin Cavabdeh2 müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir, həmçinin zamin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada əsas borcun və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli, 4-MZ-2-0-650-19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2164,31 manat əsas borc, 349,32 manat faiz borcu, 10 manat cərimə borcu və kredit müqaviləsi üzrə 25.04.2021-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8,70 manat əldən çıxmış fayda olmaqla, cəmi 2532,33 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehlərə aid edilərək, onlardan tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02.07.2019-cu il tarixli, 4- MZ-2-0-650-19 saylı kredit müqaviləsi üzrə 2164,31 (iki min yüz altmış dörd manat otuz bir qəpik) manat əsas borc, 349,32 (üç yüz qırx doqquz manat otuz iki qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu və kredit müqaviləsi üzrə 25.04.2021-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8,70 (səkkiz manat yetmiş qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 2532,33 (iki min beş yüz otuz iki manat otuz üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar