Məhkəmə qərarları › İş №2(008)-53/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-53/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-53/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X13 qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2943,18 ABŞ dolları əsas, 4898,51 ABŞ dolları faiz borcunun, 7385,32 ABŞ dolları cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək onunla əsaslandırdı ki, xx.xx.2014-cü il tarixli, 33593 ssuda hesablı kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı ASC-dən illik 29 %lə 24 ay müddətinə 7600 USD məbləğində kredit götürmüşdür. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 58 faiz dərəcəsi ilə, aylıq isə 4.83 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Borcun təminatı olaraq Cavabdeh2 Mirpaşa qızı və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli, zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5889.89 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 2943.18 USD əsas, müqavilə müddəti üçün hesablanmış 4898.51 USD faiz, 7385.32 USD cərimə, xx.xx.2020-ci il tarixə 510.04 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 15737.05 USD məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. Göstərilənlərə əsasən nümayəndə, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 29 %-lə 24 ay müddətinə 7600 USD məbləğində kredit götürmüş, lakin maddi vəziyyəti ilə əlaqədar borcunu tamamilə ödəyə bilməmişdir. Hazırda ondan tələb olunan borc məbləği həddən artıq şişirdilmişdir, həmin borcla razı deyil. O, qeyd olunanların nəzərə alınaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və X1 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-cı maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 29 % dərəcəsi ilə 24 ay müddətinə 7600 ABŞ dolları məbləğində kredit verilmiş, həmin borcun təminatı kimi həmin tarixdə Cavabdeh2 və X3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin qalığı xx.xx.2017-ci il tarixədək ödənilməsi şərtləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 2943 ABŞ dolları əsas, 4898 ABŞ dolları faiz, 7385 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış borc 510 ABŞ dolları borcu olmaqla, cəmi borcu 15.737 ABŞ dolları təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2015-ci il tarixli əlavə saziş bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 150 ABŞ dolları məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Bundan əlavə, cavabdeh bank qarşısında kredit öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı tərəfindən haqlı olaraq illik 5% dərəcəsi ilə borc hesablanmışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarix Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irə gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 və X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ZM-1176/14 USD nömrəli kredit müqaviləsinin icrası müddəti xx.xx.2017-ci tarixdə başa çatdığından və iddiaçı həmin müddətdən üç ildən çox vaxt keçdikdən sonra, daha dəqiqi, xx.xx.2020-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, zaminlər Cavabdeh2 və X1 münasibətdə iddia təmin edilməməlidir. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, 2(008)-168/2022 saylı mülki işin 6-8-ci vərəqlərində olan İddiaçı ASC-nin Xətai filialının müdiri X6 və İsmayılov Ziyad Rafil oğlunun adlarından olan 20 iyun 2014-cü il tarixli 1176/14 USD saylı kredit müqaviləsinin 1-5-ci səhifələrinin sağ aşağı küncündəki imzalar və müqavilənin sonunda “Borcalan” qrafasındakı imza, mülki işin 9-cu vərəqində olan ödəniş cədvəlində “Borcalan” qrafasındakı imza, mülki işin 10-cu vərəqində İddiaçı ASC-nin Xətai filialının müdiri X6 və Cavabdeh1 adlarından olan 20 iyun 2014-cü il tarixli 1176/14 USD saylı zaminlik müqaviləsində “Borcalan” qrafasındakı imza, mülki işin 12-ci vərəqində 33593 saylı 20 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə 19 mart 2015-ci il tarixli, 03/15 nömrəli saylı əlavə sazişdə “ 4.2 Borcalan” qrafasındakı imza, mülki işin 53-cü vərəqində olan ödəniş cədvəlində “Borcalan: Cavabdeh1” qrafasındakı imza - X7 tərəfindən icra olunması müəyyən olunmuşdur. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1176/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə əsas borc üzrə 5890,01 ABŞ dolları, faiz borc üzrə 1831,81 ABŞ dolları, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2020ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 5890,01 ABŞ dolları, faiz borc üzrə 3031,90 ABŞ dolları, faiz borcu 5% ilə 1200,09 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyləri toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə qismən üst-üstə düşür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert təqdiqatlarının dəyəri 210 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2943,18 ABŞ dolları əsas, 1831,81 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanan 510,04 ABŞ dolları borc olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla ümumilikdə 5434,99 ABŞ dolları məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2943,18 ABŞ dolları əsas, 1831,81 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanan 510,04 ABŞ dolları faiz borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla ümumilikdə 5434,99 (beş min dörd yüz otuz dörd ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə çəkilmiş 210 (iki yüz on) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar