Məhkəmə qərarları › İş №2(008)-5318/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5318/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5318/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi (dəqiqləşdirilmiş tələb) ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1114/2023 №-li qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailimentın, eyni zamanda cavabdehin əlavə xərcə cəlb olunması qaydasında olaraq 1 il ərzində hər ay 600 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur - xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X8. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1114/2023 qətnaməsi ilə X8 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqları artıq böyüyüb və xərcləri artıb. X8 “Neyron” Tibb Mərkəzində müayinə olunmuş, onun nitq pozuntusu (nitq ləngiməsi) xəstələyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin uşağın “Freyd” X7 müalicə olunaraq təlimlər keçir. Həmin Nitq X1 müalicə və təlim dərslərinə hər ay 225 manat ödəyir. Həmçinin digər uşağı X3 “Neyron” Tibb Mərkəzində müayinə olunmuş, onun psixi-inkişaf ləngiməsi xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin uşağın da “Freyd” X7 müalicə olunaraq təlimlər keçir. Həmin Nitq X1 müalicə və təlim dərslərinə hər ay 225 manat ödəyir. Həmçinin “Neyron” X9 və Loqotep seanslarına gedir. Həmin seanslara həftədə 3 dəfə olmaqla hər seansa 35 azn (aylıq 420 manat) pul ödəyir. Uşaqlarının ikisinə birlikdə müalicə və dərsləri üçün ümumilikdə (450+420) 870 manat pul ödəyir. Uşaqlarının tələbatını ödəməyə çətinlik çəkir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, bir il ərzində hər iki uşaq psixoloq və loqoped seanslarına getməlidilər, aylıq xərci 600 manat təşkil edir, uşaqları balaca olduqları üçün rəsmi işə gedə bilmir, evdən repetitorluq edir ki, uşaqlarını layiqincə böyüdə bilsin, lakin onun əldə etdiyi gəlir və ödənilən aliment xərcləri tam ödəmir, bu əsasdan çox əziyyət çəkir, bir ilin tamamında seansların dayandırılması və ya davam etdirilməsi həkimlər tərəfindən müəyyən ediləcək. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2020-ci il tarixdə X3, xx.xx.2021-ci il tarixdə X8 (452749 və 618459 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1114/2023 qətnaməsi ilə X8 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin iki uşağının da nitq probleməi var» Belə ki, Azərbaycan Respublikası Səhiyyə nazirliyi «Neyron” Tibb Mərkəzi tərəfindən verilmiş arayışlardan görünür ki: X3 xx.xx.2024-cü il tarixdə Mərkəzdə müayinə olunmuş, ona «nitq ləngiməsi» diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixdən etibarən həftədə 3 dəfə olmaqla, gündəlik ödəniş 15 manat təşkil edən loqoped seanslarına gəlir; X8 xx.xx.2024-cü il tarixdən etibarən psixi-inkişaf ləngiməsinə görə mütəmadi olaraq Mərkəzdə 1 il ərzində həftədə 3 dəfə olmaqla, gündəlik ödəniş 35 manat təşkil edən psixoloq və loqoped seanslarına gəlməlidir. Beləliklə, Zeynalov Məhəmmədin bir aylıq müalicə xərci 180 manat (15 manat x 3 dəfə x 4 həftə), Zeynalov Əlinin bir aylıq müalicə xərci 420 manat (35 manat x 3 dəfə x 4 həftə), iki uşaq üçün 600 manat təşkil edir. İddiaçının verdiyi izahata əsasən bu seanslar hələ ki bir il ərzində olmalıdır, bir ilin tamamında seansların dayandırılması və ya davam etdirilməsi həkimlər tərəfindən müəyyən ediləcək. Elektron məhkəmə sistemindən cavabdehin "xxxx" MMC-də anbardar vəzifəsində işlədiyi və 555 manat məbləğində əmək haqqı aldığı, eyni zamanda mülkiyyətində 2011-ci il buraxılışı olan Hyundai Accent minik markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğu görünür. İddiaçı rəsmi işləmir, lakin evdən xarici dil üzrə repetitorluq fəaliyyəti göstərir (iddiaçının izahatı). Hazırda iddiaçı alimentin məbləğinin aratırılması və hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin, eyni zamanda əlavə olaraq bir il ərzində 600 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların hər ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Hazırki işdə isə iddiaçı işləmir belə. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş aliment artırılaraq cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində aliment, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla müəyyən edilməlidir. Cavabdeh eyni zamanda iki uşaq üçün əlavə olaraq bir il ərzində hər ay 600 manatın tutulmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edildiyi kimi, uşaqların hər ikisinin nitq problemi var, onlar bir il ərzində mütəmadi olaraq psixoloq və loqoped seanslarına getməlidilər, onların bir aylıq əlavə xərcinin 600 manat olmasına dair iddiaçı mötəbər sübutlar təqdim etmişdir. Bundan başqa, məhkəmə cavabdehin rəsmi işlədiyi və 555 manat məbləğində əmək haqqı aldığı, eyni zamanda mülkiyyətində avtomobilin olduğunu müəyyən etmişdir, yəni cavabdehin əlavə xərcə cəlb edilməsi onun özünü maddi baxımdan ağır vəziyyətə salınmasına səbəb ola bilməz. Lakin, məhkəmə hesab edir ki, cavabdeh əlavə xərcə qismən cəlb edilməli, ondan bir il ərzində hər ay əlavə olaraq 100 manat pul tutulmalı, bir ilin tamamında həmin pulun tutulması dayandırılmalıdır. Adıçəkilən maddi normalar Ailə Məcəlləsinin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlanan beşinci bölməsində yerləşdiyindən məhkəmə hesab edir ki, həmin 100 manat əlavə xərc xx.xx.2024-cü il tarixdən (iddia verildiyi tarixdən) tutulmalı və qətnamənin həmin hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1560 manat təşkil edir (235 manat x 2 uşaq x 12 ay = 5640, 220 manat x 12 ay x 2 uşaq = 5280 manat, 5640 manat - 5280 manat = 360 manat, 360 manat + 1200 manat = 1560 manat). 1560 manat məbləğində iddiaya görə 35,6 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutuldğunudan və iddiaçı 50 manat məbləğində mediasiya xərcini ödədiyindən cavabdehdən dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1114/2023 №-li qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarı artırılsın, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə tutulsun. İki uşağın müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 100 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdən hesablanmaqla bir il ərzində Cavabdeh İddiaçı xeyrinə tutulsun. xx.xx.2025-ci il tarixdə 100 manat əlavə xərcin tutulması dayandırılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamə 100 manatın tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar