Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5321/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" QSC borclu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 404,58 manat əsas borc, 27,59 manat faiz borcu, 25,29 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 35 manat borc, bildirişlərin göndərilməsi üzrə 8 manat poçt xərci və 20.40 manat dövlət rüsumu olmaqla, cəmi 520,86 manat məbləğində pul vəsaitinin kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 18.12.2014-cü il tarixdə borclu ilə kreditor arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” (müqavilə) bağlanmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən Kreditor borcluya cari hesab açmağı, açılış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(lar)ı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə müvafiq olaraq, borcluya bu əməliyyatların aparılması üçün **********405183 nömrəli kredit kartı verilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öz borcunu ödəməkdən yayınır. Hazırda borclunun kreditora əsas və faiz və digər xərclər üzrə borcu vardır. Həmçinin kreditorun borcunun məhkəmə qaydasında alınması məqsədilə 20,40 manat dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7131/2015 saylı, 02.07.2015-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1993-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh "xxxx" QSC-nin xeyrinə 404,58 manat əsas borc, 27,59 manat faiz borcu, 25,29 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 35 manat borc, 8 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Cavabdeh əmrə etiraz verərək bildirmişdir ki, heç vaxt "xxxx" QSC ilə kredit müqaviləsi bağlamamış və həmin qurumdan kredit götürməmiş, barəsində məhkəmə icraatının olmasından xəbərsiz olmuşdur. Bir şəxs onun adından və şəxsiyyət vəsiqəsindən istifadə edərək saxta sənədlər əsasında müxtəlif banklardan kredit götürmüşdür. Anoloji işə bir dəfə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Mülki iş üzrə mübahisə olduğundan, qeyd olunan məhkəmə əmrinin ləğv edilməsi və mülki işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7131/2015 saylı, 08.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7131/2015 saylı, 02.07.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, "xxxx" QSC ilə kredit müqaviləsi bağlamamış və həmin qurumdan kredit götürməmişdir. Barəsində məhkəmə icraatının olmasından xəbərsiz olmuş, bir şəxs onun adından və şəxsiyyət vəsiqəsindən istifadə edərək saxta sənədlər əsasında müxtəlif banklardan kredit götürmüşdür. Həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün hüquqmühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmamışdır. Anoloji işə bir dəfə Bakı Apellyasiya Məhkəməsində baxılmış, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müqavilədəki imzaların ona məxsus olmadığı müəyyən edilmişdir. Hazırkı işdə də kredit müqaviləsindəki imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmiş, bu hal məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mübahisənin obyektiv həlli məqsədilə, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan 18.12.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin 18-ci səhifəsinin aşağı sağ küncündə “İmza” qrafasında diyircəkli qələmlə çəkilmiş imzanın və həmin səhifədən sonra gələn boş səhifədəki diyircəkli qələmlə yanaşı çəkilmiş iki imzanın Cavabdeh tərəfindən, yaxud başqa şəxs tərəfindən icra olunması barədə ekspert qarşısında sual qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1388 saylı, 20.10.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 18.12.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin 18-ci səhifəsində “Müştəri/Kart/Əlavə Kart sahibi” qrafasında imza yazısının qarşısındakı imza, 18-ci səhifədən sonrakı boş səhifədə çəkilmiş 2 imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin normanın tələbindən göründüyü kimi, hazırkı iddianın təmin olunması üçün ilk növbədə kredit müqaviləsi üzrə bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləğin cavabdehə verildiyi sübuta yetirilməlidir. İş üzrə verilmiş ekspert rəyi ilə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 18.12.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi, sübut etmə vəzifəsi ifadəsi mülki-prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyinə müvafiq olaraq, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" QSC-dən kredit götürməsi faktı iş materialları ilə təsdiqini tapmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5321/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5321/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver