Məhkəmə qərarları › İş №2(008)-5321/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5321/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5321/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-3976/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqları xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat məbləğində alimentin məbləğininin artırılaraq cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə ailə qürmuş, nikahı isə 1 aydan sonra qeydiyyata aldırmış və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4-də yerləşən, 2 saylı evə gəlin köçüb yaşamağa başlamışdır. İki uşaqları anadan olmuşdur. xx.xx.2005-ci ildə doğulmuş X5 və xx.xx.2008-ci ildə doğulmuş X3. Allahverdiyev İlkin yetkinlik yaşına çatmışdır. Cavabdehlə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, iki uşağa görə aliment təyin edilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)- 3976/2018 №li, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq iki uşaq üçün 308 manat (hər uşağa 154 manat) təyin edmilşdir. 4 il bundan əvvəl bir uşağı üçün təyin olunmuş 154 manat aliment az miqdarda olduğundan həmin pul uşağın təlabatını ödəmir, 154 manat pula uşaq saxlamaq olmur, ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. Halhazırda «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanuna əsasən uşaqlar üçün yaşayış münimumu 2023-cü il yanvar ayının 1-dən 220 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, özü işləyir, 450 manat əmək haqqı alır, qızı 9-cu sinifdədir, hazırlıqlara gedir, universite imtahanlarına hazırlaşır, cavabdehin kifayət qədər imkanı var, oğluna qarşı iddia qaldırıb, üç vəkil tutub, qazandığını arağa xərcləyir. Cavabdeh izahat verərək qeyd etdi ki, işləmir, əli ağradığından ağır işlərə gedə bilmir, aliment borcu yığılıb, imkanı yoxdur. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2008-ci il tarixdə doğulmuş X3 (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 359061 №-li doğum haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin 2(008)-3976/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsilə xx.xx.2005-ci ildə doğulmuş X5 və xx.xx.2008-ci ildə doğulmuş X2 görə təyin edilmiş alimentin miqdarı hər uşaq üçün 154 manata artırılmışdır. xx.xx.2023-cü il tarixdə X5 yetikinlik yaşına çatmışdır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-də işləyir və 350 manat məbləğində əmək haqqı alır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, beş il ərzində iddiaçı alimentin artırılması barədə iddia vermədiyindən, hazırda uşağın biri yetkinldik yaşına çatdığından, bir uşaq üçün alimentin məbləği 220 manat müəyyən edildiyi təqdirdə cavabdehin də ödəyəcəyi alimentin məbləği azaldığından (əvvəl iki uşaq üçün 354 manat aliment təyin edilmişdir), cavabdeh işləmədəyinə dair sübut məhkəməyə təqdim etmədiyindən, X3 universitet imtahanlarına hazırlıq yaşında olduğundan iddia təmin edilməli və xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat məbləğində alimentin məbləğini artırılaraq cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmalı, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Sabunçu rayon Məhkəməsinin 2(008)-3976/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat məbləğində alimentin məbləği artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar