Məhkəmə qərarları › İş №2(008)-5404/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5404/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5404/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)- 1528/2023 saylı qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilən 60 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nm Potu kənd inzibati nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşaqları doğulmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması tamamilə başqa-başqa adamlar olduqlarını sübut etdi. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da uşaqları onun yanında qalmışlar. O, Göyçay Rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsində Cavabdeh ilə rəsmi qaydada xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nın Potu kənd inzibati nümayəndəliyində bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmaları və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə xx.xx.2023-cü il tarixli 2(046)-1528/2023 saylı qətnamə qət olunmuşdur. Uşaqları artıq böyüyüb və xərcləri artıb. Əvvəllər uşaqları ilə birlikdə Göyçay rayonunda yaşasa da, artıq uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Bakı şəhərində uşaqlarının xərclərini ödəməyə çətinlik çəkir. Hər uşaq üçün ödənilən 150 manat aliment çox azlıq təşkil edir. Həmin məbləğ uşaqların sağlamlığı, təhsili, geyimi və istirahəti üçün çox azdır. O, bir ana kimi uşaqlarının arzusunu həyata keçirə bilmir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. İndi həmin miqdarda olan pula uşaqlarını saxlamaq və onların təlabatlarını ödəmək çox çətindir. Ona görə də alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsili, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. İddiaçının özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsi olması nəzərə alınmalıdır. İddiaçı özü də rəsmi işləyir və aylıq məvacib alır. O, bir valideyn kimi uşağın saxlanılmasında məsuliyyət daşıdığı kimi iddiaçı da bir valideyn olaraq, məsuliyyət daşıyır. İddiaçının da qazancı (gəliri) müntəzəmdir. Eyni zamanda, təyin edilmiş alimenti ödəməsinə baxmayaraq, iddiaçı uşaqlarla görüşməyə qoymur, müntəzəm maneələr yaradır. Bundan başqa iddiaçının tələb etdiyi məbləğlə isə həm özünün yaşayışı, həm də iki uşağın saxlanılması qeyrimümkündür. O, rəsmi heç yerdə işləmir, rəsmi gəlir yeri yoxdur. İddiaçı qeyd etdikləri barədə məhkəməyə heç bir sübutu təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Onun ayda 500 manat məbləğində pul gəliri var. Qeyd etdikləri ilə yanaşı bir daha bildirir ki, o, ailəsinin dağılmasını istəmir, baxmayaraq ki, iddiaçının anası və qardaşının müdaxilələri dayanmadan davam edir. Hazırda 2 uşağa görə təyin edilmiş 300 manat pul iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 604237 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ seriyalı 899335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - Göyçay Rayon Məhkəməsinin 2(046)-1528/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı ilə Göyçay rayon İHB-nın Potu kənd inzibati nümayəndəliyində 12 mart 2010-cu ildə 05 № ilə qeyd edilmiş nikahının pozulması, birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MB/16/2024-00965 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlılar anaları İddiaçı yanında qalmışlar. Göyçay Rayon Məhkəməsinin 2(046)-1528/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşaqların mənafelərini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Göyçay Rayon Məhkəməsinin 2(046)-1528/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı, 40.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-1528/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar