Məhkəmə qərarları › İş №2(008)-5407/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5407/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5407/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 30000 manat və Cavabdeh2 20000 manat mələğində pulun və 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 30000 manat və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 20000 manat pul qazanma məqsədi ilə borc vermişdir. Cavabdehlər tərəfindən qazanc olaraq iki ay 300 manat verildi. Sonradan cavabdelər qazanc olaraq pul vermədiklərinə görə onlara borclarının qaytarlmasını tələb etdi. Razılğa görə cavabdelər xx.xx.2023-cü il tarixdə verilmiş borcun tam şəkildə qaytarılmasına söz verdilər. Həmin şəxslər əvvəlcə etibarını qazanaraq etibarından sui istifadə etdilər. Dəfələrlə cavabdehlərdən pulunu isdəməyinə baxmayaraq cavabdehlər pulun qaytarılmasından boyun qaçırdırlar. Bu iki qardaşın ümumilikdə ona 50000 manat borcları var. Pulunun qaytarılması ilə bağlı cavabdehlərdən Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinə və Sabunçu rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməyinə baxmayaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Vətandaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən mülki qayda olduğuna ğörə məhkəməyə müraciət etməyi məqsədəuyuğun görüldü. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, Zaur iki dəfə 300 manat ona qaytarmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdehlərin arasında borc müqaviləsi bağlanmamış, lakin hər ikisi götürdükləri pula dair iltizam imzalamışdır. Belə ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iltizam imzalayaraq iddiaçıdan 30000 manat məbləğində borc aldığını etiraf etmiş və 2023-cü ilin 03 mart tarixinədək qaytaracağına söz vermişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iltizam imzalayaraq iddiaçıdan 20000 manat məbləğində borc aldığını etiraf etmiş və 2023-cü ilin 03 mart tarixinədək qaytaracağına söz vermişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iltizamın onun tərəfindən imzalandığını etiraf etmiş, lakin aralarındakı münasibətin əslində borc münasibəti olmadığını və ümumiyyətlə borcun o qədər olmadığını və növbəti məhkəmədə buna dair sübutlar təqdim edəcəyini, qardaşı tərəfindən iltizamın imzalanıbimzalanmadığını bilmədiyini, qardaşının məhkəmə işi barədə məlumatının olduğunu və növbəti məhkəmədə qardaşının iştirakını təmin edəcəyini bildirmişdir. Lakin, sonradan özü də, qardaşı da məhkəməyə gəlməmiş, hər-hansı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh2 iddia ərizəsinə etiraz verməmiş, iltizamdakı imzanın ona aid olmasını mübahisələndirməmiş, iddiaçıya borcun olub-olması barədə məhkəməyə məlumat verməmiş, mübahisəyə münasibət bildirməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Tərəflərin arasında yazılı borc müqaviləsi olmamışdır (məbləğ 3000 manat artıq olmuşdur), cavabdehlər aldıqları pul məbləğini yazılı etiraf etmişlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, tərəflərin arasında belə iki tərəfli razılaşma yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının hesabına əsassız varlanmışlar. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin, iddiaçı Cavabdeh2 tərəfindən iki dəfə 300 manatın verildiyini etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 19400 manat məbləğində (20000 manat – 600 manat), Cavabdeh1 isə 30000 manat məbləğində iddiaçının hesabına əsassız varlanmışlar və həmin məbləğlər onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 240 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia 49400 manat hissədə təmin edildiyindən (30000 manat + 19400 manat), 238,2 manat dövlət rüsumu ümumi tutulmalı, həmin məbləğin 60,72 faizi, yəni 144,63 manat Cavabdeh1, 39,28 faizi, yəni 93,57 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, 1,8 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 30000 manat, Cavabdeh2 19400 manat mələğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 144,63 manatı Cavabdeh1, 93,57 manatı Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, 1,8 manat dövlət rüsumu iddiaçıa aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 30000 manat, Cavabdeh2 19400 manat mələğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 144,63 manat dövlət rüsumu Cavabdeh1, 93,57 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. 1,8 manat dövlət rüsumu iddiaçıa aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar