Məhkəmə qərarları › İş №2(008)-5506/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5506/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5506/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X4, Cavabdeh X2 iştirakları ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə (dəyişdirilmiş tələblə) məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1005,98 manat əsas borc, 250,05 manat cari faiz borcu və 21,66 manat cari dəbbə borcu olmaqla, cəmi 1277,69 manat məbləğində borcun, 33,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC X5 arasında imzalanmış xx.xx.2022-ci il tarixli GARA-9109-1608 №-li kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli GARA-9109-1608 №-li razılaşmaya əsasən ikinciyə 38% 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş cədvəlinə əsasən borclu hər ay 110 manat ödəniş etməli idi. Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli GARA-9109-1608+GARA-9113 №-li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixi üçün 1005,98 manat əsas borcu, 250,05 manat cari faiz borcu və 21,66 manat cari dəbbə borcu olmaqla, cəmi 1277,69 manat borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasından iştirak edən cavabdeh borcunu etiraf etdi, lakin birdəfəyə həmin pulu ödəmək iqtidarında deyil. Məhkəmə, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə X5 arasında imzalanmış xx.xx.2022-ci il tarixli GARA-9109-1608 №-li kredit müqaviləsinə X3 38% 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. İddiaçı ilə digər Cavabdeh2 rasında eniy gündə GARA-9109-1608+GARA-9113 №-li zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixə banka 1005,98 manat əsas borcu, 250,05 manat faiz borcu və 21,66 manat dəbbə borcu olmaqla, cəmi 1277,69 manat borcu vardır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdeh X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, bank borcluları öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit borcunun ödənilməsi və müqaviləyə xitam verilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarından borcun ödənilməsi görünmür. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutularaq ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, eyni zamanda müqavilənin ləğv edilməsi təklif edilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilənin ləğv edilməsinə münasibət bildirilməmişdir. İddiaçı borc məbləğinin eyni zamanda zamindən də tutulmasını istəyir. Məhkəmə hesab edir ki, borc hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X5 və Cavabdeh2 müştərək qaydada "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCnin xeyrinə 1005,98 manat əsas borc, 250,05 manat faiz borcu və 21,66 manat dəbbə borcu olmaqla, cəmi 1277,69 manat məbləğində borc, 33,40 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar