Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-551/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.250.000 manat pul vəsaitinin qarşılığında, həmin pul vəsaitinin gecikdirilmiş hər ili üçün (cəmi 4 il) 5% olmaqla, ümumilikdə 450.000 manat, ödənilmiş 628 manat dövlət rüsumu, vəkil xidmətindən istifadəyə görə 200 manat pulun cavabdehdən alınaraq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 4723/2021 saylı qətnaməsi ilə Cavabdeh 2.250.000 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı X9 Thomasa ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-600/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti cəza verilmiş, həmçinin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksinin (mebel sexi RX seriyalı 0244336) iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Bundan əlavə, cavabdeh 1.600.000 manat pul vəsaitini 1 il 6 ay ərzində iddiaçıya aylıq 100.000 manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüş və aralarında barışıq sazişi imzalanmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini iddiaçıya təqdim edərkən artıq həmin əmlak "xxxx" QSC-yə ipoteka ilə yüklü edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016- cı il tarixli 2(103)-4289/2016 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-619/2021 saylı qərarı ilə "xxxx" QSC-nin şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilmiş, həmin hissə hökmdən xaric edilmişdir. Hazırkı vaxtadək iddiaçı 1.600.000 manat pulu və Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini və ya onun dəyəri 650.000 manat olan pulu heç bir formada ala bilməmişdir. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-600/2018 saylı hökmündən görünür ki, Cavabdeh, Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, CM-in 178.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 06 ay 11 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üzərində 06 il 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxslə əldə olunmuş barışıq sazişinə əsasən və həmin sazişin icrası məqsədilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 533a saylı bağ evinin zərərçəkmiş şəxs Ştitternat Hans-Georq Tomasın mülkiyyətinə verilməsi və mülki iddiaya qalan hissədə xitam verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-619/2021 saylı qərarına əsasən, "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilmiş, göstərilən hökm mülki iddiaya aid hissədə dəyişdirilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksinin zərərçəkmiş şəxs Ştitternat Hans-Georq Tomasın mülkiyyətinə verilməsi hissəsi hökmdən xaric edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 4723/2021 saylı qətnaməsindən məlum olur ki, iddiaçı X2 cavabdehlər Cavabdeh, X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 2.250.000 manat məbləğində pulun və dövlət rüsumunun tutularaq X3 ödənilməsi qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda Heinz- Georg Stichternath X1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4723/2021 nömrəli qətnaməsi üzrə ona ödənilməli olan 2.250.000 manat məbləğində pul vəsaitinin borclu tərəfindən ödənilməməsi səbəbindən, həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 450.000 manat məbləğində faiz borcunun xeyrinə tutulmasını, yəni hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə xeyrinə tutulmalı olan pul məbləğinin üzərinə faiz hesablayaraq, həmin faiz borcunun tutulmasını xahiş edir. Lakin məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin nə hüquqi, nə də faktiki əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Digər tərəfdən, hazırkı iş üzrə isə cavabdehin tərəfindən pul öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçı, ona nə kimi zərər dəydiyini göstərməmiş, buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəə hesab edir ki, İddiaçı X2 Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair iddia rədd edilməlidir. İddia tələbi göstərilən hissədə rədd edildiyindən hüquqi yardımın göstərilməsinə görə çəkilən xərcin əvəzi, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun əvəzinin tutulması hissəsində də təmin edilməməli, həmin xərclər iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X2 Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-551/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-551/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver