Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5515/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2054 manat ziyan məbləğinin və 40.54 manat dövlət rüsumu cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində işıqforun qırmızı işığında dayanan zaman eyni istiqamətdə hərəkət edən “Ford Transit” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avomobil ondan arxada dayanan “İsuzi” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə dəyərək, idarəetməni itirərək, onun avtomobilinin arxa sağ yan hissəsinə çırpılmışdır. Daha sonra həmin avtomobil sola doğru sürüşərək ondan qarşıda dayanmış Baku Bus-a məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə və onun avtomobilinin qabaq hisəssinə dəyib dayanmışdır. 13 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəza nəticəsində ona 4545.00 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan ziyan məbləğindən sadəcə 2491,72 manat məbləğini ona ödənilmişdir. Lakin qalan 2054 manat ziyan məbləğinin ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək, avtomobil onun adına olsa da, etibarnamə ilə iş üzrə digər cavabdeh olan Cavabdeh1 verdiyini, onun taksi fəaliyyəti ilə məşğul olduğunu və hadisə olan vaxtı orda olmadığını qəzanın baş verməsini Rəşadın ona xəbər verdiyini dedi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilən 13 may 2023-cü il tarixli qərardan görünür ki, Cinayət işinin başlanmasını rədd ediblər. İş materiallarında olan Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2023cü il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh1 sözügedən zəncirvari yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib və inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan “Xalq Sığorta” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli PXA 142291 nömrəli qüsur aktından görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən “Mercedes Benz E 220” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avomaşının təmir xərcinin məbləği 4545 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Hesabdan çıxarışa əsasən xx.xx.2023cü il tarixdə Xalq Bank ASC tərəfindən İddiaçı 2491.72 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ƏN-VİN 422381 nömrəli etibarnaməyə əsasən Cavabdeh2 məxsus “Ford Transit” markalı maşını etibarnamə əsasında idarə etmək üçün 3 (üç) ay müddətinə Cavabdeh1 idarəciliyinə verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində işıqforun qırmızı işığında dayanan zaman eyni istiqamətdə hərəkət edən “Ford Transit” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avomobil ondan arxada dayanan “İsuzi” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə dəyərək, idarəetməni itirərək, onun avtomobilinin arxa sağ yan hissəsinə çırpılmışdır. Daha sonra həmin avtomobil sola doğru sürüşərək ondan qarşıda dayanmış Baku Bus-a məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə və onun avtomobilinin qabaq hisəssinə dəyib dayanmışdır. 13 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəza nəticəsində ona 4545.00 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan ziyan məbləğindən sadəcə 2491,72 manat məbləğini ona ödənilmişdir. Lakin qalan 2054 manat ziyan məbləğinin ödənilməsi təmin edilməmiş və cavabdehlərin təqsiri səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunun tələbindən də göründüyü kimi Cavabdeh1 Kamil oğlunun idarə etdiyi Cavabdeh2 məxsus “Ford Transit” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avomobili xx.xx.2023-cü il tarixli ƏN-VİN 422381 nömrəli etibarnamə əsasında idarə etdiyindən Cavabdeh1 Kamil oğlu iddiaçı qarşısında özü məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 2054 manat dəymiş zərər və 40,54 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2054 (iki min əlli dörd) manat dəymiş zərər və 40,54 (qırx manat, əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5515/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5515/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver