Məhkəmə qərarları › İş №2(008)-5549/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5549/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5549/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15.734,43 AZN əsas borc, 1139.71 AZN faiz borcu və 152.91 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.027,25 AZN və 141.08 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 18.000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il iyulun 21-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15.734,43 AZN əsas borc, 1139.71 AZN faiz borcu və 611.63 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.485,77 AZN borcu vardır. Cavabdeh1 .08.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 611.63 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 152.91 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında qeyd olunan borcu götürdüyünü etiraf etmiş, iddianı qismən qəbul etdiyini, borc məbləğindən ödənişlər (hissə-hissə 4000 manat, 6000 manat) etdiyini, 3-4 ay gecikməsi olduğunu, təxminən 6000-7000 manat borcu qaldığını bildirmişdir. Əsas və faiz borcunu qəbul edir, cərimə borcunu isə qəbul etmir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 141.08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 18.000 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 17% olmaqla 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay banka 641.75 manat (sonuncu ay 641.69 manat) ödəməli idi. -İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər müqaviləsi üzrə zamin olaraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə banka 15.734,43 manat əsas, 1139.71 manat faiz, 611.63 manat cərimə olmaqla, cəmi 17.485,77 manat məbləğində borcu vardır. -İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə banka 5534.43 manat əsas, 1732.17 manat faiz, 1283.25 manat cərimə olmaqla, cəmi 8549.85 manat məbləğində borcu vardır. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə banka 5534.43 manat əsas, 1779.21 manat faiz, 1316.94 manat cərimə olmaqla, cəmi 8630.58 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdehə 18.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 15.734,43 manat, faiz borcunun məbləği 1139.71 manat göstərilmişdir. Məhkəməyə təqdim edilmiş sonuncu maliyyə arayışından isə görünür ki, cavabdehin maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə əsas borcu 5534.43 manat, faiz borcu 1779.21 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas və faiz borcunun məbləği xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmiş qaydada, əsas borc 5534.43 manat, faiz borcu 1779.21 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1316.94 manat məbləğində cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 276.73 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5534.43 manat məbləğində əsas borc, 1779.21 manat məbləğində faiz borcu, 276.73 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7590.37 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, cavabdehlərdən 95.90 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5534.43 manat məbləğində əsas borc, 1779.21 manat məbləğində faiz borcu, 276.73 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7590.37 manat məbləğində pul vəsaiti və 95.90 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar