Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5573/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5333,38 manat əsas borc, 717,85 manat faiz borcu və 120,60 manat cərimə borcu olmaqla, cəmi 6171,83 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması və tərəflər arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 25 faizlə 30 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh2, Cavabdeh3, X6 ilə 13.09.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyi icra etməkdən yayınır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, "xxxx" İKB ASC ilə aralarında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bankdan 10.000 manat məbləğində kredit götürmüşdür. Restoranların birində kababçı işləyir, COVİD-19 koronavirus pandemiyası onun da maddi vəziyyətinə təsir etmiş, iş yeri bağlanmışdır. Ona görə də, götürdüyü kredit üzrə ödənişləri vaxtlı-vaxtında ödəyə bilməmişdir. Hazırda tələb olunan borcu bir dəfəyə ödəməyə maddi imkanı olmadığından, borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq, onunla zaminlik müqaviləsi bağlanmışdır. Lakin hazırda qeyd olunan kredit müqaviləsi üzrə tələb olunan borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq, onunla zaminlik müqaviləsi bağlanmışdır. Lakin hazırda qeyd olunan kredit müqaviləsi üzrə tələb olunan borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsinə əsasən, kreditor "xxxx" İKB ASC borcalan Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə 30 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 13.09.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı zaminlik müqavilələrindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və X6 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 13.09.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 10.000 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 13.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcu 5333,38 manat əsas borc, 717,85 manat faiz borcu və 120,60 manat cərimə borcu olmaqla, cəmi 6171,83 manat təşkil edir. İş materiallarında olan 07.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir, həmçinin zaminlər üzərkırinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada əsas borcun və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, 13.09.2019-cu il tarixli, 11- MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5333,38 manat əsas borc, 717,85 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 6061,23 manat borc tutulmalı, tərəflər arasında bağlanmış 13.09.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdehlərə aid edilərək, onlardan tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 müştərək qaydada 13.09.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi üzrə 5333,38 manat əsas borc, 717,85 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 6061,23 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 25 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Tərəflər arasında bağlanmış 13.09.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5573/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5573/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver