Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5577/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21214” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı üçün ödədiyi 3800 manatın, 2014-2021-ci illər üzrə ödədiyi icbari sığorta üçün 503 manat 75 qəpik, texniki baxışı üçün ödədiyi 175 manatın, avtomobilin təmiri üçün ödədiyi 6707 manatın, həmçinin, Cavabdeh yaşadığı yer üçün arayışa görə vəkil sorğusu üçün verdiyi 80 manat rüsumun, ümümilikdə isə 11.265 manat məbləğində pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21214” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə üzrə ona məxsus olmuşdur. Həmin avtomobili 29 dekabr 2007-ci ildə Cavabdeh 3800 manata nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə üzrə satın almışdır. 13 ildən artıqdır ki, həmin avtomobilə mübahisəsiz sahiblik və istifadə etmişdir. 2021-ci ilin aprelində cavabdeh ona verdiyi etibarnaməni ləğv edərək həmin avtomobili ondan almışdır. Avtomobilin satışı üçün ödədiyi 3800 manat pulu, texniki baxışına, 2014-cü ildən 2021-ci ilə kimi avtomobilin icbari sığortasına və təmiri üçün ödədiyi pulları ödəməmişdir. Bununla da cavabdeh həmin pulları ona geri qaytarmadığına görə onun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia rədd edilməlidir. Həmçinin, avtomobil cavabdeh tərəfindən satılmamış və bununla bağlı iddiaçıdan hər hansı bir vəsait alınmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AA seriyalı 533660 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2003-cü il tarixdən Cavabdeh İsrail oğlunun mülkiyyətindədir. - EQ ******* nömrəli xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində (nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - xx.xx.2020-ci il tarixli fiziki şəxslərin avtomobil nəqliyyatı vasitələrinin və üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı “VAZ- 21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 36 manat sığorta haqqı ödəmişdir. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilədək "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2019-cu il tarixli fiziki şəxslərin avtomobil nəqliyyatı vasitələrinin və üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı “VAZ- 21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 36 manat sığorta haqqı ödəmişdir. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci ilədək "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2018-ci il tarixli üçüncü şəxs qarşısında mülki məsuliyyətin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 19 manat sığorta haqqı ödəmişdir. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2017-ci il tarixli üçüncü şəxs qarşısında mülki məsuliyyətin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 19 manat sığorta haqqı ödəmişdir. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilədək "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri 4 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 42 saylı dövlət notariat kontorunda İddiaçı verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir. - ƏN-Vİİ seriyalı 638514 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X2 (Cavabdeh-təmsil edilən) “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri etməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi İddiaçı etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədədir. - ƏN-İİ seriyalı 167014 nömrəli xx.xx.2007-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 20 il müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədədir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 80 manat məbləğində pul vəsaiti ödənilmişdir. - xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının DİN BDYPİ-nin hesabına 25 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının DİN BDYPİ-nin hesabına 45 manat məbləğində cərimə ödənilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4528/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İsmayıl oğluna qarşı “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin avtomobilin geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, “Moskviç İJ 21251” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. - Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, “Volkswagen Arteon R-line” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehdən 3800 manata aldığını, nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə, icbari sığortasına və təmirinə pul xərclədiyini iddia edərək, cavabdehdən cəmi 11.265 manat məbləğində pul tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1.3. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 20 il müddətinə verilmiş ƏN-İİ seriyalı 167014 nömrəli xx.xx.2007-ci il tarixli etibarnamə əsasında özünə məxsus “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə verilən vaxtdan nəqliyyat vasitəsi iddia ərizəsində özünün də etiraf etdiyi kimi İddiaçı istifadəsində olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə həmin nəqliyyat vasitəsinə dair iddiaçıya verdiyi etibarnaməyə xitam vermişdir. Göründüyü kimi iddiaçının “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanunla nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüququ yaranmamış, nəqliyyat vasitəsi yalnız onun etibarnaməli idarəçiliyində olmuşdur. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4528/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh İsmayıl oğluna qarşı “VAZ-21214” minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin avtomobilin geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı izahatında bildirmişdir ki, nəqliyyat vasitəsinə 29 dekabr 2007-ci ildən 13 ildən artıq müddətdə mübahisəsiz sahiblik və istifadə etmişdir. Belə olan halda, idarə etdiyi nəqliyyat vasitəsinin təmirinə, texniki baxışdan keçirilməsinə və icbari sığorta edilməsinə çəkilən xərclərin cavabdehdən tələb edilməsi əsassızdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5577/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5577/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver