Məhkəmə qərarları › İş №2(008)-561/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-561/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-561/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48650 (qırx səkkiz min altı yüz əlli) manat və 51000 (əlli bir min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X2 küçəsi, ev 14, mənzil 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh iddiaçıdan borca pul istəmiş və iddiaçı ona müxtəlif vaxtlarda -12.05.2010-cu il tarixdə FJB**********943 nömrəli qəbzlə 45 000 (qırx beş min) manat, 12.05.2010-cu il tarixdə, FJB**********269 nömrəli qəbzlə 850 (səkkiz yüz əlli) manat, 12.05.2010-cu il tarixdə, FJB**********970 nömrəli qəbzlə 30 000 (otuz min) ABŞ dolları, 01.06.2010-cu il tarixdə, FJB**********097 nömrəli qəbzlə 2800 (iki min səkkiz yüz) manat və 01.06.2010-cu il tarixdə, FJB**********866 nömrəli qəbzlə 21 000 (iyirmi bir min) ABŞ dolları məbləğində borca pul vermişdir. Belə ki, iddiaçı Cavabdeh "xxxx" ASC-nin X1 adına olan **********03207301 saylı manat hesabına ümumilikdə 48 650 (qırx səkkiz min altı yüz əlli) manat və **********03207302 saylı dollar hesabına isə ümumilikdə 51 000 (əlli bir min) ABŞ dolları məbləğlərini müxtəlif tarixlərdə (12.05.2010-cu il və 01.06.2010-cu il tarixlərdə) hissə-hissə olmaqla nağd qaydada mədaxil etmiş və cavabdehin ondan hissə-hissə olmaqla müxtəlif vaxtlarda borc kimi aldığı və geri qartaracağma söz verdiyi həmin məbləğləri iddia ərizəsinə əlavə etdiyi müvafiq bank qəbzləri sübut edir. Cavabdeh müxtəlif tarixlərdə borc olaraq aldığı, məbləğləri iddiaçıya geri qaytaracağına söz versə də, cavabdeh tərəfdən bugünə kimi həmin borc məbləğindən hər hansı bir məbləği geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borcunu geri qaytarmasını tələb etsə də sonuncu üzərinə götürdüyü borcun geri qaytarılması öhdəliyini yerinə yetirməkdən imtina etmiş və nəticədə borclu olduğu məbləğdən hər hansı bir məbləği geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. 14.12.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 12.05.2010-cu il tarixli FJB**********943 nömrəli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 45000 manat məbləğində pul ödənilmişdir; -12.05.2010-cu il tarixli, FJB**********269 nömrəli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 850 manat məbləğində pul ödənilmişdir; -12.05.2010-cu il tarixli, FJB**********970 nömrəli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 30000 ABŞ dolları məbləğində pul ödənilmişdir; -01.06.2010-cu il tarixdə, FJB**********097 nömrəli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 2800 manat məbləğində pul ödənilmişdir; -01.06.2010-cu il tarixdə, FJB**********866 nömrəli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 21000 ABŞ dolları məbləğində pul ödənilmişdir; Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətləri nəzərə alaraq, mövcud mübahisənin həlli zamanı borc müqaviləsi haqqında qaydalar tətbiq edilməlidir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, borc müqaviləsi tərəflər arasında öhdəliyin yaranmasına səbəb olur və borclu həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə mülki işin araşdırılması zamanı belə nəticəyə gəlir ki, mülkin işin matriallarına iddiaçı tərəfindən əlavə edilmiş qəbzlərdən də görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə məxsus hesab müxtəlif məbləğlərdə pul məbləği köçürülmüşdür. Cavabdeh nə qədər də ona iddiaçı tərəfindən hər hanıs bir pul vəsaitinin verilmədiyini israr etsədə bu halı təkzib edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 48650 manat və 51000 ABŞ dolları məbləğində borcun tutulması əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 48650 (qırx səkkiz min altı yüz əlli) manat və 51 000 (əlli bir) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar