Məhkəmə qərarları › İş №2(008)-565/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-565/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-565/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** (hazırda **-CQ-*** dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyini nəzərə alaraq bazar qiymətinə uyğun iddiaçının nəqliyyat vasitəsinə müəyyən edilmiş 1/2 hissəsinə müvafiq 15000 (on beş min) manat məbləğ və 135 (yüz otuz beş) manat dövlət rusumu, cəmi 15135 (on beş min yüz otuz beş) manat Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 56 nömrəli mənzilə (Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi, Bakı şəhəri Sabunçu rayonu 2595 nömrəli məhəllə Y.Əliyev küçəsi 6-cı bina 1 -ci blok 4-cü mərtəbə 1 otaqdan ibarət ümumi sahəsi 67.2 kv.m olan 37 (yeni 44) nömrəli mənzilə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh pay hüquqlarının tanınması, “MERSEDES BENZ 230" markalı **-EO-*** dövlət nömrə nişanlı avtomobilin başqa şəxsə satılmasına dair 17 dekabr 2021 -ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarmaqla 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payların müəyyən edilməsi, “MİTSUBİSHİ PAJERO" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin başqa şəxsə satılmasına dair 15 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, əvvəlki vəziyyətinə qaytarmaqla 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ev 13. 56 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 16 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh mülkiyyət hüququ tanınmış, Bakı şəhəri Sabunçu rayonu Y. Əliyev küçəsi 2595 nömrəli məhəllə 6-cı bina 1-ci blok 4- cü mərtəbədə yerləşən ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) nömrəli mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmiş, "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə, Xəlilov Zöhrab Akif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli və "Mercedes Benz 230 " minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə, X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230" minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, nəqliyyat vasitələri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Qətnaməyə əsasən "Mitsubishi Pajero" minik markalı, **- FJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə Xəlilov Zöhrab Akif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilərək həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının payı müəyyən edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə X1 adına özgəninkiləşdirilmiş (ona satılmış) və dövlət qeydiyyat nişanı ** CQ ***-ya dəyişdirilmişdir. Sabunçu Rayon İcra Şöbəsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsindən gələn məktuba əsasən xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, 77CQ516 dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobil xx.xx.2024-cü il tarixdən X1 adına rəsmiləşdirilmiş və onun sahibliyindədir. İddia ərizəsinə əlavə edilmiş şəkillərdən də göründüyü kimi, nəqliyyat vasitələrinin satış elanları yerləşdirilən turbo.az internet saytına əsasən 3200 kub.m həcmli dizel mühərrikli, 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero" markalı nəqliyyat vasitələrinin satış qiyməti xx.xx.2024-cü il tarixə 29000 manat təşkil edir. Nəqliyyat vasitəsinin saz vəziyətdə olması qənaəti ilə artıq satılmış ‘"Mitsubishi Pajero” minik markalı **-EJ-*** (hazırda 77CQ516 dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2008-ci il buraxılışlı olmasını (buraxılışının ilin axınına olmasını), heç bir təmirə ehtiyacı olmadığını və saz vəziyyətdə olduğunu nəzərə alsa onun dəyərinin ən azı 30000 manat olması qənaətindədirlər. Nəqliyyat vasitəsinin hazırki qiymətini, həmçinin məhkəmə qətnaməsi ilə nəqliyyat vasitəsinə iddiaçının 1/2 hissədə payının müəyyən edilməsini nəzərə alınsa tələb məbləği 15000 manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Mitsubishi Pajero” minik markalı, **-EJ-*** (hazırda 77CQ516 dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyini nəzərə alaraq bazar qiymətinə uyğun onun nəqliyyat vasitəsinə müəyyən edilmiş ½ hissəsinə müvafiq 15000 manat (on beş manat) məbləğ, 135 manat (yüz otuz beş manat) dövlət rusumu və 300 manat ekspertiza üçün ödənilmiş xidmət haqqı, cəmi 15435 manat (on beş min dörd yüz otuz beş manat) Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında ekspert rəyinə etiraz etmədiyini, nəqliyyat vasitəsinin dəyərinin 9.500 manat qiymətləndirilməsi ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və Vəkil izahatında qiymətləndirici Tərəqqi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyi ilə razı olduqlarını, nəqliyyat vasitəsinin nikah dövründə 8.600 manata rəsmi qaydada satıldığını, satılarkən nəqliyyat vasitəsi nasaz vəziyyətdə olduğunu və 2008-ci ilin nəqliyyat vasitəsini 30.000 manata tələb edilməsi əsassız olduğunu bildirdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 623/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı **-EO- *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tərıxli, 2(008)- 623/2023 nömrəli qətnaməsi qismən - nəqliyyat vasitələri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmiş, “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə Xəlilov Zöhrab Akif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmiş, iddia tələbi “Mercedes Benz 230” minik markalı, **- EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə bağlı hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdrilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan Xəlilov Zöhrab Akif oğlunun kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 04.12 2008-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətində olmuş, alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək Xəlilov Zöhrab Akif oğlunun mülkiyyətində olmuş, daha sonra xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarına əlavə olunan “Mitsubishi Pajero” minik markalı avtomobilin bazar dəyəri ilə bağlı şəkillərdən görünür ki, “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 365 000 km avtomobilin bazar dəyəri -17900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 310 000 km avtomobilin bazar dəyəri – 23900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 195 200 km avtomobilin bazar dəyəri -28500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 236 000 km avtomobilin bazar dəyəri -26500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 359 800 km avtomobilin bazar dəyəri - 32500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 350 000 km avtomobilin bazar dəyəri - 29800 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 dekabr 2024-cü il tarixli 31 nömrəli ekspert rəyindən görünür ki, “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin likvid (real bazar) dəyəri 9500 (doqquz min beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında vurğulayır ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il, 1/2024 nömrəli Qərarına əsasən, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. O cümlədən, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Göründüyü kimi Məhkəmə qətnamələri ilə, **-EJ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero" minik markalı avtomobilə İddiaçı ½ payı müəyyən edilsə də, avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən icrası mümkün olmamış və hazırda iddiaçı tərəfindən avtomobilin satışından əldə olunan pulun bazar qiymətinə uyğun ½ hissəsinin ona ödənilməsi barədə müraciət etməsini məhkəmə qanuni və əsaslı hesab edir. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsindən Cavabdeh və Xəlilov Zöhrab Akif oğlu ayrıayrılıqda kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yəni artıq həm Cavabdeh həm də Xəlilov Zöhrab Akif oğlu aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən xəbərləri olduğu halda məqsədli şəkildə xx.xx.2024-cü il tarixdən X1 adına rəsmiləşdirilmişdir. Cavabdeh qüvvədə olan məhkəmə qərarına əsasən avtomaşının ½ hissəsinin İddiaçı məxsus olduğunu bildiyi halda, məhkəmə qərarlarına etinasızlıq etməklə iddiaçıya məxsus ½ hissəni də qanunsuz olaraq başqa şəxsə satmaqla iddiaçını mülkiyyət hüququndan məhrum etmişdir. Ona görə də, avtomaşının mövcud bazar satış qiymətinin ½ hissəsi cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, 77CQ516 dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən 8600 manatını və iş üzrə təyin edilmiş qiymətləndirici Tərəqqi MMC-nin 19 dekabr 2024-cü il tarixli 31 nömrəli ekspert rəyində, “Mitsubishi Pajero" minik markalı, **-EJ- *** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin likvid (real bazar) dəyəri 9500 (doqquz min beş yüz) manat təşkil etməsini əsaslı hesab etmir. Belə ki, Tərəqqi MMC-nin xx.xx.2024-cü il tarixli rəyində nəqliyyat vasitəsi istismara yararsız sökülmüş, təkərləri açılmış vəziyyətdə olduğu əsası ilə qiymətləndirmə aparılsa da, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və “Mitsubishi Pajero" minik markalı, **-EJ- *** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə çəkilmiş fotoşəkillərindən,nəqliyyat vasitəsinin istismara tam yararlı vəziyyətdə olduğu görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş “Mitsubishi Pajero” minik markalı avtomobilin bazar dəyəri ilə bağlı şəkillərdən görünür ki, “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 365 000 km avtomobilin bazar dəyəri -17900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 310 000 km avtomobilin bazar dəyəri – 23900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 195 200 km avtomobilin bazar dəyəri -28500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 236 000 km avtomobilin bazar dəyəri -26500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 359 800 km avtomobilin bazar dəyəri - 32500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 350 000 km avtomobilin bazar dəyəri - 29800 manat təşkil edir. Məhkəmə hesb edir ki, xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, 77CQ516 dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin bazar dəyərinin 26000 manat qiymətləndirərək məbləğin ağılabatan və ədalətli olduğu qənaətinə gəlir. İddia tələbinin qismən təmin olunması ilə bağlı qeyd olunmalıdır ki, İddiaçı məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi nəzərə alaraq, bazar qiymətinə uyğun 15000 manatın bölünməsi barədə qətnamə qəbul etməsini xahiş etsə də, iş materialları ilə, “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 26000 manat müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi nəzərə alınaraq, bazar qiymətinə uyğun 26000 manatın ½ hissəsi olan 13000 manat pulun cavabdehdən tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 129 manat hissəsi və 150 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi nəzərə alınaraq, bazar qiymətinə uyğun 26000 manatın ½ hissəsi olan 13000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehdən tutularaq, iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar