Məhkəmə qərarları › İş №2(008)-5652/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5652/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5652/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, “Samsung LED” markalı TV üçün 1699.2 manat ödənilməmiş hissə, 479 manat cərimə, 25.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan və paltaryuyan maşının ilk işə salınması üçün vasitə “Magic Power” üçün 1283.4 manat ödənilməmiş hissə, 362 manat cərimə olmaqla, cəmi 3823.6 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il və 25.12.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən, “Samsung LED” markalı TV, “Samsung” markalı paltaryuyan və paltaryuyan maşının ilk işə salınması üçün vasitə “Magic Power” almış və nəticədə 3823.6 (üç min səkkiz yüz iyirmi üç, altmış qəp) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borcundan heç bir ödəniş etməmişdir. Bundan əlavə, güzəşt olunmaqla, cavabdehin 508 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlandıqda, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25.12.2019-cu il tarixli, 01156244 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən ilkin ödəniş edilmədən, “Samsung LED” markalı TV 18 ay müddətinə, aylıq 94.4 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “Samsung LED” markalı TV tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarında olan 25.12.2019-cu il tarixli, 01156480 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən ilkin ödəniş edilmədən, “Samsung” markalı paltaryuyan və paltaryuyan maşının ilk işə salınması üçün vasitə “Magic Power” 18 ay müddətinə, aylıq 71.3 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “Samsung” markalı paltaryuyan və paltaryuyan maşının ilk işə salınması üçün vasitə “Magic Power” tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarında olan 25.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə satılmış “Samsung LED” markalı TV üçün hər ay 94.4 manat olmaqla, 18 ay müddətində ümumilikdə 1699.2 manat ödənilməlidir. İş materiallarında olan 25.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə satılmış “Samsung” markalı paltaryuyan və paltaryuyan maşının ilk işə salınması üçün vasitə “Magic Power” üçün hər ay 71.3 manat olmaqla, 18 ay müddətində ümumilikdə 1283.4 manat ödənilməlidir. İş materiallarında olan 17.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcu 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1699.2 manat ödənilməmiş hissə, 479 manat cərimə, 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1283.4 manat ödənilməmiş hissə, 362 manat cərimə olmaqla, cəmi 3823.6 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, 25.12.2019-cu il tarixli müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, götürdüyü məhsulların ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Ona görə də, iddia əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 25.12.2019-cu il tarixli, 01156244 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan cərimənin məbləği azaldılaraq 40 manat, 25.12.2019-cu il tarixli, 01156480 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan cərimənin məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli, 01156244 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 1699.2 manat ödənilməmiş hissə, 40 manat cərimə, 25.12.2019-cu il tarixli, 01156480 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 1283.4 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, cəmi 3052.6 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar