Məhkəmə qərarları › İş №2(008)-5673/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5673/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5673/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3870 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fotoqrafdır. Şadlıq saraylarında fotoçəkilişlər edir. 2021-ci ilin yay aylarında ortağı olan Mirhəsən Quliyev “Kainat” şadlıq sarayını icarəyə götürən Cavabdeh ilə görüşərək, “Kainat” şadlıq sarayında keçiriləcək toy və sair şadlıq məclislərində fotoçəkiliş etmək, əvəzində isə məclisdə iştirak edən adam sayına uyğun – yəni hər adam başına görə 1 manatdan hesablanmaqla Cavabdeh ödəniş etmək barədə razılığa gəlmişdir. Razılaşmaya görə çəkilişlərin pulu əvvəlcədən ödənilir və ödənilmiş məbləğ bitənə kimi çəkiliş davam etməli idi. İlkin olaraq o və Mirhəsən Quliyev Cavabdeh 5000 manat ödəniş edərək, 2021-ci ilin yay aylarından “Kainat” şadlıq sarayında fotoçəkilişlər etməyə başlamışlar. Bir müddət fotoçəkilişlər etdikdən sonra Mirhəsən Quliyev ona bildirmişdir ki, iki nəfər olduğu üçün çəkilişlərdən bizə az qazanc qalır, bu səbəbdən də o, bu işi davam etdirmək istəmir. Belə olan halda o, qərara gəlmişdir ki, özü tək “Kainat” şadlıq sarayında fotoçəkilişlər etsin. O, Cavabdeh ilə danışıb, razlığa gəldi ki, fotoçəkilişlər üçün adam başına 1 manat deyil, 0,80 manat (yəni səksən qəpik) ona ödəniş edəcək. Fotoçəkiliş etmək üçün o, Cavabdeh 2022-ci ilin dekabr ayında 3000 manat, daha sonra xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1020 manat, sonra 1000 manat və 2000 manat, xx.xx.2023-cü il tarixdə isə 700 manat olmaqla ümumilikdə 9720 manat ödənişlər etmişdir. O, Cavabdeh xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1020 manat və xx.xx.2023-cü il tarixdə isə 700 manat pulu Cavabdeh adına olan Azərbaycan Beynəlxalq Bankına aid bank kartı üzərində qeyd edilən 5522-0993-1343-6446 nömrəli bank hesabına köçürməklə ödəmişdir. Həmin köçürmələrin qəbzlərini də iddia ərizənə əlavə edir. Razılaşmamızın şərtinə əsasən o, ödənişlər edir və sonra həmin ödəniş məbləği bitənə qədər çəkiliş etməli olur. Yəni çəkilişlərin pulunu adambaşı 80 qəpikdən hesablanmaqla qabaqcadan ödəyirdi. Cavabdeh ümumilikdə 9720 manat ödəniş etsə də, lakin cəmi 5850 manatlıq çəkiliş etdikdən sonra, 2024-cü ilin yanvar ayı “Kainat” şadlıq sarayına gələndə gördü ki, şadlıq sarayının işçi heyyəti dəyişilmişdir. Orada ona bildirdilər ki, Cavabdeh daha bu şadlıq sarayının icarəçisi deyil, “Kainat” şadlıq sarayını başqa bir şəxs icarəyə götürüb və ona “Kainat” şadlıq sarayında keçiriləçək toy məclislərində fotoçəkiliş etməyə icazə verilmir. Budan sonra o, Cavabdeh zəng vurdu. Cavabdeh ona dedi ki, o, “Kainat” şadlıq sarayını təhvil verib oradan çıxıb. Təklif etdi ki, görüşüb haqq-hesab etsinlər. Cavabdeh ilə görüşdü. Hesablama apardılar və yekun olaraq müəyyən edildi ki, Cavabdeh ümumilikdə 9720 manatlıq çəkilşin pulunu ödəsə də, lakin cəmi 5850 manatlıq çəkiliş etmiş. Belə olan halda Cavabdeh ona 3870 manat pul qaytarmalıdır. Cavabdeh onu əmin etdi ki, tez bir zamanda 3870 manat pulu ona qaytaracaq. Həmin vaxtdan sonra o, bir müddət gözlədi. Lakin Cavabdeh pulunu qaytarmadığı üçün onunla əlaqə saxlayıb, 3870 manat pulu nə vaxt qaytaracağını soruşanda Cavabdeh dedi ki, get hara istəyirsən şikayət et, pul qaytarmayacaqdır. Cavabdeh ona 3870 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçıya borcu yoxdur, 1000 manata qədər idi, o puldan da 500 manat ödəniş etmişdir. İddiaçı əvvəl 1200 manat borcu olduğunu demiş, daha sonra 2000, daha sonra 3000 manat olduğunu demişdir. Bununla razı deyil, borcu 1000 manat qalmışdır, ondan da 500 manat ödəmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, tərəflər hər ikisi gəlir əldə etmək məqsədilə birlikdə müəyyən şərtlərlə iş birliyi etmişlər. Bu əsnada iddiaçı tərəfindən cavabdehə cəmi pul ödənilmişdir. Puldan 500 manatın cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı da işin mübahisəsiz halıdır. Məkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işin mübahisəli halı tərəflər arasında hansı şərtlərlə və hansı qaydada razılıq olması və iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə verilməsindən ibarətdir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlar çeklərdən və CD diskdən ibarətdir. Həmin diskdə olan səs yazılar məhkəmə araşdırması zamanı dinlənilmiş, lakin mübahisənin düzgün həlli üçün işə aid heç bir məlumat mövcud olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş qəbzlərdə iddiaçının cavabdehə 3720 manat ödəniş etdiyi əks olunmuşdur. İddiaçı cavabdehdən 3870 manat ödəniş edilməsini tələb etsə də, təqdim etdiyi sübutlardan cəmi 3720 manat ödəniş etdiyi görsənir. Həmin məbləğdən iddiaçı məhkəmə araşdırması zamanı 500 manat cavabdehin qaytardığını bildirmişdir. Müəyyən olunan odur ki, iddiaçının ödədiyi puldan 3220 manatı ona cavabdeh tərəfindən geri qaytarılmamışdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə nəzər salanda müəyyən edir ki, onlar arasında konkret şərtlər olmaqla, mühüm əhəmiyyətli halları müəyyən edən müqavilə olmamışdır. Lakin, faktiki olaraq iddiaçının cavabdehə qeyd olunan məbləğdə pul verməsi təsdiq olunsa da, həmin pulun cavabdeh tərəfindən ona qaytarılması və ya əvzləşdiirlməsi təsdiq olunmamışdır və beləliklə də, cavabdeh iddiaçının hesabın asassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, 3220 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 10000 manat məbləğində iddianın 3870 manat hissəsi (83,20 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 83,20 faizi, yəni 49,92 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 10,08 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 49,92 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın, qalan 10,08 manat hissəsi isə iddiaçıya aid hiss edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar