Məhkəmə qərarları › İş №2(008)-5678/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5678/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5678/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X2 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat borc məbləğinin, Bakı şəhəri 11 saylı notariat ofisində müqavilə bağlanması üçün ödənilmiş 115 manat rüsumun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı olan Cavabdeh xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixə kimi qaytarmaq şərtilə 1700 manat borca pul vermişdir. Həmin pul məbləğini "MilliÖn" ödəmə terminalı vasitəsilə "Leo Bank'da olan, Cavabdeh məxsus, sonu 0230-5859-la biten bank kartı hesabına köçürməklə ödəmişdir. Həmçinin onunla Cavabdeh arasında Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixdə "borc müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh 10250 manat borca pul vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh ondan aldığı 10250 manat pulu xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra o, Cavabdeh 50 manat da borca pul vermişdir. Cavabdeh ondan aldığı ümumilikdə 12000 manat borc məbləğini bu günə kimi qaytarmamışdır. Cavabdeh bu günə kimi onun borcunu qaytarmaqdan yayınır. Ona pulunu qaytarması barədə dəfələrlə müraciət etsə də müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etməli olmuşdur. O, pretenziya qaydasına əməl edərək cavabdehə rəsmi qaydada bildiriş edib, borcunun qaytarılmasını tələb etsə də, lakin cavabdeh onun bildirişinə cavab verməmişdir. Cavabdeh ondan aldığı 12000 manatı geri qaytarmaqdan yayındığına görə hesab edir ki, 12000 manat pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə göstərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10250 manat borca pul verməyi, Cavabdeh aldığı 10250 manat pulu xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilədən görünür ki, müqavilənin bağlanması üçün 115 manat haqq tutulmuşdur. -Cavabdeh adına ünvanlanmış xx.xx.2024-cu il tarixli, ********** əməliyyat nömrəli qəbzdən görünür ki, Cavabdeh məxsus olan bank kartına 1700 manat məbləğində köçürmə edilmişdir. -**********108 nömrəli bildirişdən görünür ki, Cavabdeh 10250 manat məbləğində borcun 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində icra qeydinin aparılacağı barədə xəbərdar edilmişdir. -"xxxx" ASC tərəfindən təqdim edilmiş videodiskdən görünür ki, 10250 manat məbləğində pul Cavabdeh tərəfindən qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2024-cu ildə notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmışdır və bu müqavilə ilə borc verən borc alana 10250 (on min iki yüz əlli) manat məbləğində pulu borca verməyi, borcalan isə aldığı 10250 manat pulu xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə borc verən öz öhdəliyini icra edərək borc predmeti olan 10 250 manat məbləği borc alanın mülkiyyətinə versə də, borc alan vicdanlılığın tələb etdiyi tərzdə, şərtləşdirilmiş vaxtda öz öhdəliyini icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış digər şifahi borc müqavilələrinə əsasən iddiaçı cavabdehin mülkiyyətinə müxtəlif vaxtlarda 1700 manat olmaqla, borc vermişdir, lakin cavabdeh tərəfindən öhdəlik tərəflər arasında şərtləşdirilmiş vaxt icra edilməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh nümayəndəsi və vəkili qeyd olunan xüsusatlarla razılaşmayaraq, həmin borc məbləğinin cavabdeh tərəfindən alınmadığını qeyd etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, AR MM-nin tələblərinə müvafiq olaraq kreditor və borclu arasında öhdəlik münasibətlər üzrə mübahisələrdə sübutetmə yükünə əsasən kreditor sübutetmə yükü öhdəliyin mövcud olmasını sübut etməklə yekunlaşır və öhdəliyin icra olunmasını sübut etmək yükü isə borclunun üzərinə düşür. Həmin bu sübutetmə qaydası MM-nin 433.3-cu maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır Lakin məhkəmə sonradan borc kimi verilmiş 50 manat pulla bağlı iddia tələbi ilə razılaşmayaraq qeyd edir ki, göstərilən pulun iddiaçı tərəfindən cavabdehə verilməsi barədə iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 11950 (on bir min doqquz yüz əlli) manat məbləğində pul və müqavilə bağlanması üçün ödənilmiş 115 manat rüsum tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının iddia qaldırmaq üçün ödədiyi 128 manat dövlət rüsumu cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11950 (on bir min doqquz yüz əlli) manat borc, müqavilə bağlanması üçün ödənilmiş 115 (yüz on beş) manat rüsum və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar