Məhkəmə qərarları › İş №2(008)-5685/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5685/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5685/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, . İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2117 (iki min bir yüz on yeddi) manat pulun və 41,17 manat dövlət rüsumunun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlığı olub. Onunla bir evdə kirayədə yaşamışlar. Cavabdeh ona pula ehtiyacı olduğunu bildirdi. O ona pulu olmadığını, M10 proqramından ona kredit verildiyini bildirmişdir. Cavabdeh ondan onun üçün 2000 manat kredit götrüməyini hər ay kreditin ödənişini edəcəyini bildirdi. Aralarında olan yaxın münasibətə görə o, M10 proqramından 2000 manat kredit götürmüşdür. Həmin kredit üçün 60 manat komissiya haqqı çıxıldı və 1940 manat pulu 15 aprel 2025-ci il tarixdə özünə məxsus Birbank kartından Cavabdeh məxsus Leobank kartına göndərdi. Cavabdeh hər ay onun götürüb ona verdiyi krediti ödəməli idi. Cavabdeh 2025-ci ilin may ayında aylıq ödənişi ödəsə də sonradan həmin krediti ödəməkdən yayınmaq adı ilə onu guya ona cadu eləmək adı ilə şantaj etməyə başladı. Onun ailə qurmaq istədiyi şəxsə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar verərək, onun münasibətini pozdu. Daha sonra onu sosial şəbəkə özünə məxsus platformalarda rüsvay edəcəyi barədə təhdidlərlə dolu smslər göndərdi. Onun bacısının ona krediti ödəməyi barədə yaxdığı sms-ə cavab olaraq krediti ödəməyəcəyini bildirdi. Cavabdeh krediti ödəmədiyi üçün o, məcbur olub hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ödənilməyən kredit borcuna görə hər gün fazi və cərimələr hesablanır. M10 proqramından götürüb Cavabdeh verdiyi kreditə görə o, 2800 manat pul ödəməlidir. Cavabdeh o, krediti götürən zaman bunu bilirdi. Yəni həmin kredit üçün ödəniləcək faizdən xəbərdar idi. Hal-hazırda 2117 manat məbləğində borc var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş borc məbləğindən cavabdeh tərəfindən 117 manat ödəniş edilsə də qalan ödənişlərin edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, ona ödənilmiş 1940 manat onun iddiaçının mağazasında dizayn işləri gördüyü üçün əmək haqqı olaraq iddiaçı tərəfindən onun kart hesabına ödənildiyini, onu məcbur etdiyi üçün 117 manat ödənişdən geri qaytarıldığını, iddiaçıdan borc almadığını, onun ilə iddiaçı arasında əmək müqaviləsi olmadığını, iddiaçının onun adına qulaqcıq aldığını, onu borca saldığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, 4098 58.. .... 9624 nömrəli kart hesabına 1940 (min doqqquz yüz qırx) manat pul ödəmişdir. İş matriallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı 41.60 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən təqdim edilən disk açılmamışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı və cavabdehin izahatından görünür ki, Cavabdeh İddiaçı 1940 manat məbləğində pul vəsaitini almış, sözügedən pul vəsaitinin 117 manat hissəsini iddiaçıya geri qaytarmışdır. Cavabdeh alınan pul məbləğinin əmək haqqı ödənişi olduğunu iddia etsə də, bu halı sübut edəcək zəruri sübutları məhkəməyə təqdim etməmiş və eyni zamanda iddiaçı tərəfindən ona verilmiş 1940 manat pulun əmək haqqısı olduğu halda nə üçün onun 117 manat hissəsini iddiaçıya geri qaytamasına dair əsaslı izah verə bilməmişdir. Bundan sonra iddiaçı cavabdehin xahişi ilə sözügedən pulun kredit götürülərək əldə etmiş olduğunu, onlar arasında cavabdehin pulu iddiaçıya faizi ilə birgə qaytarmağa dair razılığ olduğunu bildirsə də, iddiaçı cavabdehə vermiş olduğu pulu cavabdeh tərəfindən faiz ilə qaytamasına dair razılığı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1823 (1940-117=1823) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 38.23 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1823 (min səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti və 38.23 (otuz səkkiz manat, iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar