Məhkəmə qərarları › İş №2(008)-5690/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5690/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5690/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9 il ərzində ona vurulmuş ziyanın əvəzi olaraq 50 min manat pulun cavabdehdən alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 9 oktyabr 1989-cu il tarixli 11/387 nömrəli sərəncamına əsasən Azərbaycan Neft və Kimya İnstitunun əməkdaşlarından bağçılıq yoldaşlığının üzvü olan əməkdaşları üçün Lenin rayonun Nardaran qəsəbəsi yaxınlığında “Ləhiş” torpaq sahəsində hər adama 500 kv.m olmaqla torpaq sahəsi ayrılmışdır. Kürdəxanı Bələdiyyəsi ilə X6 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Kürdəxanı Bələdiyyəsi tərəfindən bağçılıq təyinatı üzrə 1200 kv.m torpaq sahəsi 10 il müddətinə X3 icarəyə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1559/2014 saylı qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı qanuni istifadəsində olan Bakı şəhəri, Ləhiş torpaq sahəsindəki, 0.5 ha sahəsi olan 41 saylı bağ sahəsinin onun adına Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və sair tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikatyətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-1(103)-1364/2014 saylı qərarı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2015-ci il tairxli 2-1(102)-263/15 saylı qərarı ilə təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Gülüstan” b/y-nin 41 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına 13 iyul 2016-cı il tarixində qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1706 nömrəli ekspert rəyinə əsasən xx.xx.2016-cı il tarixli RX seriyalı çıxarışla X2 adına qeydiyyata alınmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsi Azərbaycan Neft və Kimya İnstitunun, Gülüstan-2 bağçılıq yoldaşlıq üzvlərinə ayrılmış torpaq sahəsinin hüquqları daxilində olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-27/2021 nömrəli 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nin 41 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsini iddiaçı X1 verilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152,157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-71/2023 nömrəli 28 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarmışdır. Lakin Ali Məhkəmənin də çıxardığı məhkəmə qətnaməsinə bilərəkdən əməl etməmişdi. 13 iyul 2016-cı il torpağın çıxarışının alınmasına baxmayaraq X2 və onun yeganə varisi onu ora buraxmayıblar. Bu 9 il ərzində onlara çox miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Qanunla ona məxsus olan torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-71/2023 nömrəli 28 mart 2023-cü il tarixli qətnaməsində torpaq sahəsinin boşaldılması tələbini yerinə yetirməmişdir. Cavabdeh ora apardığı 5 maşın daşı, 5 maşın qumu və 50 ədəd sementin hamısını öz icarəsinə götürüb və tikintisində istifadə edib. Torpağın kupçası ola-ola ora girməsinə qoymayıblar. Hər dəfə ora taksi tutub gedib baxanda küçədə qalmışlar, torpağa baxmağa icazə verməyiblər. Bu barədə Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Sabunçu rayon Polis idarəsinin 15-ci Polis Bölməsində aparılmış araşdırma vaxtı məlum oldu ki, mülkiyyət hüququ ilə ona məxsus olan bağ sahəsini zəbt edən Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sakini Cavabdeh olmuşdur. Onun etdiyi qanunsuz əməlləri nəticəsində onun bağ sahəsinə olan hüquqları pozulmuşdur. O, özü 2-ci qrup hərbi əlil və zabitdir, əmək qabiliyyəti yoxdur. Ağır şəkər, ürək, təzyiq xəstəsidir, sol ayağı ankoloji xəstədir, sağ ayağının çox qəlpəli sınığı hər iki gözləri görmür. Ailə vəziyyəti çox ağırdır. Oğlu qazidir, 2-ci qrup hərbi əlil və şikəstdir. Əmək qabiliyyəti yoxdur, evi yoxdur, kirayədə yaşayır. Həyat yoldaşı ağır ankoloji xəstədir, yataq xəstəsidir, 2- ci qrup əlildir. Qızının həyat yoldaşı Qarabağ müharibəsində xidmətdə olarkən 28 yaşında həlak oldu. 2 az yaşlı oğlan uşaqları qaldı 3 və 6 yaşında, onların da evləri yoxdur, onunla birlikdə kirayədə yaşayırlar. Hər dəfə torpaq sahəsinə baxmağa gedəndə qorxa-qorxa küçədən baxmalı olmuşdur. Çünki onlar qoymurlar ki, girsin öz torpağına baxsın. Cavabdeh polisin verdiyi qərarı, Ali Məhkəmənin verdiyi qərarə saymamış və torpaq sahəsini boşaldıb ona vermişdir. Öz başına 25 sot torpaq sahəsini zəbt etmişdir. Qanunsuz hasara alıb, tikinti aparmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, 2016-cı ildən çıxarış almışdır. Qarşı tərəfin vəkili qeyri-qanuni şəkildə cavabdehin arvadının adından müraciət edərək torpağın üstünə həbs qoymuşdur. Amma həmin qərarlar da ləğv olunmuşdur. Torpağına 5 maşın daş, qum tökdürsə də, cavabdeh hamısını dağıtmış və özünə ev tikdirmişdir. Sətyarovun ona vurduğu ziyan hətta iddia tələbində qeyd edilən məbləğdən də çoxdur. Oğlu ikinci qrup hərbi əlildir, qızının əri isə müharibədə həlak olmuşdur. Tələb etdiyi 50000 manat ona vurulmuş maddi ziyanın həcmidir, belə ki, torpaq onun istifadəsində olsaydı oranı əkib-becərə, ev tikdirə bilərdi. Maddi ziyanın vurulmasına dair sübutu yoxdur, vəkillərə ödədiyi məbləğlərlə bağlı ona hər hansı qəbz də verilməmişdir. Çıxarışda adı qeyd edilən Nazilə onun qohumudur, onun yeganə vərəsəsidir. Cavabdehin torpaqdan çıxarılması və torpağın Nazilənin sahibliyinə verilməsi ilə bağlı icra sənədi hələ də icra olunmayaraq qalmaqdadır. İcra məmuru xəstə olduğu üçün sənədi icra edə bilmir. Hazırda özünün də vaxtı olmadığından sənədin icrası ilə maraqlana bilmir. Özü hərbi əlildir, vəsiqəsində əlilliyi göstərilmişdir, ikinci qrup əlildir, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan” b/y-nın ünvanında yerləşən 0.05 ha ölçüsü olan 41 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 3 saylı notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci tarixli, 348 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adına 40-2023 nömrəli vərəsəlik işi açılmış və İddiaçı onun yeganə vərəsəsi kimi tanınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-27/2021 nömrəli, 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Mirzəhüseyn oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Müiki kollegiyasının 2(103)-71/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1613/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X7 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin plan, ölçüsünün və çıxarışının ləğv edilməsi” tələbi barədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 15(103)-302/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 15(112)- 303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, ərizəçi X8 tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsi qərara alınmışdır. - 101328 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə İİ qrup əlilliyi müəyyən olunmuşdur. İddia tələbindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan” b/y-nın ünvanında yerləşən sahəsi 0.05 ha olan 41 saylı bağ sahəsinin cavabdeh X5 tərəfindən doqquz il müddətində zəbt edilməsi nəticəsində vurulmuş maddi ziyana görə 50000 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə olan halda, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan” b/y-nın ünvanında yerləşən sahəsi 0.05 ha olan 41 saylı bağ sahəsinin cavabdeh X5 tərəfindən doqquz il müddətində zəbt edilməsi nəticəsində ona 50000 manat məbləğində maddi ziyan dəydiyini və buna görə də həmin pulun cavabdehdən xeyrinə tutulmasını iddia edərək, hazırda həmin pulu cavabdehdən tələb etməsinin heç bir hüquqi əsası yoxdur, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan ödənilməli dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar