Məhkəmə qərarları › İş №2(008)-5698/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5698/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5698/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 3000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir tanıyır və ona inamı olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ildə cavabdeh iddiaçıdan 3000 manat borc pul istəyərək, 2023-cü ilin dekabr ayınadək qaytaracağını bildirmişdir. Lakin öhdəsinə götürdüyü müddətdən artıq 5 ay keçsə də, cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. Məhkəməyə ərizə ünvanlayaraq iddiaçının nümayəndəsi Vəkil iştirakı olmadan işə baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 3000 manat pul borcludur və həmin məbləği ona 2023-cü ilin dekabr ayının 31-dək ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024 il tarixli pretenziya məktubundan görünür ki, məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı cavabdehdən pulun qaytarılmasını tələb etmişdir. Məkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 3000 manat məbləğində pul almışdır və həmin məbləği dekabr ayın 31-dək qaytarmasını öhdəsinə götürmüşdür. İşin mübahisəsız halı ondan ibarətdir ki, 3000 manat məbləğində pulun təhvil aldığını imzası ilə notariusda təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, borcun etiraf edilməsi nəzərdə tutulan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Tərəflər arasında yaranmış münasibətlər borc müqaviləsi üzrə yaranan münasibətlərinə uyğundur. Borc müqaviləsinin məbləği 3000 manatdan çox olmadığından yazılı şəkildə bağlanması zəruri olmamışdır. İşdən göründüyü ki, cavabdeh borcunu yazılı şəkildə notarial qaydada təsdiq olunmuş ərizədə etiraf etmişdir. Bu səbəbdən borcun etirafı məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hazırki iddia təmin edilməli cavabdehdən 3000 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli qəbzlə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia təmin olunduğuna görə, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdı. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul, 50 manat dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar