Məhkəmə qərarları › İş №2(008)-573/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-573/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-573/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləğininin artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)- 2283/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində tutulmuşdur. Aliment məbləği uşağın saxlanılması üçün kifayət etmir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2012-ci il tarixdə doğulmuş X3 (Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 929809 №-li doğum haqqında şəhadətnamə). Nəsimi rayon Məhkəməsinin 2(006)-2283/2020 №-li xx.xx.2020-ci il tarixli il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğininin artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən baxılmalı olduğundan iş üzrə icraat xitam verilməlidir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-3-cü yarımbənd əlavə edilmişdir: «Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1 -ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Hazırki iddiadan göründüyü kimi, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə məhkəmədə və ya mülki icrat qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə uyğun ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə uyğun ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar