Məhkəmə qərarları › İş №2(008)-5739/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5739/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5739/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X2 olmaqla “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X2 olmaqla “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 20 dekabr 2018-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 20.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, “borcverən” “borcalana” 20 000 (iyirmi min) manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir, “borcverən” krediti 31.12.2020-ci il tarixədək “borcverənə” hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürür. Belə ki, “borcalan” müvafiq təsərrüfat sahəsi qarşılığında “borcverənə” 30000 manat məbləğində pul verməyi öhdəsinə götürmüş, 10000 manat məbləğində pulu əvvəlcədən notariat ofisində rəsmiləşdirilmədən vermiş, qalan 20000 manat məbləğində pulu isə, kredit müqaviləsi bağlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təsərrüfat obyektini İddiaçı verməzdən əvvəl təmir edəcəyi vədini versə də, müqavilə bağlandıqdan sonra sözlərinə əməl etməmiş, bunun nəticəsində, iddiaçıya maddi ziyan dəymişdir. Hətta müqavilə imzalandıqdan 1 ay sonra iddiaçı təsərrüfat obyektini dəfələrlə geri qaytarmaq istəsə də, cavabdeh kobudcasına davranmışdır. Belə ki, iddiaçıya dəymiş maddi ziyan və təmir üçün çəkdiyi xərclərə görə iddiaçı kredit müqaviləsində göstərilən müddətdə borcu ödəmək vəzifəsini icra edə bilməmişdir. Daha sonra iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə xitam verildiyini zənn etmişdir. Belə ki, cavabdehin vəkili iddiaçıya onun bacısının yoldaşı olduğunu, ona qarşı yanlış hərəkət etməyəcəyini demişdir. Lakin, cavabdeh verdiyi vədlərin heç birinə əməl etməmişdir. Bu barədə iddiaçının yalnız 08.01.2021-ci il tarixli bildirişdə əsasən məlumatı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 nömrəli qətnamədə qeyd olunur ki, 06.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, notariat ofisində 20.12.2018-ci il tarixli kredit müqaviləsinin bağlanması üçün notariusun bankda açılmış depozit hesabına pulu köçürməli olduğundan, iddiaçının bacısı X2 pul kartından 20 000 (iyirmi min) manat məbləğində pulu çıxarıb ona vermiş, kredit müqaviləsi bağlandıqdan sonra o, həmin pulu iddiaçının bacısına geri qaytarmışdır. Cavabdehin izahatından da, göründüyü kimi, nəticədə 20 000 (iyirmi min) manat məbləğində pul onun olmamışdır. Belə ki, müqaviləyə əsasən “Borcverən” (Cavabdeh) 20 000 (iyirmi min) manat məbləğində pulu “Borc verənə” (İddiaçı) notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir. Lakin, Cavabdeh izahatında da, qeyd olunduğu kimi həmin pul məbləği bacısı X2 tərəfindən Cavabdeh verilmiş, kredit müqaviləsi bağlandıqdan sonra ona geri qaytarılmışdır. Yəni 20 000 (iyirmi min) manat məbləğində pulu o, əldə etməmişdir. Cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi nəticəsində 20.12.2018-ci il tarixli kredit müqaviləsinə görə 20 000 (iyirmi min) manat məbləğində borc pul ona verilməmişdir. Buna görə də, hesab edir ki, 20.12.2018-ci il tarixli kredit müqaviləsi ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı cavabdehi bacısı Əliyeva Səvala vaistəsi ilə tanımışdır. Əliyeva Səvalən ilə cavabdeh qeyri-rəsmi ər-arvad münasibətlərində olduğları dövürdə, Cavabdeh ilə İddiaçı arasında şifahi razılığa gəlmişlər. Belə ki, həmin razılığa əsasən Cavabdeh iddiaçının anasına məxsus olan istixananı təmir etdirmiş, və həmin təmir pulunun ödəməyi isə İddiaçı istixana fəaliyyət göstərdikdən sonra ödəməyə razılığ vermişdir. Lakin iddiaçı həmin istixananı işlədə bilmədiyindən və qazanc əldə edərək cavabdehin təmir xərclərini qaytara bilmədiyindən tərəflər arasında narazlığ yaranmışdır. Bundan sonra iddiaçı və cavabdeh natarusda formal karakterli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən güya Cavabdeh 20000 manat məbləğində pulu İddiaçı verməyi, Əliyevə Aysel isə həmin pulu hissə hissə qatrmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandığdan dərhal sonra iddiaçı 20.12.2018-ci il traixli borc müqaviləsində göstərilən pul məbləğini dərhal cavabdehə Cavabdeh qaytarmışdır. Cavabdeh isə öz növbəsində pulu Əliyeva Səvaləyə qaytarmışdır. Beləki, 20000 manat məbləğində pulu notariusda borc müqaviləsi bağlamaq üçün iddiaçının bacısı özünə məxsus pulu Cavabdeh vermişdir. Cavabdeh isə müqavilə bağlandığdan dərhal sonra pulu Səvalə Əliyevaya qaytarmışdır. Qeyd edilənlər eyni zamanda Sabunçu Rayon Məhkəməsinin 2(008)-3168/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsindədə işin müəyyən edilmiş hallarındada öz əksini tapmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında notariusda borc müqaviləsinin bağlanılması üçün notariusda təqdim edilməli olan 20000 manat məbləğində pulu Cavabdeh o 20.12.2018-ci il tarixdə vermişdir, elə həmin günüdə müqavilə rəsmi bağlandığdan sonra Ramin tərəfindən pul onun özünə geri qaytarılmışdır. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3168/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3168/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsinin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 20.12.2018-ci il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanmış əqd olması müqavilə bağlanılan zaman həm iddiaçıya, həm də cavabdehə məlum olsa da, iddiaçı həmin vaxtdan, yəni 20.12.2018-ci il tarixdən iki ildən çox müddət keçdikdən sonra qeyd olunan müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslı hesab edilməlidir. İş materiallarında olan 20.12.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, “borcverən” Cavabdeh “borcalan” İddiaçı 20.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. Müqavilənin 2ci bəndinə əsasən, “borcverən” krediti 31.12.2020-ci il tarixədək “borcverənə” hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürür. 30 iyun 2021-ci il tarixli iddiaçə İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, iddiaçı müqavilənin ləğinə dair məhkəməyə müraciət etmək üçün məhkəməyə qədər qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qanunvericiliklə müqavilənin ləğvi üçün əsas olan halların dairəsi konkret müəyyən edilmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı, habələ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3168/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar müqavilənin ləğvi üçün əsas hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X2 olmaqla “20.12.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X2 olmaqla “20.12.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar