Məhkəmə qərarları › İş №2(008)-5760/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5760/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5760/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********376759 olan “Xiaomi Redmi 8A” markalı və İMEİ kodu **********02298 olan “Xiaomi Redmi 8A” markalı telefonlar üçün 438.9 manat ödənilməmiş hissə, 43 manat cərimə, 01.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, “Panasonic LED” markalı televizor üçün 372.8 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, cəmi 891,7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh yuxarıda qeyd olunan 04.02.2020-ci il və 01.03.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrin şərtlərini pozaraq, borcu tam ödəməmişdir. Bundan əlavə, güzəşt olunmaqla, cavabdehin 43 manat və 37 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.02.2020-ci il tarixli, 20078721 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, ilkin ödəniş edilmədən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********376759 olan “Xiaomi Redmi 8A” və İMEİ kodu **********02298 olan “Xiaomi Redmi 8A” markalı telefonlar 12 ay müddətinə, aylıq 69.2 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan 01.03.2020-ci il tarixli, 20136561 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, ilkin ödəniş edilmədən, "xxxx" MMC tərəfindən “Panasonic LED” markalı televizor 12 ay müddətinə, aylıq 33.9 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan 04.02.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********376759 olan “Xiaomi Redmi 8A” və İMEİ kodu **********02298 olan “Xiaomi Redmi 8A” markalı telefonlar üçün 05.03.2020-ci il tarixdən başlayaraq, 05.02.2021-ci il tarixədək hər ay 69.2 manat olmaqla, ümumilikdə 830.4 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 01.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Panasonic LED” markalı televizor üçün 14.04.2020-ci il tarixdən başlayaraq, 14.03.2021-ci il tarixədək hər ay 33.9 manat olmaqla, ümumilikdə 406.8 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh tərəfindən İMEİ kodu **********376759 olan “Xiaomi Redmi 8A” və İMEİ kodu **********02298 olan “Xiaomi Redmi 8A” markalı telefonlar, eləcə də, “Panasonic LED” markalı televizor tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarında olan 17.06.2020-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin borcu 04.02.2020-ci il tarixli müqaviləyə əsasən, 438.9 manat ödənilməmiş hissə, 43 manat cərimə, 01.03.2020-ci il tarixli müqaviləyə əsasən, 372.8 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, cəmi 891,7 manat təşkil edir. İş materiallarında olan 12.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 04.02.2020-ci il və 01.03.2020-ci il tarixli müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməyərək, götürdüyü məhsulların ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********376759 olan “Xiaomi Redmi 8A” və İMEİ kodu **********02298 olan “Xiaomi Redmi 8A” markalı telefonlar üçün 438.9 manat ödənilməmiş hissə, 43 manat cərimə, 01.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, “Panasonic LED” markalı televizor üçün 372.8 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, cəmi 891,7 manat borc və ödənilmiş dövlət rüsumun əvəzi olan 30 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar