Məhkəmə qərarları › İş №2(008)-5790/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5790/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5790/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21.10.2019-cu il tarixli 023CASA192940011 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3577.51 (üç min beş yüz yetmiş yeddi manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 347.18 (üç yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3924.69 (üç min doqquz yüz iyirmi dört manat, almış doqquz qəpik) manat borc pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 21.10.2019-cu il tarixli 023CASA192940011 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 23% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etməyimizə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 17.06.2021 -ci il tarixə İddiaçı ASC-yə 3577.51 manat məbləğində əsas kredit borcu və 347.18 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 3924.69 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli, 023CASA192940011 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 36 ay müddətinə, 23% dərəcəsi ilə 5000 (beş min) manatlıq kredit limiti ayrılmışdır; İş materiallarında olan 21.10.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 5000 (beş min) manat pul vəsaitini almışdır. İş materiallarında olan 21.10.2019-cu il tarixli, 023CASA192940011 saylı kredit limiti müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 193.6 manat təşkil etmişdir. İş materiallarında olan 29.01.2021-ci il və 08.02.2021-ci il tarixli bildirişləriin surətindən görünür ki, сavabdeh Cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışlar. İş materiallarında olan 17.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 3577.51 (üç min beş yüz yetmiş yeddi manat, əlli bir qəpik) manat, faiz üzrə borcu 347.18 (üç yüz qırx yeddi manat, on səkkiz qəpik) manat təşkil edir. İş materiallarında olan qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərilərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununlada kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümüt etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə olan hala iddiaçı tərəf 29.01.2021-ci il və 08.02.2021-ci il tarixli bildirişlər göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi və öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdeh təqdim edildiyi tarixdən bir aydan artıq müddət ötməsinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank Respublika ASC ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli, 023CASA192940011 saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 3577.51 (üç min beş yüz yetmiş yeddi manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 347.18 (üç yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3924.69 (üç min doqquz yüz iyirmi dört manat, almış doqquz qəpik) manat borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bank Respublika ASC ilə Cavabdehrasında bağlanmış 21.10.2019-cu il tarixli, 023CASA192940011 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3577.51 (üç min beş yüz yetmiş yeddi manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 347.18 (üç yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3924.69 (üç min doqquz yüz iyirmi dört manat, almış doqquz qəpik) manat borc pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar