Məhkəmə qərarları › İş №2(008)-5792/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5792/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5792/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 03 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6713,97 (altı min yeddi yüz on üç manat, doxsan yeddi qəpik) manat əsas borc, 5001.78 (beş min bir manat, yetmiş səkkiz qəpik) manat faiz borcu və 6345.53 (altı min üç yüz qırx beş manat, əlli üç qəpik) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 924.42 (doqquz yüz iyirmi dörd manat, qırx iki qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18985.70 (on səkkiz min doqquz yüz səksən beş manat, yetmiş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 03 noyabr 2015-ci il tarixli, 5558 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 23 (iyirmi üç) faizlə 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. 30 noyabr 2016-cı il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə ifadəsi kredit müqaviləsi ifadəsi ilə dəyişdirilir. Bu müqaviləyə əsasən Kreditor Borcalana 8000 (səkkiz min) manat məbləğində kredit verir. Kredit 18 (on səkkiz) ay müddətinə verilir və Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 23 (iyirmi üç) faiz ödəyir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 18985.70 (on səkkiz min doqquz yüz səksən beş manat, yetmiş qəpik) manat təşkil edir. Bundan 6713,97 (altı min yeddi yüz on üç manat, doxsan yeddi qəpik) manat əsas borc, 5001.78 (beş min bir manat, yetmiş səkkiz qəpik) manat faiz borcu və 6345.53 (altı min üç yüz qırx beş manat, əlli üç qəpik) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 924.42 (doqquz yüz iyirmi dörd manat, qırx iki qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********765 saylı, 17.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 03.11.2015-ci il tarixdən kredit kartının verilməsinə dair 12 ay müddətinə 5558 nömrəli kredit müqaviləsi bağlanmışdır. Sonra qarşılıqlı razılaşmaya əsasən 30.11.2016-cı il tarixli əlavə saziş əsasən kredit kartının verilməsi ifadəsi, kredit müqaviləsi sözləri ilə dəyişdirilmişdir. Həmin müqaviləyə əsasən müqavilənin müddəti 18 ay müəyyən edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 23.06.2017-ci il tarixdə olmuşdur. Yəni göründüyü kimi iddiaçının qanunla 3 illik iddia müddəti müqavilə üzrə 31.05.2021-ci il tarixdə, ödəniş üzrə isə 23.06.2020-ci il tarixdə bitmişdir. İddia ərizəsi məhkəməyə 12.07.2021-ci il tarixdə təqdim olunması Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin təsir dairəsinə düşdüyündən həmin maddənin tətbiq olunaraq iddia müddətinin ötməsi ilə əlaqədar iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03 noyabr 2015-ci il tarixli, 5558 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 12 ay olmaqla 23 faiz hesablanmaqla 10000 (on min) manat Cavabdeh kredit xətti açılmışdır. - 30.11.2016-cı il tarixli, ******* saylı, 03.11.2015-ci il tarixli Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə əlavə edilmiş 1 nömrəli sazişin surətindən görünür ki, kreditor borcalana 8000 (səkkiz min) manat kredit vermişdir. - 30 noyabr 2016-cı il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 529.72 manat müəyyən edilmişdir. - 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30.11.2016-cı il tarixli kredit müqaviləsinə əsasən LPO İddiaçı ASC-yə 6713,97 (altı min yeddi yüz on üç manat, doxsan yeddi qəpik) manat əsas borc, 5001.78 (beş min bir manat, yetmiş səkkiz qəpik) manat faiz borcu və 6345.53 (altı min üç yüz qırx beş manat, əlli üç qəpik) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 924.42 (doqquz yüz iyirmi dörd manat, qırx iki qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18985.70 (on səkkiz min doqquz yüz səksən beş manat, yetmiş qəpik) borcu yaranmışdır. -17.02.2021-ci il tarixli, **********765 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh borc məbləğini könüllü olaraq ödəmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 16.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında 03 noyabr 2015-ci il tarixli, 5558 saylı daxili kredit xətti müqaviləsinə əsasən cavabdehə 30.11.2016-cı il tarixdə kredit verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC tərəfindən 18 ay olmaqla 23 faiz hesablanmaqla 8000 (səkkiz min) manat Cavabdeh kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əlavədə (kredit müqaviləsi üzrə ödəniş cədvəli) göstərilmiş illik 18 ay olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti 30.05.2018-ci il tarixə kimi müəyyən edilmişdir. Ödəniş cədvəlindən görünür ki, cavabeh tərəfindən sonuncu ödəniş 23.06.2017-ci il tarixdə olmuşdur. Cavabdeh İddiaçı ASC 30 noyabr 2016-ci il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən təxmini 2 ay müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı 30.05.2018-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 12.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar