Məhkəmə qərarları › İş №2(008)-5820/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5820/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5820/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2400 manat pulun, 60 günün cəriməsi, 200 manat və ödənilmiş dövlət rüsumu olan 40 manat, cəmi 2640 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, sahibkar olaraq mebel satışı ilə məşğuldur, vergi ödəyicisidir, VÖEN-i var, obyektdə fəaliyyət göstərir. Cavbadehin hazırkı iddia tələbindən xəbəri olduğunu, onunla əlaqə saxlayaraq ödəniş edəcəyini və ilin sonu xarici ölkəyə gedəcəyini bildimişdir. Ona ilk öncə Tural adlı şəxs müraciət etmiş, ancaq o, Bakı şəhərində qeydiyyatda olmadığı üçün, nisyə alqı-satqı müqaviləsi bağlaya bilməyəcəyini söyləmiş, bunun müqabilində Tural Cavabdeh mobil nömrəsini verərək, dostu olduğunu və onunla müqavilə bağlanmasını istəmişdi. Cavbdehlə telefon danışıqları etmiş və ona kredit şərtlərini başa salmış və ödəniş edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini söyləsə də, o problem olmadığını və müqavilənin onun adına rəsmiləşdirilməsinə razılığını bildirmişdir. Aralarında müqavilə bağlanılan zaman video görüntüsü də qeydə alınmışdır. Mebellər mağazanın işçiləri tərəfindən Xırdalan ərazisində yerləşən çay evinə aparılıb təhvil verilmişdir. Onda olan məlumata əsasən cavabdeh həmin 10 ədəd divan və 10 ədəd stolu çay evində istifadə olunmaq üçün almışdır. Məhkəmə iclasının vaxtı və yeri cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) aktiv vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş şəxslərdir. İddiaçı fəaliyyət istiqaməti mebellərin və ev üçün oxşar məmulatların təmiri üzrə fəaliyyət, Cavabdeh isə fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsidir. İddia ərizəsindən göründüyü kimi 25 may 2024-cü il tarixli nisyə alqı satqı müqaviləsinə əsasən satıcı olan İddiaçı tərəfindən alıcı olan Cavabdeh dəyəri 3600 manat olan 10 ədəd divan, 10 ədəd stolu 1200 manat ilkin ödəniş ödəyərək 4 ay müddətində 2400 manat ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd edilmiş müqavilənin şərtlərini pozaraq ödəniş etməmişdir, ümumi məbləği bu günədək ödəməmişdir. Hazırda cavabdehin ödəmədiyi 2400 manat, həmçinin ödənişi gecikdirdiyi hər gün üçün cəmi 200 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında da müəyyən olundu ki, cavabdeh iddiaçıdan dəyəri 3600 manat olan 10 ədəd divan və 10 stolu şəxsi istehlak məqsədi ilə deyil, çay evi kimi fəaliyyət göstərilən obyekt üçün almışdır. İddiaçı və Cavabdeh hazırda aktiv vergi ödəyiciləri olduğundan, mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına əsasən, habelə mübahisə predmetini təşkil edən nisyə alqı-satqı müqaviləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanıldığından, iddiaçı ilə cavabdehin ayrıayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman yarana bilən mübahisələrə aid olduğundan hazırkı mübahisəyə dair işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxıla bilməz. Odur ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 11-12 və 20-ci bəndlərində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər”. Həmin qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31-32, 263-264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar