Məhkəmə qərarları › İş №2(008)-5851/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5851/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5851/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13.12.2019cu il tarixli kredit müqaviləsi üzrə 29.270,60 manat əsas borc, 5.379,63 manat faiz borcu və 379,65 manat cərimə borcu olmaqla, cəmi 35.029,88 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 13.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edillməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 29.000 manat məbləğində kredit verilmişdir. 07.08.2020-ci il tarixli əlavə sazişə əsasən, kreditin müddəti 06.06.2023-cü il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh4, X3 və Cavabdeh2 ilə 13.12.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, 13.12.2019-cu il tarixdə İddiaçı ASC-dən 36 ay müddətinə 29.000 manat məbləğində kredit götürmüşdür. Maddi imkansızlıq səbəbindən aylıq ödənişləri yerinə yetirə bilməmişdir. Bankın hazırda ondan tələb etdiyi borc məbləğini artıq hesab edir. Ona görə də, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, həyat yoldaşı Cavabdeh1 13.12.2019-cu il tarixdə İddiaçı ASC-dən 36 ay müddətinə 29.000 manat məbləğində kredit götürmüş, həmin borc öhdəliyinin təminatı olaraq, bankla onun arasında zaminlik müqaviləsi imzalanmışdır. Lakin maddi imkansızlıq səbəbindən aylıq ödənişləri yerinə yetirə bilməmişlər. Bankın hazırda onlardan tələb etdiyi borc məbləği ilə razı deyil. Ona görə də, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2730 saylı kredit müqaviləsinə əsasən, kreditor İddiaçı ASC borcalan Cavabdeh1 biznes fəaliyyəti məqsədilə, illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 29.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2730-19 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh2 və X3 ilə ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2730 saylı kredit müqaviləsinə 07.08.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla, 29.270,60 manat məbləğində, illik faiz dərəcəsi 25 faiz müəyyən edilməklə, kreditin müddəti 06.06.2023-cü il tarixədək uzadılmışdır. Yeni şərtlərlə zaminlər Cavabdeh4, Cavabdeh2 və X3 ilə ayrı-ayrılıqda zaminlik müqavilələrinə 1 saylı əlavə sazişlər bağlanmışdır. İş materiallarında olan 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2730 saylı kredit müqaviləsinə 07.08.2020-ci il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə 06.09.2020-ci il tarixdən 06.06.2023-cü il tarixədək banka cəmi 40.836,56 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 13.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcu - 29.270,60 manat əsas borc, 5.379,63 manat faiz borcu və 379,65 manat cərimə borcu olmaqla, cəmi 35.029,88 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, borclu Cavabdeh1, zaminlər Cavabdeh4, X3, Cavabdeh2 müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, digər cavabdehlər Cavabdeh4, X3, Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdirlər. Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2261-19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29.270,60 manat əsas borc, 5.379,63 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 34.670,23 manat borc tutulmalı, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2730 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehlərə aid edilərək, onlardan tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3 və Cavabdeh2 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0-2730 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 29.270,60 (iyirmi doqquz min iki yüz yetmiş manat altmış qəpik) manat əsas borc, 5.379,63 manat (beş min üç yüz yetmiş doqquz manat altmış üç qəpik) faiz borcu və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 34.670,23 (otuz dörd min altı yüz yetmiş manat iyirmi üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli, 11-MZ3-1-0- 2730 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar